“PAŞİNYANIN əleyhdarları REVANŞA HAZIRLAŞIR”

Ermənistandakı “seçki oyunu”na Azərbaycandan maraqlı reaksiyalar

Ermənistanın yeni parlamentində 132 deputat olacaq. Bundan əvvəlki çağırışda isə deputatların sayı 105 olub.  Modern.az erməni mediasına istinadən xəbər verir ki, deputatların sayının 105-dən 132-yə qalxması Paşinyanın başçılıq etdiyi “Mənim addımım” blokunun 70%-dən çox səs alması ilə bağlıdır. Belə ki, Seçki Məcəlləsi müxalifətin ən azı kürsülərin 31-dən çoxunu tutmasını tələb qoyur. Hesablamalar göstərir ki, hakim “Mənim addımım” bloku parlamentdə 88 mandata malik olacaq. “Çiçəklənən Ermənistan” Partiyası əlavə yerlərlə birlikdə 26, “İşıqlı Ermənistan” isə 18 deputat kürsüsünə malik olacaq. 

Ancaq ermənilər daxil, əksəriyyət hesab edir ki, seçkilər total saxtakarlıq şəraitində keçib. Ermənistanda parlamentə keçirilən növbədənkənar seçkilərdə qeydiyyatda olan seçicilərin, sadəcə, 48, 63%-i seçkidə iştirak edib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Muçuqyan məlumat verib.

“Ermənistanda birmənalı olaraq qərbyönümlü qüvvələr hakimiyyətə gəldi”. Bunu axar.az-a Ermənistanda 9 dekabr növbədənkənar parlament seçkilərinin nəticələrini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, küçə inqilabı nəticəsində hakimiyyətə gəlmiş Paşinyan statusunu legitimləşdirə bildi: “Digər gözlənilməz fakt ondan ibarətdir ki, Paşinyanın “Mənim addımım” bloku ilə yanaşı, parlamentə cəmi 2 partiya keçdi. Hər iki partiya (Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan) qərbyönümlüdür. Bu, artıq perspektivdə Rusiya ilə müəyyən qarşıdurmalardan xəbər verir. İrəvanla Moskva arasında gərginlik artacaq”.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Paşinyanı qarşıda çətin günlərin gözlədiyini deyib: “Paşinyan 7 ay bundan öncə də hakimiyyətə gələrkən erməni əhalisinə çoxlu vədlər verib. Bu vədlərin içərisində iqtisadi islahatlar, xarici investisiyaların cəlb edilməsi, yeni iş yerləri, əhalinin maddi rifah halının yaxşılaşdırılması yer alır. Verilmiş sözlərin yerinə yetirilməsinin zamanı çatıb. Paşinyanın bunun öhdəsindən gələcəyi isə sual altındadır. Nikolun yalnız bir çıxış yolu var, o da Dağlıq Qarabağ probleminin həllidir. Ermənistan bölgədəki inteqrasiya proseslərinə qoşulmaq üçün mütləq işğalçılıqdan imtina etməli və bölgədə normal qonşuluq münasibətlərinin yaranmasına töhfə verməlidir. Hər halda, Ermənistan Gürcüstandan ibrət götürə bilər. Azərbaycan ən böyük iqtisadi layihələrini Tiflis vasitəsilə həyata keçirir və bu gün Gürcüstan büdcəsinin 42 faizini həmin layihələrdən gələn gəlirlər təşkil edir. Əgər Ermənistan danışıqlar prosesini beynəlxalq hüquq normalarına və BMT qətnamələrinə uyğun surətdə apararsa, onda Paşinyan xalqına verdiyi vədləri yerinə yetirmək iqtidarına malik olacaq. Əks təqdirdə, Ermənistan çox pis vəziyyətdə qalacaq. Hətta belə bir vəziyyətdə Paşinyan idarəetməni də itirə bilər”.

“Ermənistanda ”seçki oyunu" oynanıldı". “Trend”in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib. B.Muradova qeyd edib ki, bu seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu: “Ermənistanda keçirilən seçkilərdə ”Seçsəniz də, seçməsəniz də, baş nazir özüm olacağam" prinsipi ilə hərəkət edildi və nəticə ortadadır. Ermənistanda əvvəlcədən bəlli bir nəticə, sadəcə, təsdiq olunmalı idi. Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və bu seçkinin nəticələrini təsdiq etməklə legitimlik qazanan siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyib-istəmədiklərinə özləri qərar verməlidirlər. Bu onların şəxsi həyatlarıdır, daxili işləridir, amma hər halda, regionda baş verən hadisə kimi bizi də narahat edir və maraqlandırır".

Bahar Muradova ile ilgili görsel sonucu

Vitse-spiker əlavə edib ki, Ermənistanda keçirilən seçkilərlə bağlı dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdır: “Onlar səsvermə günü belə, ən müxtəlif təzyiq və təhdid dolu çağırışların müşayiəti ilə keçirilən seçkilərə öz obyektiv münasibətlərini bildirməlidirlər”. B.Muradova bildirib ki, bir çox ekspertlərin söylədiyi kimi, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: “Elə seçki öncəsi də Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının hərbi xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Paşinyanın açıqlamaları - bütün bunlar seçkiyə hesablanmışdı”.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ilkin məlumatlara görə, 70 faiz səslə Nikol Paşinyan “Mənim addımım” bloku çərçivəsində qələbə qazanıb: “Məlumdur ki, səsvermə prosesində kütləvi qanun pozuntuları baş verib və buna baxmayaraq artıq iki partiya da baryeri keçərək ”Çiçəklənən Ermənistan" və “Parlaq Ermənistan” parlamentdə təmsil olunacaq. Lakin narazılıqlar həddən artıq çoxdur. Əsasən də Sərkisyanin rəhbəri olduğu Respublika Partiyası 5 faizli baryeri keçə bilmədi. Seçkidə çox az insan iştirak edib, gələnlər isə əsasən yaşlı adamlar idi. Bu da onu göstərirdi ki, Ermənistanda insanlar Paşinyan hakimiyyətinə o qədər də inanmır və seçkilərin qeyri-şəffaf keçirildiyini bildikləri üçün səsvermədə iştirak etmirlər. Digər səbəb də Paşinyanın dövlət idarəçiliyində səriştəsizliyi, mitinq siyasəti ilə dövləti idarə etmək istəyidir. Bundan başqa, əsas məqam kimi Qarabağ klanının neytrallaşdırılması və Bako Saakyanın radikal millətçi qruplarla əvəz etmək istəyidir. Paşinyan özünü baş nazir etmək üçün bütün rıçaqlardan istifadə etdi. Qərb və Rusiya arasında oyunbazlıq, KTMT-yə qarşı çıxaraq onun nüfuzuna xələl gətirmək, Xaçaturovun geri çağırılması, Köçəryanın həbsi, Dağlıq Qarabağa səfərlər, Rusiya əleyhinə bəyanatlar, Rusiya şirkətlərinin yoxlanması və böyük yeyinti faktlarının ortaya qoyulması kimi variantlar Paşinyanın əsas kredosu idi". A.Nağıyev bildirdi ki, Kreml hələlik təmkin göstərir: “Bilir ki, əsas məsələ Paşinyanın bu qışı keçirmək üçün atacağı addımlarla bağlıdır. Bu çox çətin bir məqamdır. Bəzi qubernatorları seçki ərəfəsində dəyişmək də bir siyasi gediş idi. Nəyin bahasına olursa-olsun yazda seçki keçirməmək Paşinyanın əsas arzusu idi. Paşinyan seçkini ”demokratik" adlandırsa da, Respublika Partiyası onlara edilən təzyiqləri ön plana çəkir. Məhz Köçəryanın həbsini də bununla əlaqələndirirlər, baxmayaraq ki, Köçəryan bununla gələcəkdə milli qəhrəman obrazı yaratmağa çalışır. Yəni Xaçaturov haqqında cinayət işi və Arutunyanın axtarışa verilməsi də bu seriyadandır. Yeni seçilən parlamentdə 101 deputat olmalıdır, müxalifət demək olar ki, parlamentdə yox səviyyəsində olacaq. Ermənistan vətəndaşları da nə Paşinyana, nə də onun partiyasına və gələcəyinə inanmır. Onun blokuna da səs verənlər əsasən mitinq siyasətinə aldananlardır. Sərkisyan özünə uyğun olan bir konstitusiya yaratmışdı, bu gün bunu Paşinyan davam etdirir. Yəni Paşinyanın doğrudan da çətin günləri başlayır, bu bütün istiqamətlərdə olacaq, həm də ən çətin problem olan Dağlıq Qarabağ məsələsinin həllində. Bu düyünü açmağa cəhd göstəriləndə o hiss edəcək ki, bütün regional aktyorların da marağı nəzərə alınmaqla proses getməlidir, tək tarixi yalanları ortaya atıb onun əsirinə çevrilməklə heç nəyə nail olmaq olmaz".

“İşıqlı Ermənistan” artıq müxalifətə keçdiyini bəyan edib. Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə iddia edib ki, “bu, məğlubiyyət deyil, uğur və qələbədir”. Görünən budur ki, Paşinyanın əleyhdarları revanşa hazırlaşır...






Fikirlər