AXCP və Müsavat İsgəndər Həmidovun dəvətini yerə saldı - Eks-nazir DANIŞDI
"Müxalifətin zirvəsi" kifayət qədər güclü və mütəşəkkil keçdi". "AzerTaym.az" bildirir ki,bu barədə modern.az-a dekabrın 25-də KXCP-nin qərargahında baş tutan "Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri" mövzusunda toplantıdan danışarkən keçmiş daxili işlər naziri İsgəndər Həmidov bildirib. O qeyd edib ki, zirvə toplantısının keçirildiyi zal müxalifət nümayəndələri ilə dolu olub: AXCP və Müsavat kimi aparıcı müxalif partiyalarının toplantıya qatılmamasına gəlincə, İ. Həmidov bildirib ki, həmin partiyalara da gələcək müttəfiq kimi baxırlar: "Heç kimi məcbur edə bilmərik ki, toplantıya qatılsın, ya qatılmasın. Toplantıda 26 partiya iştirak etdi. Bu çox yaxşı göstərici idi. Bəzi partiyalara biz xəbər etməmişdik. Hətta bizə zəng edib, haqlı şəkildə irad bildirdilər. Yanvar ayının 5-də ADP-nin qərargahında "müxalifət zirvəsi"nin davamı olaraq əvvəlki toplantıda təqdim edilən sənədlərin müzakirəsi keçiriləcək". İsgəndər Həmidov onu da əlavə edib ki, partiya nümayəndələri gələn il bu cür toplantıların mütəmadi keçirilməsini planlaşdırıblar: "Ən azı ayda bir dəfə, hətta bəzən situasiyadan asılı olaraq, hər həftə yığıncaq keçirəcəyik. Zirvəyə qatılan partiya nümayəndələri də bu təklifi müsbət qarşıladı. Gələn il keçirilən toplantılara bu dəfə iştirak etməyən partiyaların nümayəndələrini yenə də dəvət edəcəyik. Elə saytınız vasitəsilə də çatdırmaq istəyirəm, kimin ürəyi istəyir, toplantılara qatıla bilər"