Rəsul Quliyevə sərt sözlər: “İstedadsız müğənniləri xatırladırsınız“

Rəsul Quliyevə sərt sözlər: “İstedadsız müğənniləri xatırladırsınız“Azərbaycanın eks-spikeri Rəsul Quliyev mətbuata müsahibəsində Müsavat Partiyasının fəaliyyəti nəticəsində Azərbaycanda 30 minə yaxın şəxsin öldürüldüyünü bildirib. Bundan başqa o, Azərbaycanın Rusiya tərəfindən işğalının günahkarı kimi Müsavat Partiyasını ittiham edib.

Əski Müsavatçılar Cəmiyyətinin üzvü, Bakı Kəndlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva AzNews.az-a açıqlamasında Rəsul Quliyevi dağıdıcı, qeyri-stabil, isterik bir adam adlandırıb:

“Rəsul Quliyev Azərbaycan siyasətində qeyri-ciddi bir şəxs kimi qəbul edilir. Bu insan əvvəl Ayaz Mütəllibova yaltaqlanıb, sonra onu kürəyindən vurdu. Onun ardınca Elçibəyə yaltaqlanıb, sonra onu vurdu. Sərdar Cəlaloğlu və Sülhəddin Əkbərlə sona qədər fəaliyyət göstərə bilmədi. Bu dağıdıcı, qeyri-stabil, isterik bir adam indi uzaqdan hamıya savad dərsi keçir. Qoy özü təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasında sahib olduğu diplomu olduğu kimi çap etdirsin”.

M.Babayeva R.Quliyevin son açıqlamasında onun bugünkü Musavat Partiyası haqda fikirlərinə qarışmadığını vurğulayıb: “Qoy deputatlıq üçün bir-birinin boğazını gəmirənlər, partiya üzvü və deputat olmaqdan özünə və balalarına yaxşı yaşayış əldə edənlər cavab versinlər. Lakin Əski Müsavat cəmiyyətinin üzvü olduğum üçün bizim babalarımızın ünvanına dediklərinə cavab verməyə borcluyam. Bu şəxs açıqlamasında tarixi Müsavat Partiyasının ünvanına savadsızcasına şərlər yağdırıb. Bildirib ki, guya bu partiyanın fəaliyyəti nəticəsində Azərbaycanda 30 minə yaxın şəxs öldürülüb. Birincisi, tutaq ki, bizim babalarımızın səhv fəaliyyəti nəticəsində Azərbaycanda Sovet rejmi qurulub. Bəs sizin həmin dövrdə Yayıcı kəndində yaşayan babanız və digər qohumlarınız hansı fəaliyyət göstərirdi? Bir çoxlarının fizioloji və mənəvi babaları sayılan o böyük kişilər - şəxiyyətlər Azərbaycan naminə canlarını, mal-mülklərini, balalarını, ailələrini qurban verib. Sizin kiminiz qurban gedib? Amerikada ailəniz Azərbaycanın nefti hesabına sağ-salamat yaşayır”.

Xanım Babayeva Rəsul Quliyevin nəzərinə çatdırıb ki, 30 min öldürülən və sürgün olunan şəxslərin böyük əksəriyyət Müsavat Partiyasını yaradan şəxslərin özləri, ailə üzvləri, qohum-əqrabaları olub: “Bəs sizin nəslinizdəki insanlar həmin vaxt Azərbaycan və İstiqlalımız üçün nə edirdi? Rəsul Quliyev, Müsavat Partiyasının başqanı, üç qurucusundan biri Məhəmmədəmin Rəsulzadənin oğlu Rəsul 18 yaşında güllələndi. Qızı Xalidə itkin düşdü. Qızı Lətifə balası ilə soyuqdan donub öldü, bir qızını isə hələ indiyədək tapa bilmirik. Oğlu Azər Qazaxıstanda vəfat etdi. Əvəzində sizə cavab verməyə mən varam. O böyük kişilərin, şəxsiyyətlərin hər birinin əvəzində minlərlə mənim kimi şəxs sizə cavab verməyə qadirdir. Siz Azərbaycan neftinin pulu ilə Amerikada yaşayırsınız, onlar isə xarici ölkələrdə belə Azərbaycan üçün fəaliyyət göstəriblər, şam kimi yanıblar. Siz belə mənəvi ölçüləri anlamazsınız, sizin beyniniz onu qavramaq qabiliyyətinə malik deyil. O kişilərin qurduğu Şərqdə ilk demokratik dövlətdə bu gün iqtidarlı-müxalifətli hamının fəxr etdiyi - qadınlara verilən seçki hüququ, yaradılan universitetlərdə yerli kadrların təhsili və s. Azərbaycanın şərəf tarixinə yazılan faktlardır. Bu gün gerb, himn, bayraq - məhz həmin Müsavat Partiyasının qurduğu Azərbaycan Xalq Cumhuriyyətindən bizə əmanətdir. Sizsə tarixdə Əliheydər Qarayev kimi qalacaqsınız. O da qala bilsəniz...”

M.Babayeva sonda R.Quliyeva mesaj ünvanlayıb: “20 ildir ki, Azərbaycana qorxunuzdan gələ bilmirsiniz. Siz Azərbaycan tarixində spiker olduğunuz dövrdə ədəbi dildə düzgün tələffüzünü belə bacarmadığınız “bədbaxt” sözü ilə gülüş obyekti kimi qalacaqsınız. Siz mənə “kimlərisə söyməklə şou-biznes gündəmində daim qalmaq istəyən istedadsız müğənniləri” xatırladırsınız”.






Fikirlər