Gülüstan MÜQAVİLƏSİ: 206 illik QƏSD, ayrılığın 11 anı... – Tarixin sandığından

 Gülüstan müqaviləsi: 206 illik qəsd, ayrılığın 11 anı... – Tarixin sandığından   

12 oktyabr - Böyük Azərbaycan torpaqlarının ilk dəfə iki yerə bölünməsinin rəsmiləşdirildiyi gündür. O gündən 206 il keçir...

Müqaviləyə qədərki dövr

Nadir şahın ölümü (1747), imperiyanın dağılması, Azərbaycan ərazisində dağınıq halda xanlıqların yaranması, yenidən Rusiya imperiyasını Qafqaza cəlb edirdi. XVIII əsrin sonundan İran adlı coğrafiyada yeni bir xanədan - Qacarlar hökmranlığa başladılar. Hər iki dövlət tez bir zamanda Cənubi Qafqazı əldə etmək istəyirdilər. İmperiyanın rəsmiləri xanlıqlarla diplomatik danışıqlara girir, gizli silah yardımı edir, birini digərinə qarşı çevirərək, zəif salmağı planlaşdırırdılar. Bu məqsədlə, Azərbaycan xanlıqlarına mərkəzdən tacir qiyafəsində casuslar, yaxud da səyahətçilər göndərilirdi.

Bu dövrdə beynəlxalq vəziyyət də qarışıq idi. Rusiya ilə münasibətləri gərgin olan İngiltərə Fransa ilə Rusiyanın yaxınlaşmasından ehtiyat edir və gələcəkdə bu dövlətlərin birlikdə Hindistanı və oradan gələn quru ticarət yollarını ələ keçirəcəklərindən çəkinirdi. İngilis hökuməti oranı qorumaq üçün yeni yaranan Qacar xanədanı ilə əlaqə qurub, onlara hər cür dəstək verməyi qərara aldı. 1801-ci ildə ingilis diplomat Malkolmun sayəsində Qacarlarla bağlanan ticarət müqaviləsi ilə İngiltərə bu yerlərə öz şirkətlərini cəlb etdi. Eyni zamanda, hər hansı dövlət İrana hücum edərdisə, onlar hərbi ləvazimat və qoşunla yardıma gələcəkdi. İngiltərə təhlükəsizlik tədbirləri görərkən, Rusiya çarı I Pavel də bu müqavilənin Rusiyaya qarşı hazırlandığını düşünərək, hərbi qərarlar aldı. Az sonra I Pavelin ölümü ilə rus qoşunları Qafqazdan geri çəkildilər. Lakin hakimiyyətə gələn I Aleksandr İngiltərə ilə yumşaq siyasətə keçərək, Fransa ilə münasibətləri gərginləşdirdi. Bu, Qafqazın işğalını arxa plana keçirmirdi.

1801-ci ildə çar Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında manifest imzaladı və Tiflis quberniyası yaradıldı. Bu quberniyanın tərkibinə Azərbaycan əraziləri olan Qazax, Borçalı və Şəmşəddil də daxil edildi. Bununla da Azərbaycan torpaqlarının işğal olunmasının əsası qoyuldu. İkinci plan Dərbənddən cənuba kimi Xəzəryanı xanlıqları danışıqlar yolu ilə könüllü olaraq imperiyanın tərkibinə qatmaq idi. Bu münasibətlə 1802-ci ildə general Knorrinq Georgiyevsk şəhərində çarın məktubunu və tələblərini elan etdi. Azərbaycandan bu tədbirdə Quba, Lənkəran xanları və bəzi dağlı hakimləri iştirak edirdilər. Şərtlər qəbul edildi və müqavilə bağlandı. Georgiyevsk müqaviləsindən sonra Rusiya Car-Balakən camaatlığını tabe etmək üçün hərəkətə keçdi. Böyük müqavimət göstərən carlılar sonda təslim oldular. Bununla da Azərbaycanın daxilinə yol açıldı. 1804-cü ilin ilk günlərində Gəncə xanlığının işğal edilməsi ilə böyük bir dönəm başlandı. Özünü Arazdan şimaldakı torpaqların da sahibi hesab edən Qacar xanədanı İngiltərənin təhriki ilə Rusiyaya qarşı hərəkətə keçdi. Gürcüstanın da iştirakı ilə ruslara qarşı birgə hərəkət etmək istəyən xanədan oraya öz elçisini göndərdi. Lakin bu, mümkün olmadı. Qacar hökuməti 1804-cü ilin mayında rus qoşunlarından Cənubi Qafqazı tərk etməyi tələb etdi. Həmin ilin 10 iyulunda iki dövlət arasında diplomatik münasibətlər kəsildi. Beləliklə, Azərbaycan ərazisində 9 illik müharibənin əsası qoyuldu. İlk döyüş Üçkilsə yaxınlığında baş verdi. İran ordusuna vəliəhd sərkərdə Abbas Mirzə başçılıq edirdi. 20 minlik orduya qarşı 3600 piyada, 200 atlı ilə ruslar qalib gəldilər.

Müharibə sırasında, 1805-ci il 14 maydan etibarən növbə ilə Qarabağ, Şəki və Şamaxı xanlıqları “Kürəkçay” müqaviləsi ilə Rusiya təbəəliyinə keçdilər. Şamaxı xanının razılığı ilə Kür sahilində rus hərbi məntəqəsinin tikilməsinə icazə verildi. Ruslar ölkə ərazisinə əsgər, silah-sursat paylanılmasını bu mərkəzdən idarə edəcəkdilər. 1806-cı ildə Bakı xanlığının işğalı və qala divarları yaxınlığında gedən döyüşdə general Sisianovun öldürülməsi Çar Rusiyasını daha da acıqlandırdı. Artıq yeni yanaşmaya görə, Cənubi Qafqaz, xüsusən də Azərbaycan xanlıqları danışıqlar yolu ilə deyil, müharibə ilə tabe ediləcəkdi. Xanlıqların formal olaraq saxlanılan daxili siyasəti də ləğv edilərək, birbaşa imperiyanın tərkib hissəsi olacaqdılar. Az sonra Dərbənd və Quba xanlıqlarının da işğal edilməsi Lənkəran xanlığına yol açırdı. Fransa ilə münasibətləri pisləşən, eyni zamanda 1806-1812-ci illər Rus-Osmanlı müharibəsinə başı qarışan Rusiya Azərbaycana zaman ayıra bilmirdi. Bu durumda Abbas Mirzə yeni qoşunla işğal olunmuş ərazilərə hücuma keçdi. O, eyni zamanda hələ işğal edilməmiş Lənkəran xanlığını da ələ keçirmək istəyirdi. Lakin Gəncə və Şəmkir ətrafında rus qoşunlarına yeni süvari dəstələrin qoşulması onun hücum planını pozdu və məğlubiyyətə uğradılar. 1812-ci ildə baş verən qanlı Aslandüz döyüşü və Lənkəran ətrafında kəndlərin yandırılması, rusların cənuba doğru irəliləmə təhlükəsi Abbas Mirzəni geri çəkilməyə və Rusiya tərəfindən təklif edilən müqavilənin şərtlərinə baxmasına səbəb oldu. O, ingilis elçilərin də dəstəyini alaraq, ruslarla danışıqlara razı oldu.

 

Rus-Qacar müharibəsinə İngiltərə dövlətinin münasibəti

Qeyd etdiyimiz kimi, İngiltərənin Qacarlarla münasibət qurması sırf Hindistanın təhlükəsizliyi üçün idi. İngilislər Hindistanı həm Rusiya, həm də Fransadan qorumalı idilər. Əvvəlcə İrana dəstək olan İngiltərə, Napoleonun Suriya üzərindən Misirə hücumundan sonra düşündü ki, o artıq Hindistana hücum etməkdən vaz keçir. Bunun üçün də İranla 1801-ci ildə bağlanılmış ticarət müqaviləsindəki hərbi bəndə əməl etməsə də olar. Lakin Ost-Hind şirkətinin ingilis və hind tacirlərinin İranda sərbəst ticarəti və ümumilikdə İranla ticarət münasibətləri önəmli idi. İran tarixçisi M. Mahmudi yazır ki, İngiltərənin İranla əlaqələri zəiflətməsi İranı Fransa ilə yaxınlaşdırdı. Lakin 1809-cu ildə ingilis nümayəndəsi Harford Cons öz nümayəndə heyəti ilə Qacar sarayına gəldi. Yenidən iki dövlət arasında müqavilə imzalandı. İran Hindistanı təhdid edən istənilən dövlətə qarşı müharibə aparacaq və İngiltərə istisna olmaqla, Avropa dövlətləri ilə bağladığı bütün müqavilələrdən imtina edəcəkdi. İngiltərə isə hər il 200 min tümən maddi yardım edəcək və İranın körfəzdə hakimiyyətini tanıyacaqdı. İran burada hərbi donanma saxlaya bilərdi. 1812-ci ildə bu müqavilə bir daha yeniləndi və İngiltərə hökuməti Qacarları ruslarla müharibədə fəal olmağa çağırdı.

Rus-Qacar müharibəsinə Fransanın münasibəti

Fransa ilə Qacar xanədanı arasında münasibətlər 1804-cü ildən başlasa da, fəal siyasi əlaqələr 1806-1809-cu illərə təsadüf edir. Fransanın məqsədi xanədanı təsir dairəsinə salıb, Cənubi Qafqaz və İranda möhkəmlənmək, Əfqanıstana və Hindistana hücum edərkən İran qoşunlarından istifadə etmək idi. Ə.H.Məhdəvi yazır ki, 1804-cü ildə Fətəli Şah Napoleona məktub göndərdi. Napoleon isə onun məktubuna müsbət yanaşmış, İstanbuldakı Fransa konsoluna İrana kömək etmək və bu haqda Fransanı məlumatlandırmağı tapşırmışdı. Eyni zamanda o, şaha məktubunda yazırdı ki, İran qoşunlarına hər şəraitdə döyüşə bilən ruslara qarşı güclü təlim keçirilməsi şərtdir. 1805-ci ildə Napoleon diplomat Jober və Romyenin rəhbərliyi ilə Tehrana iki nümayəndə heyəti göndərdi. Bu nümayəndə heyətlərindən biri Fətəli şahla danışıq apararkən, digəri İstanbula - Sultan III Səlimin sarayına gedərək, İranın vəziyyətini anlatmalı və Rusiyaya qarşı birgə mübarizəyə çağırmalı idi. Şahla danışıq aparan elçilər qəti surətdə İngiltərə ilə münasibətləri kəsməyi, Fransanın maddi və silah yardımı ilə ruslara qarşı hücuma keçməyi məsləhət görürdülər. Bu danışıqların nəticəsində 1807-ci ildə Polşada İran və Fransa arasında 16 maddəlik müqavilə imzalandı. Bu müqaviləyə görə, iki dövlət arasında “Əbədi sülh və dostluq” münasibətləri olacaq. Fransa Gürcüstanın Qacar xanədanına aid olduğunu tanıyır və 1804-cü ilə kimi, Gürcüstan da daxil olmaqla, Rusiyanın işğal etdiyi İran torpaqlarını geri qaytarmaq üçün hərtərəfli dəstək verəcək. Bu müqaviləni Napoleon özü imzalamışdı və İran xalqı üçün ehtiram, sevgi məktubu da göndərmişdi.

Lakin 1807-ci ildə Rusiya ilə Fransa arasında bağlanan Tilzit müqaviləsinə görə Fransa ilə İranın münasibətləri zəifləməyə başlamışdı. Tarixçilər bu müqaviləni Osmanlı və İrana qarşı xəyanət adlandırırdılar. Lakin əbədi dostluq müqaviləsi, dövlətlərin ərazisində hansı xanədanlıq olur-olsun, davam etməli idi. Bu prinsip hər iki dövlətin qanunu səviyyəsində əbədiyyən qalmalı idi.

Rus-qacar müharibəsində İran-Osmanlı münasibətləri

Ağaməhəmməd Şah Qacar hakimiyyətə gəldiyi gündən Osmanlı ilə mehriban qonşuluq siyasətinin tərəfdarı idi. Lakin Rusiyanın fəal təsiri Osmanlını bu münasibətdən uzaq tuturdu. XIX əsrin əvvəllərində Osmanlı ilə İran arasında mehriban olmayan münasibətlər yaranmışdı, Qafqazda ağalıq üstündə gərginlik hökm sürürdü. Bununla yanaşı, Osmanlı sultanı Rusiyanın Qafqazda güclənməyini də özünə təhlükə görürdü. Fransa Osmanlını İrana yardım üçün dəvət etmişdi. Lakin Fransaya qarşı 1799-cu ildə Osmanlı-Rusiya müqaviləsi sultanı iki tərəf arasında çıxılmaz vəziyyətə salmışdı. 1806-1812-ci illərdə baş verən rus-türk müharibəsindən sonra Osmanlı Rusiyaya qarşı Qafqaz uğrunda fəal müharibəyə başlamaq qərarına gəldi. Tilzit müqaviləsi ilə bu dostluq pozuldu. Eyni zamanda, Rusiya Tilzit müqaviləsində gizli saxlanılan ikinci maddədə Osmanlının parçalanmasında Fransanın dəstək göstərməsini xahiş edən bənd də təqdim etmişdi.

İranla Osmanlı arasında diplomatik münasibətlər 1810-cu ildə yarandı. Tərəflər qərara aldılar ki, Rusiyaya qarşı mübarizədə İngiltərənin dəstəyindən istifadə edilsin. Lakin 1811-ci il Axalkələk döyüşündə hər iki tərəfin birləşmiş qoşununun ruslara məğlub olması ilə bu münasibətlər zəiflədi. 1812-ci il Osmanlı ilə Rusiya arasında bağlanan Buxarest sülhünə görə, Osmanlı Cənubi Qafqazın Rusiya tərəfindən işğalını tanıdı. Bununla da İranla olan diplomatik münasibətlər kəsildi. 

Gülüstan müqaviləsi

1812-ci il Aslandüz məğlubiyyətindən sonra İran tərəfi rusların sülh təklifini qəbul etdi. Eyni zamanda, 1812-ci ildə Napoleonun ruslara məğlub olması İranı təşvişə salmışdı. Abbas Mirzə sülh təklif edən Rtişşevə saraydan gizli çapar göndərərək, danışıqlara hazır olduğunu bildirdi. Hətta Şuşa qalasında qaçırdıqları altı rus zabitini də azad etdi. Abbas Mirzə düşünürdü ki, ruslarla yumşaq danışıq aparmaqla, işğal edilmiş xanlıqların bəzilərini qaytara biləcək. Onlar hesab edirdilər ki, güclənmiş Rusiya Tehrana kimi yol ala bilər. İngiltərə də rusların Hindistana yolunun açılacağından ehtiyat etdiyi üçün bu sülhün vacibliyini şaha bildirdi. Danışıqlar aparmaq və müqaviləni imzalamaq üçün Rtişşev tərəfindən hər iki tərəfə uyğun məkan kimi Qarabağın Gülüstan kəndi (indiki Goranboy rayonunda yerləşir) təklif edildi və danışıqlar orada başlandı. İran tərəfini 354 nəfərlik heyətlə başçılıq edən diplomat, xarici işlər vəziri Mirzə Əbülhəsən Xan təmsil edirdi. Fətəli şahın istəyi ilə vasitəçilər arasında ingilis Qor Ouizli də iştirak edirdi. Rusiyanı isə Rtişşev və Peterburqdan gələn diplomatlar təmsil edirdilər. İkitərəfli rəsmi danışıqlara tərcüməçiliyi Abbasqulu Ağa Bakıxanov edirdi.

27 sentyabr 1813-cü ildə Rus kazak dəstələrinin müşayiəti ilə Gülüstan kəndinə gələn İran nümayəndə heyətinin rəhbəri Əbülhəsən xan qonaq qismində Rtişşevin çadırını gəzdikdən sonra xüsusi çadırda danışıqlara başladı. Vəzir danışıqlar haqqında məktubları Fətəli şaha çapar vasitəsi ilə çatdırırdı. Nəhayət, 1813-cü il 12 oktyabrda iki dövlət arasında sonralar tarixə “Gülüstan müqaviləsi” adı ilə daxil olacaq sülh müqaviləsi bağlandı. Rtişşevin şəxsi yazışmalarında bu müqavilə “İran dövləti və ümumrusiya imperiyası arasında əbədi sülh haqqında traktat” adlandırılırdı.

Gülüstan müqaviləsi 11 maddədən ibarət idi.

Birinci maddə: Hər iki tərəf haqqında tərifli sözlər ifadə edilir və iki dövlət arasında mövcud olan ədavət, düşmənçilik bu gündən etibarən sona çatdığı bildirilir.

İkinci maddə: Müqavilənin ən çətin qəbul edilən və müzakirəsi uzun müddət davam edən maddə idi. Onun qəbulu ilə bir növ müqavilənin taleyini həll edilmiş oldu. Maddədə Arazdan şimaldakı bütün xanlıqların Rusiya imperiyasının bir parçası olduğunu Qacar dövləti qəbul etməli və bu yerlərə iddiasından birdəfəlik əl çəkməli idi. Əsas mübahisəli məqam Lənkəran xanlığından keçən sərhəd xəttinin Ənzəli və Ərdəbilə kimi uzadılaraq, şimal hissənin Rusiyaya verilməsi idi. Lənkəran cənubla sərhəddə Rusiyaya həm liman, həm də quru qoşunları saxlamaq üçün vacib idi.

Üçüncü maddə: ikinci maddə ilə əlaqədar idi və sərhəd xəttindən şimaldakı xanlıqların və bəyliklərin adları sadalanmaqla, İran tərəfinə qəbul etdirilməsi əsas götürülürdü.

Dördüncü maddə: Burada Rusiya İmperiyası Fətəli Şah Qacarı xanədanın taxt-tac sahibi kimi tanıyır. Lakin Əbülhəsən xan bu maddənin olmasına etiraz etdi. O, bildirdi ki birinci maddədə ihtişamlı təriflərdə Fətəli şah taxtın sahibi, Abbas Mirzə isə varis vəliəhd kimi qeyd edilib. Ya onun adı dördüncü maddəyə qeyd edilməli, ya da maddədən imtina edilməlidir. Lakin Rusiya tərəfi müəyyən bəhanələrlə vəziyyətdən çıxdı. Abbas Mirzəni vəliəhd kimi yalnız 1819-cu ildə tanıdılar.

Beşinci maddə: Burada Xəzər dənizində ticarət və hərbi donanma haqqında məsələlər öz əksini tapır. Rusiya tərəfi bildirdi ki, Xəzər dənizində, əvvəlki kimi, yenə də Rusiya hərbi donanma saxlaya bilər. İran nümayəndəsi buna qəti etiraz etdi. Lakin Rtişşev bildirdi ki, əgər bu maddə qəbul edilməzsə, ümumiyyətlə, sülh müqaviləsi imzalanmaya bilər. Əbülhəsən Xan etiraz etdi, baxmayaraq ki, “əvvəlki kimi” sözünə fikir verməmişdi. Halbuki, Nadir şah ingilis mühəndislərin köməyi ilə Xəzərdə donanma yaradırdı. Lakin onun ölümü ilə bu işlər yarımçıq qalmışdı.

Altıncı maddə: Döyüş zamanı hər iki tərəfdən xeyli əsir düşmüşdü. Onların dəyişdirilməsi şərtləri burada öz əksini tapmışdı.

Yeddinci maddə: İki dövlət arasında diplomatik münasibətləri nizama salmaq üçün səfirlik və konsulluq açılması haqqında müraciət olaraq tarixə keçdi. Lakin İran nümayəndələri düşündülər ki, ruslar səfirlik adına cənuba qoşun yeridəcəklər. Buna baxmayaraq, Rtişşev vəziyyəti yumşaltmaq üçün maddəyə diplomatik nümayəndələrin sayının 10 nəfərdən çox olmayacağına təminat verən bənd artırdı.

Səkkizinci maddə: Dövlətlərarası ticarət münasibətlərini qaydaya salmaq üçün hazırlanmışdı. İran ərazisində maneəsiz ticarət edən rus tacirlər İrandan tranzit kimi də istifadə edərək, digər ölkələrə də gedə bilərdilər.

Doqquzuncu maddə: Burada ticarətdə münaqişələr yaranmasın deyə gömrük rüsumunun tətbiqi ilə bağlı bəndlər yer almışdı. Rusiya tərəfi öz tacirləri üçün 5%-lik gömrük tətbiq edilməsini istəyərkən, danışıqlar bir xeyli uzandı. İran xəzinəsinin durumunu anladan nümayəndə 10-12%-lik gömrük rüsumunun tətbiqini istəyirdi. Lakin sonda Rtişşevin təklifi qəbul edildi.

Onuncu maddə: Daxili ticarətin nizamlanmasına yönəlik bəzi öhdəliklər qeyd olunmuşdu.

On birinci maddə: Bu müqavilə imzalandıqdan sonra tərəflər arasında bütün hərbi əməliyyatlar dayandırılacaqdı.

Müqavilə bu sözlərlə başa çatdı: Müqavilə 1813-cü il oktyabr ayının on ikinci günü , İran hesablaması ilə min iki yüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günündə Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində rus ordugahında bağlanmışdır”.

Separat aktda Gülüstan müqaviləsinə yenidən baxılması haqqında İran şahının xahişlə Rusiya imperatoruna müraciət etmək hüququ qeyd edilmişdi.

Müqavilə hər iki dövlətin nümayəndələri tərəfindən imzalandıqdan sonra Rusiya imperatoru və İran şahı tərəfindən təsdiqlənməli idi.

Baxmayaraq ki, müqavilədə Azərbaycan adı keçmir, yer adları xanlıqlar kimi qeyd edilir, lakin ədalətsiz müharibə Azərbaycan adlı coğrafiyanın iki yerə bölünməsi ilə başa çatdı. Naxçıvan və İrəvan xanlıqları öz müstəqilliklərini hələ də saxlayırdılar. Bu müqavilə sonralar Türkmənçay müqaviləsi ilə, daha sonra isə Rusiyada bolşevik inqilabı qalib gələrkən Çar Rusiyasının qonşu dövlətlərlə bağladığı bütün müqavilələr kimi qüvvədən düşmüşdü. Lakin 1922-ci ildə Sovetlər birliyi və Qacar xanədanı arasında yenidən təsdiqləndi.

***

206 il keçməsinə baxmayaraq, hələ də Azərbaycanın bütövlüyü məsələsi həm cənubda, həm də şimalda müzakirə mövzusudur. Dil, adət-ənənələr, mədəniyyət İran tərkibində olan azərbaycanlılar tərəfindən də qorunmaqdadır. Zamanla bütövləşmə uğrunda mübarizələr başlansa da, qarşısı alınmışdır. Siyasət susanda isə ədəbiyyat susmurdu. Bəxtiyar Vahabzadənin dili ilə desək:

“Ağalar bilmədi birdir bu torpaq,

Təbriz də, Bakı da Azərbaycandır.

Bir elin dilini, ruhunu ancaq,

Kağızlar üstündə bölmək asandır”

 

Yaxud, ustad Şəhriyar Təbriz elindən bu mesajı verirdi:

“Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı,

Ölkəmizdə kim qırıldı, kim qaldı?!”

 

Şəhla Cabbarlı ( lent.az)

 

 

 

 

 

 






Fikirlər