“Qumar oynasın, öz nazirliyini əxlaqsızlıq yuvasına çevirsin...” - Sərdar Cəlaloğlu
“Yeni Sabah”ın “SportMən” rubrikasının budəfəki müsahibi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur: - Sərdar Cəlaloğlu və idman... İdmanla aranız necədir? - Mən cavanlıqda hansısa idman növü ilə məşğul olmamışam, kitab oxuyardım. Hətta anam da irad tutardı ki, gözlərin kor olacaq, çıx, açıq havada gəz. Yerə kağız düşəndə açıb oxuyurdum ki, görüm nə yazılıb. Amma hazırda boş vaxtlarımda üzgüçülüklə məşğul oluram. Stolüstü oyunlardan da nərd, daminonu xoşlayıram. Oyunların siyasi əhəmiyyəti böyükdür. Kolumbiyanın vaxtı ilə qabiliyyətsiz bir prezidenti olub. Ondan soruşublar ki, sən bu ağılla necə 5 il prezident olmusan? Deyib ki, ancaq ucuz konsertlər və futbol oyunları ilə. Yəni, ucuz əyləncə və idman oyunlarına xalqın həddən artıq cəlb edilməsi idarəetmədə bir vasitədir. - Bəs Azərbaycanda? - Azərbaycanda oyunlar xalqın başını qatmaq üçün, iqtidarın özünü təbliğ etməsi üçün istifadə olunur. Azərbaycanda idmanın həqiqi mahiyyətinə uyğun oyun qurulmayıb. Xaricdən adamlar gətirirlər ki, bizi təmsil etsin. Amma Belarusiya dünya çempionu azərbaycanlıdır, Qazaxıstanda “ştanq” (Ağır atletika – Red.) üzrə dünya çempionu azərbaycanlıdır. Türkiyədə qaçış üzrə dünya çempionu azərbaycanlıdır. Bu adamlardan soruşublar ki, siz niyə Azərbaycanda qalmamısınız? Üçünün də cavabı eyni olub: “Adamım olmadı, məndən pul istədilər, şərait yaratmalıdır”. Sual olunur ki, dünya çempionu olan adamlar qala-qala, səndə niyə çempion olmayan adamlar komandanın üzvüdür? Deməli, onların dediyini bunlar ediblər. Ya pul veriblər, ya da adamları var. İdmanda proteksiya var. Necə ki, dövlətin, iqtisadiyyatın, elmin idarə edilməsində proteksiya var. Adam var ki, filankəsin qohumudur, akademikdir, amma adını yazanda səhv yazır. Azərbaycanda futbol yoxdur, Azərbaycanda klub biznesi inkişaf edib. Çirkli pulların yumaq üçün.
- Özünüzü bənzətdiyiniz idmançı varmı? - Bənzətdiyim yoxdur. Amma Ronaldonun hərəkətləri mənim üçün çox siyasi bir amildir. Fələstindəki qaçqınlara pul ayırması, dünyanın müxtəlif yerlərində təbii fəlakətlər olanda pul ayırması onda futboldan başqa bir siyasi şüur olduğunu göstərir. Ronaldonun fəaliyyəti cismaniyyətindən gözəldir. Onun idman qabiliyyəti onun insanlığından çox-çox aşağıdır. Baxmyaraq ki, futbolda dünyada bir nömrədir. Bir də Məhəmməd Əliyə də böyük hörmətim var. - Bildiyimiz qədəri ilə din haqqında bilgilisiniz. Futbolçu Əfran İsmayılov bu yaxınlarda paylaşım edərək mitinqin dində haram olduğunu, qəbuledilməzliyini vurğulamışdı. - Əvvəla, “Qurani-Kərim”də yazılıb ki, Allah zülmün qarşısında poladdan səf çəkənləri sevər. Mitinqlər nə deməkdir? Zülmün qarşısında səf çəkmək deməkdir də. Bu adam Quranı bilməyə-bilməyə, dinə də, Qurana da əks iddianı necə deyə bilər? Allah deyir zülm qarşısında səf-səf durun. İnsanlar mitinqdə səf-səf dayanır da. Allah deyir ki, yalnız onları sevər – mitinqə çıxanları. Sən də deyirsən ki, dində belə bir şey yoxdur. Allah əksinə, zülmə dözənlərə lənət oxuyur, zülmə dözənləri şeytanın vəkili, şeytanın şagirdi adlandırır. Sən şeytana vəkillik etmə, Quranda bu qadağan edilib. Bilmədiyin şeyə başını soxma, get, futbolunu oyna. Deyir ki, zülmün qarşısında susan insan dilsiz şeytandır. Camaat mitinqə gedib nə deyir? “Azadlıq, azadlıq, azadlıq”, “zülmə son qoyulsun”, “siyasi məhbuslar azad edilsin”... Sən isə deyirsən ki, susun. Deməli, sən insanları dilsiz şeytan olmağa çağırırsan. Deməli, sən baş şeytansan da. Onun şəxsiyyətinə nəsə demirəm, mövqeyini deyirəm. Mövqeyi Qurana ziddir.
- Sizcə, Azərbaycanda qadın idmanı hansı səviyyədədir? - Qadın məsələsini idmanda da, siyasətdə də, elmdə də, incəsənətdə də ayırmaq düzgün deyil. Bizdə vəzifə bölgüsü var. Çöldə padərşahlıqdır, evdə madərşahlıq. Evdə yoldaşım evi idarə edir, mən ona tabe oluram, çöldə arvad mənə tabe olur. Evin içi qadının, evin çölü kişinin hakimiyyəti altındadır. Qaldı ki, idman. Bir zaman Avropada bir hərəkat olub. Qadınlar kişi kimi olub, evlənməyib, kişilərlə ucadan danışıb, siqaret çəkib. Bax, indi bəzi qadınların boksa, güləşə meyl etməsi həmin hərəkatın bir təzahürüdür. Bizim cəmiyyətimiz qadının kişi olmağını qadağa edib. Qadın yüngül sənayedə çalışa bilər, ağır sənayedə qadının nə işi var? Qadın zərif işlər görməlidir. Niyə? Çünki qadınla kişinin fiziki mövcudluğu fərqlidir. Allah “Qurani-Kərim”də deyib ki, mən kişini qadından üstün yaratdım. Niyə? Kişi güclüdür, əzələlidir, get döyüş, müharibə et, ailəni qoru. Qadın incədir, qadına deyilib ki, sən evdə otur, heyvan üstünə hücum etsə, sən özünü qoruya bilməzsən, sən evdə otur. Bizdə qadınlar bunu qəbul etmir. Evdə oturmaq alçaqlıq deməkdir. Qadının küçəyə kişi kimi çıxması qadın psixologiyasına ziddir. İdmanda da elədir. Açığı deyim, boksla məşğul olan qadın görəndə iyrənirəm, acığım gəlir. Amma məsələn, demokratiyanın inkişafı qadınların cəmiyyətdəki inkişafı ilə ölçülür. Bizim cəmiyyətdə cəmi 5 faiz qadın aktiv iştirak edir. Ona görə də bizdə demokratiya yoxdur. Qadının ağlı demokratikdir, kişininki anti-demokratik. - Açıqlamalarınızın birində kişi və qadın bərabərliyindən danışarkən bildirmişdiniz ki, bu iki varlıq bərabərdisə, o zaman qadınlar əsgərliyə getsin. Qadın idmançılarımızın uğurlu çıxışı onların güclü olması demək deyilmi, sizcə? - Qanun qarşısındakı bərabərlik qadınla kişinin faktiki bərabərliyi demək deyil. Təbiətdə qadın və kişi bərabər yaradılmayıb. Bu baxımdan qadınlar gedib hansısa sahədə addım ata bilər, amma onların cəmiyyətin həyatında iştirak etməsi daha vacibdir. Mənim uşaq vaxtı yadımdadır ki, əvvəllər kişilər və qadınlar bir yerdə oturardılar, kişilər qadınlara bic-bic baxmazdılar. İndi fərqlidir. Çünki o zamanlarda qadınlar öz bioloji kimliyini ortaya qoymurdu. Bir qadın hicabsız olarsa, erotik yerlərini açıq saxlayarlarsa, başqa kişilərdə şəhvət hissini oyadarlar. Əgər bu şəhvət hissini kişi təmin edə bilmirsə, o əzab çəkəcək. Onda da gedib təcavüz edəcək. Ya da o hiss ona əzab verəcək. Allah deyir ki, bala, sən o kişiyə niyə əzab verirsən? Qadın gərək evdə çox gözəl geyinsin, çox gözəl bəzənsin. Bizdə qadınlar evdə iy verir, pintidir, amma çölə çıxırlar mələk kimi. Sənin ərin evdəkidir, ərinə xoş gəl, niyə çölə çıxanda belə edirsən? Deməli, başqa kişiləri cəlb eləmək istəyirsən də. Bunun mənasını bəlkə də, qadınlar başa düşmür. Quranda da belədir, əriniz üçün bəzənin, başqaları üçün gizlənin. Baxırsan, evdə palto geyinir, çölə çıxanda açıq paltar geyinir. Qadınlar 55 yaşında, kişilər 65 yaşında təqaüdə çıxır, qadınlara doğum zamanı ölüm cəzası vermək günahdır, baxmyaraq ki, kişi ilə eyni günah ediblər. Qadına güzəştlər verilib. Sənə bu qədər güzəştlər niyə verilib? Çünki sən müsəlman və türksən. Əgər sən müsəlman və türk dəyərlərinə arxa çevirib, özünü erməni və rus kimi aparırsansa, onda onlar kimi əsgərliyə getməlisən də. Müsəlmanlıqdan imtina edirsənsə, müsəlmanlığın sənə verdiyi güzəştlərdən istifadə etməli deyilsən. Məktəbdə müəllim işləyən qadını məcbur edirsən ki, get saxtalaşdır, onda qadını alçaldırsan. - Rəsul Quyevin hansı addımları sizi qane etmədi ki, ona qırmızı vərəqə göstərdiniz? - Mən Rəsul Quliyevə qırmızı vərəqə göstərmədim, Rəsul Quliyev mənə qırmızı kart göstərdi. Mübarizəmizin bir məcrasında Rəsul Qulieyevin bizim mübarizəmizdən yanlış yolla istifadə etməsi haqqında məlumatlara malik olandan sonra və Rəsul Quliyev də biləndə ki, onları bilirəm, mənə qarşı böyük kampaniya apardı. Eyni zamanda Aydın Quliyev əsası olmadan Rəsul Quliyevə yalan məlumatlar verirdi. Guya, mən burda özüm prezident olmaq istəyirəm, guya onu nüfuzdan salmaq istəyirəm. Rəsul Quliyevin Azərbaycana gəlməməsi üçün iş apardı: “gəlmə, burda bomba var, sənə belə edəcəklər, elə edəcəklər...” Biz deyirdik, gəl, o deyirdi ki, yox. Təəssüf ki, bunu çox gec bildim. Onda bildim ki, Rəsul Quliyev bizim apardığımız mübarizənin arxasında çirkli oyun oynayır. Əvvəldən bilsəydim ki, mübarizədən yanlış məqsədlə istifadə edir, həmin gün Rəsul Quliyevlə qutarardım. Rəsul Quliyev mənə qarşı partiyada bir üsyan qaldırdı, məndən xəbərsiz məclis çağırdı. - Ümumiyyətlə, o necə legioner idi? - Xuruşovun bir heykəli var, yarısı qaradır, yarısı ağ. Rəsul Quliyevi də birmənalı dəyərləndirmək olmaz. Özünün müsbət keyfiyyətləri də var, amma mən onu Sovet hökümətinin qurbanı hesab edirəm. Təkcə onu yox, on minlələ dünyagörüşü, savadı olan insanları. Sovet hökumətində yetişənlər Azərbaycanı bu günə qoymadı? Heydər Əliyev, o birisi, bu birisi... Amma iqtisadi cəhətdən Azərbaycanı inkişaf etdirə bilərdi. - Təkcə iqtisadi cəhətdən? - Bəli, inanmıram ki, başqa cəhətdən nəsə olsun. Demokratik cəhətdən indikindən də pis olardı. Rəsul Quliyev demokratiya gətirməyəcəkdi. - Bu günlərdə yaşı 70-i keçən məmurların işdən azad edilməsi gündəmdədir. Siz necə düşünürsünüz, həmin şəxslər neçə yaşında karyerasını bitirməlidir? - Bir şəxs vardı, deyirdi, 50 yaşıma kimi özümlə məşğul oldum, 50 yaşdan sonra cəmiyyətlə. Əgər o adamlar xəstə deyilsə, elə bu yaşda vəzifəyə gəlməlidir. Bu gün Amerika prezidentlərinin orta yaşı 70-dir. Şimali Koreya prezidenti cavan oğlandır, gör, dünyanın başına nə oyun açır. Qəddafi 28 yaşında hakimiyyətə gəldi, nə oyunlardan çıxdı. Bəşər Əsəd 32 yaşında hakimiyyətə gəldi, Suriyanın başına nə oyunlar açdı. İlham Əliyevin özü də cavan yaşlarında hakimiyyətə gəlib. Yaşın peşə fəaliyyəti ilə əlaqəsi yoxdur. İndi də deyirlər, parlamenti cavanlaşdıraq. Qardaşım, parlament seçkili orqandır, sənin nə ixtiyarın var ki, cavanlaşdırırsan? Bəlkə, bu xalq ancaq yaşlıları seçir? Sən qadağan edəcəksən? Evdə ağsaqqala tabe olursan, dövlətə gələndə deyirsən, cavanlaşdıraq? Heyvanların arasında belə onların önündə gedən qoca heyvan olur. Hacıbala Abultalıbov, Ramiz Mehdiyev korrupsiyayla məşğul olmayıbsa, bunun imkanı varsa, qoy, xidmət eləsin də. Bunun beyni aktiv olmalıdır, bu idmançı olmayacaq ki. Hansı cavan nazir öz sahəsində nailiyyət əldə edib? Cavanları yığ, səhərə qədər qumar oynasın, öz nazirliyini əxlaqsızlıq yuvasına çevirsin, əyyaşlıq etsin. - Bəs Milli Məclisdə yaşı artdığı üçün peşə qabiliyyətini itirən oyunçu varmı? - Azərbaycandakı indiki kadrların heç biri dövlətçilik ənənələrinə görə orada deyil ki... Qoca, cavan olmasının məsələyə aidiyyatı yoxdur ki. İslahatlar olsa, elə yaşlılar gələr ki, yaxşı peşə qabiliyyətləri var. Dünyada 75 yaşında olanları göz üstündə saxlayırlar, Azərbaycana gələndə yox, yaşları var. Özlərinə sərf edəni edirlər. Heydər Əliyev vaxtında yaşlıları gətirirdilər, indi cavanlaşdırma aparırlar. - Son kadr dəyişikliyində kimi çempion görürsünüz? - Burada çempion yoxdur, bu xəmir hələ çox su aparacaq. Mahiyyət və forma arasında burada ziddiyyət var. Fundamental dəyişiklik olmadığına görə, Azərbaycanda vəziyyət dəyişməyəcək. Azərbaycana kənardan bir adam gətirilmir. İçəridə onun yeri ilə, bunun yeri dəyişdirilir. Riyaziyyatda deyilir ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir. - Sizcə, bu dəyişiklikrdə kim nakauta düşdü? - Heç kim. Novruz Məmmədovu vəzifəsindən azad etdilər. Ondan qabaq oğluna vəzifə vermişdilər də. Abutalıbov deyir, mən Fəxri Xiyabanda dəfn olunmaq istəyirəm. Budur da bunun dediyi. Abultalıbov vaxtı ilə ruhi xəstəxanda yatıb. Sən bu adamı nə qədər dövlətdə saxlamalıydın ki, Azərbaycan dövlətinin axırına çıxsın. İcra başçısı olanda nə oyunlardan çıxdı. Azərbaycanda nə qədər adam var ki, Abultalıbovdan da, o birindən də ağıllıdır.
- Azərbaycan müxalifəti niyə ofsaytdan çıxa bilmir? - Azərbaycan müxalifətinin avanqardı vaxtilə hakimiyyətdə olub, hakimiyyətdən uzaqlaşdırılmış adamlardır. Dünyanın heç bir yerində revanşist qüvvələr həmin cəmiyyətə nəsə verə bilməyiblər. Bizdə də verə bilməzlər. Mən Azadlıq – Müsavat cütlüyünü nəzərdə tuturam. Neçə ki, bu iki qüvvə Azərbaycan müxalifətinin önündə gedir, heç vaxt biz siyasi nailiyyət qazana bilmərik. Bunu politologiya elmi deyir, mən demirəm. 1994-95-ci illədə getdim, Elçibəyə dedim ki, AXC-ni buraxın, AXC ilə ADP-ni birləşdirək, ADP-nin də sədri İlyas İsmayılov olsun, siz də bizim partiyada olun, qalib gələndə sizi yenidən prezident edək. Amma müxalifətçiliyin sifətini AXC və Müsavat təşkil eləməsin. Həmin vaxt məni cəbhəçilər söydü ki, sən nə deyirsən? Elçibəy məndən incidi ki, sən mənə nə təklif edirsən ki? Üstündən 30 il keçib, baxıram ki, mən düz deyirdim. Aparat ola, hakimiyyətdə olmuş cəbhəçilərin beynini yazaq, baxacaqsınız ki, onların hamsı deyir biz zorakılıq tərəfadrıyıq. Hakimiyyə gələn kimi hakimiyyətdəkilər onlara necə davranıb, bunlar da elə edəcək. Bu revanşizmin mahiyyətidir. Əgər indiyə qədər müxalifətin rəhbəri, avanqardı AXC və Müsavat birliyi olubsa, nailiyyətsizliyimizin günahkarı kimdir? Səlahiyyət kimdə olubsa, odur. Biz bir dəfə Rəsul Quliyevin vaxtında təşəbbüsü ələ almışdıq. Rəsul Quliyevin şəxsiyyəti imkan versəydi, Azərbaycanda hökumət dəyişərdi, iqtidarı biz yıxardıq. - İxtisaca həkimsiniz. Bu siyasi proseslərə aspirin lazımdır, yoxsa morfin? - Əməliyyat lazımdır. Belə atalar sözü var, yara var bağlayarlar, yara var dağlayarlar. Bu yara bağlanan yara deyil, dağlanan yaradır. Azərbaycan idarəetməsi dəyişilməlidir. - Futbolda vaxt öldürmək anlayışı var. Sizcə, hansı məmur vaxt öldürür? - Bütün nazirlər vaxt öldürür, mümkün qədər oğurluq etsin deyə. Deyir ziyanın yarısından da qayıtmaq kardır. Bunlar ziyanın yarısından kar edənlər deyil, bunlar ziyanın axırına qədər kar etmək istəyirlər. - Karyeranızda sizə çox zərbələr vurulub. Onlardan biri də PKK nümayəndəsi ilə görüşünüz olub. Bu amil sizə nə qədər təsir edib? - Heç bir təsiri olmayıb. Çünki mənim özüm də bu haqda dəfələlə danışmışam. Gizlin saxlasam, danışmazdım ki. O vaxt bu xəbər yayılanda bəzi ağzıgöyçəklər çox danışdılar. Mən də Milli Təhlükəsizlik Nazirliyinə məktub yazdım ki, araşdırın, görün mənim o məsələdə hər hansı marağım olubmu? Yasda oturmuşam. Mənə gəlib deyirlər ki, Türkiyədən bir nümayəndə gəlib sənlə görüşmək istəyir. Mənə demədilər ki, PKK-lı gəlib. Məndən qabaq həmin şəxslər Heydər Əliyevlə, Müsavaın nümayəndəsi ilə görüşmüşdü. Bunu gizlədənlər desin ki, niyə gizlədirlər. Özü də harda görüşmüşəm? Çayxanada. Nə danışmışıqsa, hamı eşidib. - Çoxları Nobel mükafatına namizədliyinizi irəli sürməyinizə hələ də ciddi yanaşmır. - Birincisi Nobelə iki iş göndərmişəm. Onun biri kosmik dəyişilmələr haqqındadır, ikincisi maddənin 5-ci halı haqqındadır. Bu nəzəriyyələrimdən biri gizli səsvermə yolu ilə gedib çıxıb. Nobel Komitəsi də məlumat verib ki, işim gizlin səsverməyə gedib. Elə düşünənlərin hamısı manqurt adamlardır. Bizim xalqımız nailiyyətsizliyə can atmaqda bir nömrədirlər. İki eşşəyin arpasını bölə bilməyənləri başının üstünə qaldırır, uğur qazanmaq istəyən elm adamından, siyasətçidən imtina edir. Analoqumuz yoxdur. - Azərbaycan siyasətini şahmata yoxsa, qaydasız döyüşə bənzədərdiniz? - Naşı adamların oyununa bənzədərəm. Bu ola bilər, futbol olsun, şahmat olsun və.s. Yarımçıq adamın bir işlə məşğul olması o işlə məşğul olmamasından daha pisdir. - Nə zaman karyeranızı bitirmək istəmisiniz? - Həyat özü bir siyasətdir. Mən ölənə qədər xalqımın, millətin keşiyində duracam. Mən təkcə siyasətlə məşğul olmuram ki. Kitab yazıram, nəzəriyyələrim var. Bunun da qarşısını alacaq nə bir güc, nə bir qüvvə var. Allah nə zaman bunları əlimdən alsa, onda təbii ki, mən siyasətdə qala bilmərəm.