Hakimiyyətdə NƏ BAŞ VERİR? – Yeni parlamentdən GÖZLƏNTİLƏR

Image result for hakim partiya"

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında Azərbaycanın müstəqillik tarixində ilkə imza atılıb. Parlamentdə 72 mandatla mütləq çoxluğu təşkil edən hakim partiya növbədənkənar seçkilərə getməyə qərar verib. Partiya bununla bağlı ölkə prezidenti İlham Əliyevə müraciət edərək parlamentin buraxılmasını xahiş edib. 

Ötən il keçirilən növbədənkənar prezident seçkilərindən sonra ictimaiyyətdə hakimiyyətin parlamenti də yeniləyəcəyi barədə müzakirələr gedirdi. Maraqlıdır ki, bu barədə fikirlərə ən sərt təpkiləri elə hakim partiyanın deputatları verirdilər. Amma referendumdan sonra ölkənin siyasi sistemində baş verən əhəmiyyətli dəyişikliklərdən sonra parlamentin də ona uyğunlaşdırılacağı qaçılmaz idi. Elə bu gün parlamentin buraxılması ilə bağlı qərar Milli Məclisin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Növbədənkənar seçkilərin keçiriləcəyinə ilk işarə hələ başa çatmaqda olan ilin büdcəsi qəbul olunarkən verilmişdi. Bu il qrafikdə yalnız bələdiyyə seçkilərinin olmasına rəğmən, seçkilərlə bağlı xərclərin təxminən iki dəfə artıq - 90 milyon manat nəzərdə tutulması müzakirələrə yol açmışdı. Çünki ənənəvi olaraq bir seçkinin xərcləri 45-50 milyon manat həddini aşmır.

Seçki Məcəlləsinə görə, seçkilər elan oldunduğu gündən 2 ay müddətə keçirilir. Beləliklə, yenə bir ilkə də imza atılır: Azərbaycanda ilk dəfə qış aylarında – təxminən fevral ayında seçkilər keçiriləcək.

Cəmiyyətin bu qərardan sonra əsas gözləntisi yeni parlamentin tərkibinin necə formalaşdırılacağı barədə olacaq. YAP-ın növbədənkənar seçki qərarının əsaslandırılması Milli Məclisin Prezidentin apardığı siyasətə uyğun gəlməməsi ilə bağlıdır. Maraqlıdır, yeni parlament hansı tərkibdə olacaq ki, Prezidentin siyasəti ilə uyğunluq təşkil etsin? Bununla bağlı bəzi ehtimalları əvvəldən təxmin etmək olar.

Şübhəsiz ki, parlamentdə təmsil olunan yaşlı nəslin nümayəndələrin əksəriyyəti mandatla vidalaşacaq. Bununla yanaşı cəmiyyətin qınaq hədəfinə çevrilmiş deputatlar da siyahıdan kənarda qalacaqlar. Ən əsası, istefaya göndərilmiş keçmiş siyasi fiqurların dəstəyi ilə parlamentə düşmüş millət vəkilləri ilə də hakimiyyətin yolları ayrılacaq. Bundan başqa parlament müxalifətinin tərkibinin də ciddi dəyişikliklərə məruz qalması gözləniləndir. Çünki bu partiyaların bir qismi hakimiyyətdə mövqeləri zəifləmiş, yaxud “vurulmuş” məmurlarla yaxın əlaqələrə malikdirlər, yeni siyasi sitemdə onlara nə dərəcə rol verilməsi müəmmalıdır.

Bəs hakim partiya seçkilərə hansı namizədlərlə gedəcək? Hakimiyyət rəhbərliyi daha kimlərin parlament təmsilçiliyində maraqlı olacaq?

Bu suallarla bağlı hazırki siyasi reallıqlardan çıxış edərək bəzi mülahizələr yürütmək mümkündür.

İlk növbədə YAP-ın orta eşalonunda təmsil olunan, xaricdə təhsil almış, cəmiyyətdə neqativ imici olmayan yeni simalara üstünlük verilə bilər. Bununla yanaşı, hakimiyyətdə formalaşan komandanın ehtiyatda olan bir çox üzvləri də dəstəklənən namizədlər siyahısında olacaqlar. Əslində parlamentin yenilənməsinin əsas məqsədi bu komandanın idarəçilikdə tam oturuşmasına nail olmaqdır.

Yeni parlament müxalifətinin hansı qüvvələrdən olacağı da maraq doğurur. Əlbəttə, hakimiyyət çalışacaq ki, siyasi sistemdən kənarda saxlamağa çalışdığı qüvvələrin parlament təmsilçiliyi olmasın. 

Bununla belə cəmiyyətdə müxalif imici olan şəxslərin deputat mandatı alacağı gözləniləndir. Bu sırada xalq hərəkatında iştirak etmiş bəzi siyasətçiləri, habelə REAL partiyasının tanınmış üzvlərini də görmək mümkün olacaq.

Qəfil verilən bu qərarın icrası, əlbəttə ki, bəzi siyasi risklər də yarada bilər. Proqnozlaşdırmaq olar ki, ənənəvi siyasi müxalifət seçki situasiyasından istifadə edib narazı elektoratı hakimiyyətə qarşı səfərbər etməyə, kütləvi aksiyalar keçiməyə çalışacaq. Bu etirazların hansı miqyasda olması, ona xarici reaksiyaların necə olacağı barədə bəribaşdan rəy bildirmək çətindir. 

Amma bir məsələ var: Prezident İlham Əliyev BDU-da çıxışında Azərbaycanın heç vaxt Avropaya inteqrasiya etməyəcəyini bəyan edib. Bu, Avropa İttifaqı ilə sazişin müzakirəsinin bloklanması və siyasi dialoqun aşağı səviyyəyə salınması deməkdir. 

Avropa siyasətçiləri hələlik bu bəyanatla bağlı fikir bildirməyiblər. Amma şübhəsiz ki, narazı qalıblar və siyasi müxalifətin bu narazılıqdan istifadə etmək cəhdləri, yaxud Qərbdəki bəzi qüvvələrin seçki situasiyasından və müxalifətdən istifadə edib hakimiyyətə təzyiq göstərməsi mümkündür.

Təxminən Ukrayna ssenarisi ilə müqayisə oluna bilən bir mənzərini yaratmaq cəhdlərindən söhbət gedə bilər. Dünən əsas müxalifət liderlərindən birinin xalqa müraciət edərək Avromeydan yaratmağa çağırması bu kontekstdə təsadüfi görünmür. Şübhəsiz ki, hakimiyyət bu qərarı verərəkən yüz ölçüb, bir biçib. İndi daha yaxşı təhlil etmək olur ki, 19 oktyabrda toqquşmaya aparan siyasi qərarlar etiraz potensialını, əhalinin siyasi proseslərə, hakimiyyətə qarşı çağırışlara necə reaksiya verəcəyini test etmək üçün yaxşı imkan olub. Və hökumətin seçki qərarını verərəkən, müxalifətdən elə də böyük təhlükə görməməsi ilə bağlı nəticə çıxarmağa imkan verir.

Hakimiyyət Avropa İttifaqı ilə siyasi dialoqu minimuma endirməyi, Rusiya ilə çox yaxın münasibətlər qurmaqla, kompensasiya etdiyini nümayiş etdirib. Ölkənin ikinci şəxsinin Rusiya siyasi elitasında yüksək səviyyədə qəbul olunması, Prezident İlham Əliyevin dekabrın 20-də Rusiyanın patronajlığı altında olan Avrasiya İqtisadi Birliyinin toplantısına qatılması bundan xəbər verir. Bununla Azərbaycan uzun illər apardığı balans siyasətinə yenidən baxmış olur və Rusiya ilə ikitərəfli strateji əməkdaşlığa üstünlük verilir.

Bu seçimdə, əlbəttə, Rusiyanın regionda hərbi-siyasi təsir imkanları, Ankara-Moskva müttəfiqliyi də rol oynayıb. Hakimiyyətin əsas hədəfi daxili siyasi situasiyanı sabit saxlamaqdır ki, bu da bölgədə söz sahibi olan güclərlə əməkdaşlığın dərinləşdirilməsindən çox asılıdır.

Azpolitika.info






Fikirlər