“Namizəd var ki, rayonun adını düzgün yazmayıb” — Aqil Abbas bu namizədlərə səsləndi

Xəbər verdiyimiz kimi, yanvarın 17-də Milli Məclisə seçkilər üçün namizədlərin qeydiyyat mərhələsi başa çatıb. Həmin tarixdən etibarən isə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Seçkiqabağı təşviqatın aparılması prosesi isə 8 fevral saat 08:00-dək davam edəcək.

Builki seçkilərlə bağlı bəzi maraqlı məqamlar diqqət çəkir, müzakirələrə səbəb olur. Bəziləri yaşlı deputatların yenidən namizəd olmalarını əsas gətirərək buraxılan Milli Məclisdə yenilənmənin olmayacağını deyir. Bəziləri isə “hər yerindən duran gənc deputat seçilmək istəyir” deyərək tənqidi fikirlıər səsləndirirlər. Şou-biznes nümayəndələrinin namizəd olmasını ilə bağlı sərt fikirlər səsləndirənlər də az deyil. Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 237 nəfər isə namizədliyini geri götürüb.

 Bəs görəsən, Milli Məclisin yenilənmə prosesi necə gedir? Təbliğat-təşviqat hansı səviyyədə aparılır? Bu suallarımıza cavab tapmaq üçün deputat Aqil Abbas ilə əlaqə saxladıq. 2005-ci ildən millət vəkili olan A.Abbas “Yeni Sabah”a açıqlamasında seçkilərlə bağlı hazırkı durumu şərh edib:

Müstəqli deputatlardan 10-12-si namizədliyini irəli sürməyib. Keçmişlərdən 10 neçə nəfərsə Yeni Azərbaycan Partiyasından namizədliyini verib. 1 nəfər özü istefa yazıb. Təxminən, 40 nəfərə qədər yenilənmə var. Bu mənada 30-35 faiz yenilənmə görünür. 

O ki qaldı namizədliyini geri götürənlərə, vəziyyətə baxıb namizədliyini geri götürənlər yenə olacaq. Bu mənada da böyük yenilənmə gözləyirik. Siyahıya baxsanız, görərsiniz ki, tək Yeni Azərbaycan Partiyası namizədlərinin bir çoxunu yeniləri ilə əvəzləyib”.

Deputat sosial şəbəkələrdə bəzi namizədlərin şüarlarının və özlərinin tənqid edilməsinə də münasibət bildirib:

Demokratik bir ölkədir. Prezidentin də müraciəti oldu. İnsanlar da həvəslənib namizədliklərini veriblər. Onlara kim deyə bilər ki, namizədliyini niyə vermisən? Bu, seçkidir. Heç kimə irad tutmaq olmaz ki, namizədliyini niyə ürəli sürmüsən? 

Ancaq siyahıya baxmışam ki, bir nəfər hətta, rayonun adını düzgün yazmayıb. Bir az da belə şeylər var. Olsun da. Kim yaxşı işləyəcək, xalq ona səs verəcək. Məsələn, Rauf Arifoğlu xalqla möhkəm işləyir. Kim xalqla yaxşı işləyəcək, o da səs alacaq. Elə adam da var ki, müəyyən yerdə nüfuzu var, yazıçıdır, jurnalistdir, bunlar ölkənin hər yerindən namizədlik verə bilərlər. Məsələn, Sabir Rüstəmxanlı üçün nə fərqi var, Yardımlı, ya Neftçala olsun? Xalqın tanıdığı adamdır”. 

O, şou biznes nümayəndələrinin də seçkilərdə fəal iştiarkından danışıb:

Əvvəla, şou-biznes əhlinin 95 faizini tanımıram. Çünki onlar mənim üçün maraqlı adamlar deyil. İndi namizədliklərini veriblər də... Onların da əlində saytlar, sosial şəbəkələr var. Ancaq orada bir-birilərinə şər atmasınlar, bir-birilərinə qurşaqdan aşağı vurmasınlar. Mən həmişə demişəm, bu “Ədalət” qəzeti onların hamısının üzünə açıqdır. İstədikləri vaxt burada öz sözlərini deyə bilərlər, platformalarını nümayiş etdirə bilərlər. Bu adi yarışdır, heç kim düşmən olmalı deyil ki”.






Fikirlər