"Azərbaycanlı "təxribat keçisi" və gürcü keşişinin NƏRİMANOV XOHFU" - Aslan İsmayılov yazır...
Azərbaycanda uzun illər "təxribatçı keçi" (козёл провокатор) rolunu icra edən bir mətbu orqanın Nəriman Nərimanovun heykəlinin uçurulması kampaniyasından sonra gürcü keşişi də artıq Gürcüstanda bu yaxınlarda bərpa edilən N.Nərimanovun heykəlinin uçurulmasını tələb etdi. Gürcü keşişinin canfəşanlığını başa düşürəm, çünki onlar hələ də N.Nərimanova Zaqatalanın 20-ci əsrin əvvəllərində Gürcüstanın tərkibinə verilməsinin qarşısını almasını bağışlaya bilmirlər. Bizimkilərin, bu gün də fəaliyyətdə olan əliheydər qarayevlərin qarın ağrısının nə olduğunu isə hələ də çözə bilməsəm də əminəm ki, bunun da altında hansısa bəd niyyət var. Neçə gün idi gözləyirdim ki, tarixçilərimiz bu təxribata cavab verib N.Nərimanovun kimliyini bəzilərinə anladacaqlar. Ancaq bu baş vermədiyindən qısaca fikirlərimi bölüşməklə bir daha tarixçilərimizin bu mövzuya qayıdacağını, 20-ci əsrin əvvəllərində Azərbaycan tarixində həlledici şəxslərdən biri olmuş N.Nərimanovun kimliyini cəmiyyətə anladacağını və goreşənlərin gözlənilən pis niyyətinin qarşısını alacaqlarını düşünürəm. Birincisi ondan başlayım ki, 1920-ci illərdə N.Nərimanov olmasa erməniləri demirəm, elə bizim əliheydər qarayevlər Qarabağı, Naxçıvanı ermənilərə, Zaqatalanı gürcülərə verəcəkdilər. Bakının taleyinin də necə olacağını bilmək olmazdı. 1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi “Qurultay”ın qərarının nəticəsiz qalması məhz N.Nərimanovun əməyidir. 1920-ci il iyulun 10-da N.Nərimanov Moskvaya RK(b)P MK-ya “Dağlıq Qarabağda vəziyyət” haqqında “Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin Azərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi qiymətləndirəcəkdir” məzmunlu teleqram vurur. 1921-ci il iyunun 12-də Ermənistan hökuməti Dağlıq Qarabağın “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” elan edir. 1921-ci ildə bir-birinin ardınca qəbul olunan üç qərardan irəli gələn nəticələri də ancaq N.Nərimanovun siyasətinin uğuru kimi qiymətləndirmək olar. İyunun 26-da isə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Ermənistanın Dağlıq Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunur. 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosu N.Nərimanov, S.Orconikidze, S.Kirov, A.Myasnikov, F.Maxaradze, A.Nazaretyan, Y.Fiqatner, İ.Oraxelaşvili və başqaları plenumda Qarabağ məsələni müzakirə edirlər. Müzakirədə RK(b)P MK üzvü Stalin, RK(b)P Qafqaz bürosunun digər üzvləri də iştirak etdilər. N.Nərimanov təkbaşına bunların hamısının qarşısında dayanıb Azərbaycan maraqlarını müdafiə edir. Məhz bu müzakirələrdə N.Nərimanov Stalinin, Orconikidzenin üstünə səsini yüksəldib deyir: "Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın! Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!" N.Nərimanov bu fəaliyyəti ilə Mərkəzin və ermənilərin planlarını pozduğundan onu Kommunist Partiyasının “beynəlmiləlçi” siyasətinə zidd olmaqda günahlandırırlar. Bu ittihamın nə qədər ağır və təhlükəli olduğunu o dövrün tarixi ilə maraqlananlar yaxşı görərlər. Məhz buna görə də N.Nərimanov Kommunist Partiyasının işlərinə müdaxilədən uzaqlaşdırılır. O, özü də etiraf edirdi ki, “mən tərkibi tamamilə düşmənlərdən ibarət olan Azərbaycan MK-nın qərarına təsir göstərə bilmirəm”. 1923-cü ilin aprelində keçirilən RK(b)P XII qurultayına N.Nərimanov Azərbaycandan nümayəndə seçilmir. N.Nərimanov qeyd edirdi ki, “M.Hüseynov, Ə.Qarayev müsəlman fəhlələrinin inkişaf səviyyəsini qaldırmağın zəruriliyi haqqında mənim tələblərimdə millətçilik meyli görürdülər”. Fəaliyyətinin əvvəlindən N.Nərimanov Azərbaycan xalqının milli dəyərlərini ön plana çəkmişdir. N.Nərimanovun hökumətin başçısı vəzifəsindəki fəaliyyəti bolşevik hakimiyyəti şəraitində Azərbaycanı bir sıra bəlalardan qorumuş, adamların şüurunda sovet dövründə milli inkişafın mümkünlüyünü bərqərar etmişdir. Onu demək kifayətdir ki, “Nərimanovçuluq” uzun müddət sovet rəsmi dairələrində “millətçilik” kimi qəbul olunduğu halda, xalqımız üçün sovet sistemi şəraitində milli mənliyin, milli adət-ənənələrin və mənəvi dəyərlərin qorunmasının əsas qaynağı idi. N.Nərimanov ağır bolşevik sistemi şəraitində də Azərbaycanın ərazi bütövlüyünü qorumağa çalışmış və çətin olsa da buna nail olmuşdur. Çünki N.Nərimanovun hökumət başçısı işlədiyi dövrdə itirilməsi rəsmiləşdirilməsini gözləyən ərazilər faktiki olaraq əvvəllər Azərbaycanın nəzarətindən çıxmışdı. Məhz yuxarıda vurğuladığım fəaliyyətinə görə N.Nərimanov daşnakların, əliheydər qarayevlərin, xalqların taleləri ilə oynayan bolşeviklərin qəzəbinə tuş gəlmiş və nəticədə 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat etmişdir. Əminəm ki, həmin dövlər azərbaycanlı olan vəzifəli şəxslər N.Nərimanov kimi qeyrətli olsalar Zəngəzurun da Ermənistana verilməsinin qarşısı alına bilərdilər. O, 1921-ci ildə özü etiraf edir ki, Zəngəzurla bağlı 1920-ci il dekabr bəyanatını verərkən Zəngəzurun Azərbaycandan ayrılmasının qarşısını təkbaşına almaq iqtidarında deyildi. O, bu haqda bunları deyirdi: “Əgər müsəlman kommunistlərinin əksəriyyəti milli təmayül əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru ala bilməzdi”. Məhz N.Nərimanovun səyi nəticəsində 1921-ci il martın 16-da Moskvada, həmin il oktyabrın 13-də isə Qarsda imzalanan müqavilələrdə Naxçıvanın Azərbaycan ərazisi olduğu beynəlxalq sazişlə təsdiqləndi. Azərbaycan tərəfi hələ Qars müqaviləsi qəbul olunmamış, 1921-ci il avqustun 14-də Naxçıvan və Ermənistan rəhbərliyinə teleqram vuraraq tələb etdi ki, “Ermənistan Xalq Komissarları Soveti tərəfindən göndərilən bütün şəxslər təcili olaraq Naxçıvandan çıxarılsınlar”. N.Nərimanov “V.İ.Leninə məktub”unda ərazi problemləri haqqında erməni və rus siyasəti ilə barışmaz mövqeyini sərt şəkildə ortaya qoyur. Həmin məktubunda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Ərazilərimizi Ermənistana, daşnaklara vermək, düzəldilməsi mümkün olmayan pis nəticələr verə biləcək səhvdir”. Beləliklə, məhz N.Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti əksər hallarda uğurlu olmuşdur. Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılmış, Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdır. Mən hələ N.Nərimanovun milli kimliyimizin formalaşmasında, əhalinin maariflənməsində, tibb sahəsindəki xidmətlərini demirəm. Sonda hamıdan bir xahişim var. Biz bir xalq olaraq böyük şəxsiyyətlərimizə çox diqqətli olmalıyıq. Onlardan kiminsə aşağılanması hesabına digərini yüksəltməyə çalışmaq olmaz, bu yolverilməz və çox ziyanlıdır. M.Ə.Rəsulzadə, N.Nərimanov, M.C.Bağırov, Ə.Elçibəy, H.Əliyevin Azərbaycan tarixində hər birinin öz yeri var və əminəm ki, bu şəxsiyyətlərin hər biri Azərbaycanı sevib və bacardıqları, həmin şəraitdə imkan olan bütün müsbət işləri görüblər. İndi təsəvvür edin, bu gün çarmıxa çəkdiyiniz N.Nərimanovun, M.C.Bağırovun yerinə əliheydər qarayevlər, Ə.Elçibəyin, H.Əliyevin əvəzinə isə Rəhim Qazıyev, Sürət Hüseynov kimiləri olsalar biz hansı acınacaqlı durumda olardıq. Əminəm ki, elə olası təqdirdə bu gün heç Azərbaycan adlı dövlət də olmazdı. Ona görə bu gün real hadisələri bilmədən, həmin tarixi hadisələri incələmədən hamıya damğa vurmaq - tariximizi məhv etmək özümüzdə milli natamamlıq kompleksi yaratmaq deməkdir. Bu gün N.Nərimanov ətrafında baş verən hadisələr bir daha hakimiyyət daxilində bir çaxnaşmanın, sistemsizliyin olmasına dəlalət edir. Bir tərəfdən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 fevral 2020-ci il tarixli sərəncamında bunlar deyilir: "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin". Digər tərəfdən hakimiyyətin maliyyələşdirdiyi qəzetdə N.Nərimanov düşmən kimi qələmə verilir və onun Bakı şəhərindəki abidəsinin sökülməsi tələb olunur. Bu təzada hakimiyyət rəsmiləri bir aydınlıq gətirməlidirlər. Aslan İsmayılov Hüquqşünas