Paşinyan başını divara niyə vurdu? – QARABAĞ təxribatının PƏRDƏARXASI
Nəhayət, ermənilərin cəbhə bölgəsində gözlənilən irimiqyaslı təxribatı baş verdi. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Ermənistan tərəfdən itikilərin daha çox olması barədə məlumatlar var. Rəsmi İrəvan itkiləri gizlətəməyə çalışsa da, sosial şəbəkələrin erməni seqmentində bu barədə çoxsaylı informasiyalar yayılıb. Ermənistan buna qədər cəbhə bölgəsində çoxsaylı təxribatlar törədib və hər dəfə Azərbaycan ordusunun adekvat cavabı ilə bunun qarşısı alınıb. Lakin dünənki təxribat bir qədər fərqlidir. Daha doğrusu, bu təxribat yox, rəsmi İrəvanın faktiki olaraq sülh danışıqlarını pozaraq müharibəyə cəhd etməsidir. İndi əsas sual budur ki, 4 il əvvəl baş verən “Aprel döyüşləri”ndə Azərbaycan Ordusunun gücünü görən Ermənistana bu təxribat niyə lazımdır? Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə verdiyi vədləri yerinə yetirə bilməyib. Paşinyanın inkişaf strategiyası faktiki olaraq iflasa uğrayıb. Koronavirus pandemiyası isə Baş naziri daha çətin vəziyyətə salıb. Ermənistan infeksiya ilə mübarizədə beynəlxalaq qurumların dəstəyinə baxmayaraq, nailiyyət əldə edə bilmir. Virusa yoluxanların və infeksiyadan ölənlərin sayı durmadan artır. Onsuz da sosial-iqtisadi vəziyyəti acınacaqlı olan Ermənistanda pandemiya dövründə iqtisadi böhran daha da dərinləşib. Bundan əlavə, ölkədə siyasi gərginlik yaşanır. Paşinyan hakimiyyətə gəldiyi gündən Qarabağ klanına reveranslar etsə də, istəyinə nail ola bilmədi. Onun Dağlıq Qarabağa səfərləri, avantürist bəyanatları da Qarabağ klanının rəğbətini qazanmaq üçün yetərli olmadı. Ermənistanın keçmiş prezidenti Qarabağ klanının əsas nümayəndələrindən olan Robert Köçəryanın azadlığa buraxılması isə bu klanın yenidən hərəkətlənməsinə səbəb oldu. İndi Ermənistanda Paşinyana qarşı güclü müxalifət formalaşıb və hazırda siyasi rəqiblərin vahid cəbhədə formalaşması prosesi gedir. Bu isə Paşinyan üçün heç də xoş gələcək vəd etmir. Ermənistanın Baş naziri proseslərin fərqindədir. Digər tərəfdən, Paşinyan hakimiyyətə gəldikdən sonra İrəvanla Kremlin münasibtlərində də soyuqluq yaranıb. Artıq Rusiya əvvəlki kimi Ermənistanı dəstəkləmir. Bu əlbəttə Kremllə İrəvan arasında bağların qırılması anlamına gəlmir və bunun baş verəcəyi də inandırıcı görünmür. Amma fakt budur ki, Kremldə Paşinyan hakimiyyətinə münasibət xoş deyil. Bu halda Paşinyan hakimiyyətinə qarşı Ermənistanda yaranan cəbhəyə Moskvanın da dəstək verəcəyi ehtimal olunur. Belə bir situasiyada Paşinyanın yeganə yolu cəbhə xəttində vəziyyəti gərginləşdirmək, müharibə effekti yaradan təxribatlar etmək və xarici düşmən mövzusunu qabartmaqla öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağı düşnür. Yəni, dünən cəbhə xəttində baş verənlər Paşinyanın siyasi maraqlarının qorunmasına hesablanıb. Lakin Baş nazirin bununla vəziyyətdən çıxacağə inandırıcı görünmür. Çünki hazırda Ermənistanda mürəkkəb vəziyyət hökm sürür. Güclü ordusu olan Azərbaycanla müharibə isə Paşinyan hakimiyyətinin tarixə qovuşmasını sürətlənməsinə səbəb olan daha ağrılı probemlər yarada bilər. /YeniSabah.az