Məmməd İbrahimin məhkəməsi sabah saat 15.00-a qaldı
Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi qərar vermək üçün müşavirəyə gedən hakimin yanında olub Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimlə bağlı qərar vermək üçün bu gün günorta saat 15.40-dan müşavirəyə gedən hakim Məzahir Sadıqov altı saat sonra geri qayıdıb və məhkəmənin sabah saat 15.00-a qədər təxirə salındığı elan olunub.
Qeyd edək ki, Məmməd İbrahim bu gün günorta saat 15.00-dən qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib. Təxminən yarım saat məhkəmə iclası keçirilib və ondan sonra hakim qərar vermək üçün müşavirəyə gedib. Altı saata yaxın o, geri qayıtmayıb. Məmməd İbrahimin vəkili Yalçın İmanov hakimin bu cür hörmətsiz davranışına etiraz edib.
Məhkəmə qarşısında jurnalistlərə açıqlama verən Yalçın İmanov bildirib ki, hakim müşavirəyə getsə də, Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Fəxrəddin Şıxəliyev də onun kabinetindədir: “Bu da çox ciddi qanun pozuntusudur. Qanuna görə, müşavirə otağında hakim və ya hakimlərdən başqa heç kim ola bilməz”.
Xatırladaq ki, Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəçilə sentyabrın 30-dan şübhəli şəxs qismində saxlanılan Məmməd İbrahimə qarşı bu gün CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb və barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.
Onu da əlavə edək ki, Məmməd İbrahimin şübhəli şəxs qismində saxlanma müddəti bu gün saat 23.30-da başa çatır. Qanuna görə, müddət başa çatana qədər ya şəxsə ittiham elan olunaraq barəsində qətimkan tədbiri seçilməli, ya da sərbəst buraxılmalıdır. Göründüyü kimi, Məmməd İbrahimin barəsində qətimkan tədbiri seçilmədi. Belə olan halda, onun saat 23.30-dan sonra sərbəst buraxılmaması çox ciddi qanun pozuntusudur. (azadlıqinfo.az)