“Türkiyə hərbi bazası Şuşada yerləşdirilməlidir” - ADR sədri
"Türkiyə mətbuatının açıqlamasına görə, TBMM-in nəzərdən keçirdiyi sənəd layihəsində Müştərək Mərkəzin (MM) yeri Azərbaycan tərəfindən müəyyən ediləcək. Orada türkiyəli hərbçilərlə yanaşı mülki mütəxəssislər də iştirak edə bilər. İşçi heyətinin sayı Türkiyə prezidenti tərəfindən müəyyən ediləcək. Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi 1 il müddətinə nəzərdə tutulur. Bu müsbət dinamika olsa da bizim gözləntilərimiz cavab vermir". "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu sosial şəbəkədə yazıb. O, Azərbaycana əsgər göndərilməsi haqqında Türkiyə prezidentinin sərəncamının Türkiyə Böyük Millət Məclisinə təqdim edildiyini, Məclisin qərarından sonra Azərbaycanın azad olunmuş ərazilərində atəşkəs rejiminə əməl olunması üzrə Müştərək Mərkəz yaradılacağını, Mərkəzin işində Türkiyə və Rusiyanın birgə iştirak edəcəkləri barədə razılığa gəlinməsini xatırladıb. Q.İbadoğlu Müştərək Mərkəzin yalnız monitorinq və müşahidə funksiyasına malik olacağını, əsasən fakt toplama misiyasını həyata keçirəcəyini söyləyib: "Toplanan faktların araşdırılması və pozulmuş faktlar üzrə müvafiq tədbirlərin həyata keçirilməsi mexanizmləri hələ də aydın deyil. Odur ki, Müştərək Mərkəzin fəaliyyətindən gözləntilər yüksək deyil". Hərəkat rəhbəri hesab edir ki, Türkiyə-Azərbaycan hərbi ittifaqının yaradılmasıma dair saziş imzalanmalı, Türkiyə Milli Müdafiə Nazirliyinin Qarabağda, konkret olaraq Şuşada hərbi bazaları yerləşdirilməlidir: "Bununla, əlaqədar olaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşəbbüsü ilə hazırlanmış müraciət sabah siyasi partiyalara və ictimai hərəkatlara imzalanmaq üçün təqdim olunacaq".