Qarabağ məsələsi tam həll olunmayıb - Reallığı qəbul edib MÜBARİZƏ aparmalıyıq!
Qondarma rejimin başçısı Arayik Harutyunyan Qarabağ müharibəsi ərzində erməni yalanlarını tirajlamaqla məşğul olan “WarGonzo” layihəsinin rəhbəri Semyon Peqovla birlikdə ötən gün erməni yaraqlılarının yeni tikilən mövqelərindən birinə baş çəkib. Separatçıların başçısı bu zaman yeni ordu yaratmaqla bağlı çıxış edib. Bununla o, Azərbaycana qarşı yenidən təşkilatlanmaq, separatçılığı davam etdirmək niyyətini nümayiş etdirib. Diqqət çəkən digər vacib məqam budur ki, A.Arutyunyan və S.Peqov barəsində Azərbaycan xüsusi xidmət orqanları bir neçə maddə ilə cinayət işi qaldırıb. Onların barəsində axtarış elan olunub. Barələrində axtarış elan olunan hər iki şəxs nəinki əl-qolunu sallayıb Xankəndini gəzir, üstəlik Azərbaycan əleyhinə təxribatçı fikirlər də səsləndirirlər. Maraqlıdır, nə üçün sülhməramlılar Harutyunyanın bu təxribatçı davranışlarının qarşısını almır? Barəsində axtarılış elan edilən bu iki cinayətkarın saxlanılaraq hələ də Azərbaycana təhvil verilməməsinin səbəbi nədir? Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, hazırda həm Rusiya sülhməramlıları, həm də erməni separatçıları Azərbaycanı qıcıqlandırmaqla məşğuldur: “Dünən internetdə görüntü yayılmışdı ki, rus hərbçisi Qarabağdakı erməni separatçılarının şərəfinə sağlıq deyir, yəni onları növbəti həmlələrə həvəsləndirir. Rus hərbçilərinin erməni separatçıları ilə ittifaq yaratması, əslində, gözlənilən idi. Onların əraziləri xeyli azalıb, amma o kiçik ərazidə də bizə meydan oxumağa çalışırlar, guya terrorçuların görüntülərini yayırlar”. Politoloq Qarabağ məsələsinin hələ tam həll olunmadığını diqqətə çatdırıb: “Biz məsələnin bir qismini həll elədik, ordumuz torpaqların böyük bir hissəsini azad etdi, şərəflə savaşdı. Digər qismi - ikinci mərhələni isə gələcəkdə həll etməliyik. Açıq demək lazımdır ki, biz məsələni tam həll etməmişik. Arayik Harutyunyan və Peqovu həbs edə bilmirik. Qəbul etmək lazımdır ki, Arayik və ya Peqovu kimsə (Rusiya) bizə həbs edib nimçədə verməyəcək. Biz özümüz elə etməliyik ki, Arayik fəaliyyətindən uzaqlaşsın, Peqov kimi axmaq adamlar bölgəyə səfər etməsin. Bu baş vermədiyi halda Rusiya onlarla ittifaq quracaq. Biz separatçılardan üstün olmalıyıq. Artıq birbaşa toqquşma olmayacaq, biz dövlətlərlə danışıqlar aparmalı, Rusiya ilə təmasları yoğunlaşdırmalı, Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik”. Ekspert vurğulayıb ki, rusiyalı hərbçilərin nizamsız fəaliyyəti nəzarət altına alınmalı, məhdudlaşdırılmalıdır: “Bunun da yolu Türkiyə hərbçilərini bölgəyə yerləşdirməkdən keçir. 10 günə Ağdamda Monitorinq Mərkəzi qurulacaq. Bizim yeni ağıl oyunları başlayır. Axı Rusiya bizim üçün yeni bir dövlət deyil. Biz hər şeyi görə-görə gəlmişik. Erməniləri bölgədə Çar Rusiyası yerləşdirib, separatçıları əvvəl Çar, sonra Sovet Rusiyası həvəsləndirib, Xocalı soyqırımı ruslarla birgə həyata keçirilib. İndiki Rusiya hərbçilərinin daha sülhpərvər olacağını, cinayətkarları bizə təhvil verəcəklərini düşünmək biraz absurddur. Əlbəttə, belə olmasını istəyərdik, amma ortada Rusiyanın siyasi tarixi var. Ağılla, məntiqlə hərəkət etməliyik. Müharibə dövründə eyforiyaya qapıldıq, elə bildik ki, hər şeyi həll etdik. Amma önümüzə qırmızı xətt çəkdilər. Düşünürdük ki, Xankəndini də alıb erməni separatçılarının kökünü kəsəcəyik, amma bizə mane oldular, bunu nəzərə alıb işimizi görməliyik. Təbii ki, 7 rayonu işğaldan azad etmək, Hadruta, Şuşaya daxil olmaq böyük uğurdur. Amma tam istədiymizi hələ ki, əldə etməmişik. Xankəndi və Xocavənddə separatçılar qalır. Rusiyalı hərbçilər bölgədə yerləşdirilib ki, bu da bizim maraqlarımızın əleyhinədir. Reallığı qəbul edib mübarizə aparmalıyıq. Elə etməliyik ki, ərazilərimizdəki ermənilər Azərbaycan qanunlarını qəbul etsin, Azərbaycan pasportu daşısın. Amma bu, bir-iki ilə olacaq məsələ deyil, yavaş-yavaş işləməliyik”.