“Putin deyir ki, “Pyotr erməniləri bizə tapşırdı...”” - Əliyev lazımı cavabı verəcək
“Moskva görüşündən Azərbaycanın xeyrinə bir şey gözləmirəm. Hər halda indiyədək elan olunan bəyanat Azərbaycanın əleyhinədir. Azərbaycana Rusiya sülhməramlıları adı altında gec partlayan bir mina yerləşdirilib. Bu görüşün görünən tərəfi odur ki, məsələni Moskva idarə edir. Neçə illər bundan əvvəl olduğu kimi, Çar dövründə olduğu kimi. İşin sahibi Moskvadır”. Bunu Klasssik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu gün Moskvada gözlənilən üçtərəfli görüşlə bağlı deyib. O, qeyd edib ki, Moskva əvvəlcədən məsələni bəyanatla həll edir, sonra da bu formatda görüşlər keçirir ki, bəyanatın davamına nəzarət olunsun: “Danışıqlar olacaq, kimsə Putinin qarşısında hesabat verəcək və s. Türkiyənin bu məsələdə olmaması Azərbaycanın ziyanınadır. Məsələni hər kəs bu cür qiymətləndirməlidir. Türkiyənin bu görüşdə iştirak etməmə səbəbini isə yalnız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan izah edə bilər. Bizim bu barədəki cavablarımız subyektiv olacaq”. Görüşdə Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin olma ehtimalına gəldikdə isə M. Mirəlioğlu qeyd edib ki, 44 günlük müharibə çox şeyi ortaya çıxardı: “Əsgərimizin rəşadətini, ordumuzun yenilməzliyini, həm də bir müharibə teatrını göstərdi. Əsgərimiz canından keçdi, ordumuz qalib oldu, amma televiziyalarda müharibə tamaşası oldu. İndi Kremldə birdən-birə kimsə Qarabağın statusu məsələsini dilə gətirsə, İlham Əliyevin dediklərinin təkzibi olar. Çünki o status-kvonu cəhənnəmə göndərdi. Ona görə də bu görüşdə Qarabağın statusu məsələsi qətiyyən gündəmə gəlməməlidir. Amma rusların məsələyə qəribə yanaşmaları var. Putin hər kəs arasında iş bölgüsü aparır. O, ölkəsində kimlərin məsələyə necə münasibət bildirməli olduğunu öyrədir. Putin bu yaxınlarda azyaşlı uşağa coğrafiya dərsi keçirdi. Ondan Rusiyanın sərhədlərinin harada bitdiyini soruşdu. Uşaq cavab verdikdə isə, “Xeyr, Rusiyanın sərhədləri heç yerdə bitmir, Rusiya sərhədsizdir”,-dedi. Bunu bəzi sadəlövhlər uşağa deyilmiş bir adi söz kimi qiymətləndirdilər. Amma qətiyyən elə deyil. Erməni də uşağına dil açmamışdan qabaq, “Sənin düşmənin Türkdür”,-deyir. Onlar belə hesab edirlər ki, dünyada millətlər iki hissədən ibarətdir, onlardan biri türkdür. Əgər türkdürsə, düşməndir. Putin İrəvanda parlamentdə çıxış edərkən, “Pyotr erməniləri bizə tapşırdı”, dedi. Putin imperiyapərəsdir. İndi adamlara deyəndə ki, Rusiya Pyotrun vəsiyyətinə əsasən idarə olunur, onlar bu deyənin geridəqalmış olduğunu düşünür. Bizim bu məsələlərə mövqeyimiz dəyişməlidir. Status məsələsinin görüşdə səslənməsi Azərbaycanı çıxılmaz vəziyyətə salar. İlham Əliyev yəqin ki, orada lazımi cavabları verəcək. Bu cavablar müharibə dövründəki açıqlamalara uyğun olsa, yaxşı olacaq. Azərbaycanın xeyrinə olan məsələdə biz onu dəstəkləyəcəyik, ziyanına olan məsələlər isə qəbul etməyəcəyik”. /“Yeni Sabah”