"Əgər ruslar məsələni uzadacaqlarsa, onda Azərbaycan..." — POLİTOLOQ

"Əgər ruslar məsələni uzadacaqlarsa, onda Azərbaycan..." — Politoloq

İyun ayının sonunda Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin həlli məsələsi ilə bağlı görüşü keçiriləcək

Görüş bundan əvvəlkilər kimi nəticəsiz olacaq, sülh sazişi imzalanacaq, yoxsa nəticədə müharibə?

Bu suallara cavab tapmaq üçün Ölkə.Az politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib:

"İyun ayının sonunda çox kritik bir görüş gözlənilir. Danışıqlara nəzarəti Rusiya prezidenti Putin yenidən ələ alıb. ABŞ Vyana görüşündə ciddi cəhdlər edib, müəyyən qədər məsuliyyəti öz üzərinə götürsə də, bir növ görüşün onun istədiyi yerdə keçirilməsinə nail oldusa, yenidən işləri Rusiyanın öhdəsinə buraxıblar. Məsələnin qəlizliyi bundan ibarətdir ki, Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq var. Ermənistan Rusiyanın yaratdığı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Üstəlik KTMT-nin bir sıra layihələri, məsələn, hərbi akademiyanın açılması, hava hücumundan müdafiə sisteminin qurulması məhz Ermənistandan başlayır. Rusiya Ermənistana pulsuz silah göndərməyə başlayıb. Rusiya silahları həm Ermənistandakı hərbi bazalarına göndərir, həm də yalançı kreditlər adı altında Ermənistan ordusuna göndərir.

Ermənistan cəmiyyəti nə qədər qəzəbli olsa da, bu qəzəb daha çox oyuna bənzəyir. İki dövlət arasında ssenariləşdirilmiş bir oyun gedir. Maraqlısı ondadır ki, erməni cəmiyyəti Rusiyaya qəzəblənir, rəsmi Moskva isə daha çox Ermənistana silah verməyə başlayır. Rusiyaya qarşı Ermənistan cəmiyyətində dərin bir nifrət formalaşır, bu nifrəti dərinləşdirmək istəyən qüvvələr də var.

Rusiya I Pyotrun vəsiyyətinə uyun olaraq illərdir ki, Ermənistanla sıx yaxınlığını davam etdirir. Ermənistanın bölgədə bir sıra arzularının həyata keçirilməsində yaxından iştirak edir. Bu gün də Rusiya Ermənistanı strateji müttəfiq, "for post" kimi qoruyur.

Məsələnin bir tərəfi də var ki, Azərbaycanın geosiyasi əhəmiyyəti durmadan artır. Əgər müqayisə aparılsa, Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti Ermənistanın geosiyasi əhəmiyyətindən ölçüyə gəlməyəcək dərəcədə üstündür. Rusiya Azərbaycanı həm Avrasiya İttifaqına, həm də KTMT-yə inteqrə etmək istəyir. Bundan əlavə Rusiya özünün bir sıra layihələrini Azərbaycan vasitəsi ilə reallaşdırmağa çalışır. Bunların içərisində həm iri dəmiryol layihələri, həm qaz layihələri, həm də ki, bütövlükdə iki dövlətin xarici ticarət əlaqələri məsələsi var. Azərbaycan beynəlxalq əlaqələrdə daha nüfuzludur. Tərəzinin gözünə Rusiya bunların hər ikisini qoymalıdır və yəqin ki qoymaqdadır.

Bu günə qədər Dağlıq Qarabağ məsələsinin həllində Rusiyadan açığı ədalətli yanaşma gözləməmişik. Problemin yaranmasında da, dondurulmasında da Rusiya fəal surətdə iştirak edib. Problemin beynəlxalq hüquq normalarına uyğun obyektiv həlli məsələsində Rusiyanın oynaya biləcəyi oyunun dəyərləndirilməsi gündəmdədir. Bu məsələdə birmənalı fikirlər söyləmək elə də asan deyil. Bu daha çox Rusiya liderinin şıltaqlıqlığından, Rusiyadakı müəyyən dairələrin, xüsusilə hərbi sənaye kompleksinin mövqeyindən xeyli dərəcədə asılıdır. Hər bir halda Putinin son sözü hər şeyi həll edə bilər.

Bölgədəki qüvvələr nisbəti də dəyişib. Bölgədəki qüvvələr nisbəti 10 il əvvəlki qüvvələr nisbəti ilə eyni deyil. Azərbaycan xeyli güclənib. İstənilən zaman öz ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bunun üçün 20 ildən çox gözləyib, bundan sonra 5 il də gözləyə bilər. 5 il ərzində strateji balans Azərbaycanın xeyrinə daha kəskin dəyişəcək və ondan sonra ola bilsin ki, Rusiyanın köməyinə də ehtiyac qalmayacaq. Rusiyadakı siyasi dairələr bunu hesablayırlarsa Azərbaycanı itirməmək naminə obyektiv addımlar atmağa çalışmalıdırlar. Yox, əgər ruslar hesablarını düzgün götürməyəcəklərsə, məsələni uzadacaqlarsa, onda Azərbaycan üzünü çevirməyə tərəf tapacaq. Əgər ayıq olmasa ortada uduzan Rusiya olacaq. Rusiya yaxşı düşünməli, Azərbaycan amilini nəzərə almalıdır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirlərinin və həmsədrlərin iştirakı ilə mayın 16-da Vyanada keçirilib.

AzerTaym.az






Fikirlər