Azərbaycan, Pakistan və Türkiyə birgə hərbi təlimlər keçirə bilər

Azərbaycan, Pakistan və Türkiyə birgə hərbi təlimlər keçirə bilər

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb, bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib.

Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən, xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə naziri ölkəmizə göstərilən humanitar yardıma və beynəlxalq səviyyədə daim Azərbaycanın haqq işini dəstəklədiyinə görə Pakistan xalqına və dövlətinə minnətdarlığını ifadə edib.

Səfir azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində Pakistan mütəxəssislərinin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.






Fikirlər