İranla hərbi sahədə əməkdaşlıq inkişaf edəcək- ZAKİR HƏSƏNOV

Avqustun 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin ilə görüşüb.
Qurumdan unikal.org-a verilən məlumata görə, Müdafiə naziri Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.
Tərəflər hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti, hərbi təhsil və hərbi tibb sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, o cümlədən regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə səfir M.Pakayin İran Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi, polkovnik Əli Seyfini Müdafiə nazirinə təqdim edib.
General-polkovnik Z.Həsənov hərbi attaşeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.






Fikirlər