İlham Əliyevin qarşısından qaçan Sarkisyanın “dəvəquşu taktikası”... ...

 Картинки по запросу "sarkisyan əliyev"

Ermənistanın üçüncü prezidenti, taxtdan endirildiyi vaxtdan (2018-ci il) indiyə qədər susan Serj Sarkisyan nəhayət dilə gəldi. Məqsədi aydın görünür: Paşinyan hakimiyyətinin 44 günlük müharibədə məğlubiyyətindən istifadə edərək, özünü təmizə çıxarmaq. Hakimiyyəti Paşinyana təhvil vermədiyini deməsi, Dağlıq Qarabağ məsələsində özünü “qalib” kimi göstərmək cəhdi də bundan qaynaqlanır.

Birinci məqam Ermənistanın daxili məsələsidir və 2018-ci ildə Serjin “Baqramyan 33”-dən necə biabırcasına getdiyinin şahidi olan ermənilərin özü onun bu iddiasına cavab verir.

İkinci məqamı aydınlaşdırmağa, xüsusilə Sarkisyanın irəli sürdüyü iddiaların gerçək tərəfinə baxmağa ehtiyac var. Axı hər şey Miladdan öncə baş verməyib, bu tarixlə bizi cəmi bir neçə il ayırır:

Sarkisyan iddia edir:

- Mən münaqişənin həllinə səmimi qəlbdən hazır idim, buna çalışırdım;
- Azərbaycan ərazilərin qaytarılması üçün 5 milyard dollar təklif edib;
- “Aprel müharibəsi”ndə Azərbaycan ağır itkilər verdiyi üçün döyüşlərin dayandırılması xahişi ilə Rusiyaya müraciət edib;

Münaqişənin tarixini və danışıqlar yolu ilə həll prosesinin inkişafını bilən hər kəs Sarkisyanın yalan danışdığını anlayır. Onu da anlayır ki, Serjin uydurmalarının məqsədi özünü təmizə çıxarmaqdır. Hətta onun “həmişə nəsə verməyə yox, nəsə qazanmağa çalışmışıq” sözlərinə erməni siyasətçilər “5+2” variantı – öncə 5 rayonun qaytarılması, qaçqaınların geri dönüşü, daha sonra 2 rayonun taleyinin həll edilməsi məsələsi ilə cavab verir və yalan danışdığını deyirlər.

Serj Azatoviç münaqişənin həllinə “səmimi qəlbdən” hazır olduğunu deməklə müsahibəsinə səmimiyyətsizliklə başlayır. 1998-ci ildə Ermənistanın birinci prezidenti, münaqişənin həllinə razılaşan Levon Ter-Petrosyanı istefaya məcbur edən və parlament binasını gülləboran edilməsi aktının təşkilatçılarından biri elə Serj Sarkisyan (həmin vaxt (daxili işlər və milli təhlükəsizlik naziri idi) idi. Hələ o vaxt Sarkisyan da daxil olmaqla I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı törədənlər münaqişənin həllinə qarşı idilər.

Ter-Petrosyanı devirəndən sonra Ermənstanda xunta rejimi hakimiyyətə gəldi: Robert Koçaryan prezident, Serj Sarkisyan müdafiə naziri (2000-2007-ci illər), ardınca baş nazir (2007-2008-ci illər) oldu. Koçaryanın münaqişənin həll edilməməsi üçün əl atdığı müxtəlif təxribatlara Sarkisyan prezident (2008-2018-ci illər) olandan sonra davam etdi. Hərçənd, onların devirdiyi Ter-Petrosyan münaqişə həll edilmədiyi təqdirdə, Ermənistanın düşəcəyi vəziyyəti proqnozlaşdırmışdı. Onun dediyi kimi də oldu, Koçaryan-Sarkisyan cütlüyünün Ermənistana rəhbərlik etdiyi 20 il ərzində ermənilər səfalət içində yaşadılar. Sarkisyanın 2018-ci ildə taxtdan endirilməsinin səbəblərindən biri də məhz erməni xalqının 20 illik aclıq və səfalət həyatı idi.

Koçaryan-Sarkisyan cütlüyü hakimiyyətdə qalmaq, erməni xalqının səfaləti üzərindən milyardlarla pul qazanmaq üçün münaqişənin həllində maraqlı deyildi. Xunta rejimi uzun illər erməniləri uydurma təbliğatla aldadırdılar: “məğlubedilməz ordu” mifi...

Bu mif 2016-cı ildə baş verən “aprel müharibəsi” zamanı ilk kiçik təkanda darmadağın oldu.

Həmin vaxt hakimiyyətdə olan Serj Sarkisyan vaxt qazanmaq, danışıqların uzanması məqsədilə növbəti təxribata əl atdı və Azərbaycan Ordusunun ağır zərbəsi ilə üzləşdi.

Dörd gün davam edən döyüşlərdə Ermənistanın 300-dən çox hərbçisi məhv edildi, 500-dən çox hərbçisi yaralandı. Ordumuz işğalda olan ərazilərdən 2 min hektarını azad etdi. Bu döyüşlərdə Ermənistanın məğlubiyyəti erməni mediasında açıq şəkildə etiraf olunurdu: generallar da daxil olmaqla erməni hərbçilərin kütləvi fərrarilik etməsi faktları uzaq tarix deyil. Serj Sarkisyanın Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyaya müraciət edərək, döyüşlərin dayandırılması üçün yalvardığı da yaxın keçmişin faktlarıdır.

İndi guya Azərbaycanın məğlub olduğunu iddia edən Sarkisyan 2018-ci ilin arelində belə deyirdi: “Aprel döyüşlərində ordumuzun zəif olduğunu gördük”.

“Aprel müharibəsi”ndən sonra bölgədə yeni reallıq yarandı: Ermənistan danışıqlar masasında konstruktiv mövqe tutmalıdır, əks təqdirdə, güc variantı işə düşəcək.

2016-cı il mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Vyanada görüş keçirildi, ardınca iyunun 20-də tərəflər Rusiyanın vasitəçiliyi ilə Sankt-Peterburqda bir araya gəldilər.

Sant-Peterburq görüşündən dərhal sonra həmin vaxt Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri olan Novruz Məmmədov bildirdi ki, “münaqişənin həlli “mərhələli həll” planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir”.

Sarkisyan danışıqların detalları ilə bağlı həmişə olduğu kimi, indi də erməni cəmiyyətini aldadır.

Və “aprel müharibəsi”ndən sonra danışıqlar trafikində baş verənlər də Sarkisyanın “5 milyard dollar” iddiasının yalan olduğunu ortaya çıxarır. Əslində Sarkisyan ərazilərin qaytarılması qarşılığında 5 milyard dollar pul istəyirdi.

Bu ilin sentyabrında – 44 günlük müharibənin başlanmasından öncə Ermənistanın “lragir” saytında Sarkisyan hakimiyyətinin “aprel müharibəsi”ndən sonra münaqişənin həll edilməsi qarşılığında Minsk qrupuna 5 milyard dollarlıq sənəd-təklif təqdim etdiyinə dair məlumat dərc olundu.

Məlumatda deyilirdi: sənəd-təklif 2016-cı ilin “aprel müharibəsi”ndən sonra – 16 iyun tarixində Minsk qrupuna təqdim olunub. İrəvan istəyirdi ki, Laçın dəhlizi istisna olmaqla, Qarabağ ətrafındakı rayonları qaytarır, əvəzində Ermənistana 5 milyard dollar yardım ayrılmalıdır.

Həmin tarixdən – 16.06.2016 – bir ay öncə, mayın 16-da prezidentlər (İlham Əliyev və Serj Sarkisyan) Vyanada görüşmüşdü. Bu görüş ABŞ-ın təşəbbüsü idi. Görüş konkret sənəd ətrafında müzakirədən daha çox, tərəflərin atəşkəsə əməl etməsinə həsr olundu.

Rusiya iyunun 20-də ABŞ-ın münaqişənin həllində təşəbbüsü ələ almaq istəyinə qarşı Sankt-Peterburqda görüş təşkil etdi və açıqlamalar göstərirdi ki, konkret nəticələr var. Ermənistanın Vyana və Sankt-Peterburq görüşü arasında zamanı fürsət bilib - 16 iyunda 5 milyardlıq sənəd-təklif irəli sürməsi də ərazilərin qaytarılması məsələsinin real olduğunu, ermənilərin də əvəzində nəsə qoparmağa cəhd etdiklərini göstərir.

Sarkisyan indi Belarus prezidenti Aleksandr Lukaşenkoya dediyi “5 milyard istəmirəm, Azərbaycana 6 milyard verirəm, ərazilərdən imtina etsin” iddiası ilə özünü “qəhrəman” kimi göstərməyə çalışır. Halbuki, sözügedən qapalı görüşlə bağlı Lukaşenko 2018-ci ilin dekabrında açıqlama vermişdi:

“Biz Putinlə eyni mövqeyi sərgilədik: Serj, 5 rayonu qaytar. Bunu etməmək üçün heç bir səbəb yoxdur. O dedi: əgər bu rayonları qaytaracağamsa, onlar (Azərbaycan) orada Qarabağın yolunu kəsəcəklər. Onda biz Putinlə birgə söz verdik ki, Azərbaycan bunu etsə, biz öz qoşunlarımızı ora daxil edəcəyik. Serj dedi: yox, biz buna getməyəcəyik, bunu istəmirik...”.

Bu danışıq Qarabağ müzakirəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclaslarının birində baş tutmuşdu və puldan, yaxud iqtisadi imkandan söhbət edilmirdi. Əksinə, Ermənistan “aprel müharibəsi”ndən sonra ərazilərin qaytarılmasından başqa çıxış yolunun olmadığını anlayaraq, əvəzində milyard dollar qazanmaq istəyirdi.

Sarkisyan “dəvəquşu taktikası”na əl atsa da açıq mənbələrdə yayılan məlumatlar yalanlarını ifşa etmək üçün yetərincədir. Həm diplomatik, həm də hərbi cəbhədə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısından qaçan Sarkisyan indi keçmişi unutmağa, unutdurmağa çalışır, hərçənd, bütün bunlar uzaq tarix deyil.

Hazırda Ermənistanda 20 il ərzində erməni xalqına yalan danışanların, münaqişənin davam etməsinə və ermənilərin səfalət içində yaşamasına səbəb olanların yaranmış vəziyyətdən istifadə etməyə çalışdığı müşahidə olunur. Lakin Sarkisyan unutmamalıdır: 44 günlük müharibədə Azərbaycan Koçaryanın və onun “məğlubedilməz” dedikləri, fəxr etdikləri ordunu darmadağın edib və revanşizm cəhdləri olarsa, bunu sevə-sevə yenidən təkrarlaya bilər.

Asif Nərimanlı






Fikirlər