Erməni separatçılar rəsmi Bakını tələsdirir: Antiterror əməliyyatlarının vaxtı önə çəkilə bilər

Erməni separatçılar rəsmi Bakını tələsdirir: Antiterror əməliyyatlarının vaxtı önə çəkilə bilər

Xankəndi və ətraf bölgədə ermənilərin təxribatçı davranışları və terrorçuluq fəaliyyəti rəsmi Bakının səbrinin sınağa çəkilməsi təsiri bağışlayır; Ermənistan baş naziri Nikol Paşinyanın ötən ilin yayında cəsarət etdiyi analoji davranışlara verilən radikal reaksiyanın tezliklə təkrarlanacağı istisna deyil...

Azərbaycanın atdığı hər addım Ermənistanda xof yaradır. Dərhal narahat olurlar. Hay-küy salıb, ənənəvi himayədarlarını köməyə çağırmağa başlayırlar.

Əslində, ermənilərin narahat olması tamamilə normal haldır. Çünki savaşda məğlub olsalar da, hələ də öz siyasi fırıldaqlarından əl çəkməyiblər. Yenə də əvvəlki dövrlərdə olduğu kimi, "erməni xəyalları"nın baş tutacağına ümid bəsləyirlər.

Ancaq 44 günlük savaşın nəticələri onlara rahatlıq vermir. İstənilən halda, rəsmi Bakının qəzəblənə və radikal qərarlar qəbul edə biləcəyini də ehtimal edirlər. Üstəlik, dəyişən geopolitik şərtlər nəticəsində Azərbaycanın növbəti addımlarına ermənilərin ənənəvi himayədarlarının yenə də seyirçi qala biləcəyini anlayırlar. Əsas narahatlıqları da elə bu səbəbdəndir.

Ona görə də, hazırda Ermənistan cəmiyyətində ən çox müzakirə olunan mövzulardan biri də məhz Azərbaycan ordusunun növbəti genişmiqyaslı hərbi təlimlərə başlamasıdır. Bu təlimlərdən qorxurlar. Rəsmi Bakının yenidən hərbi əməliyyatlara hazırlaşdığını düşünürlər. Və Azərbaycanın hərbi gücü qarşısında Ermənistanın aciz durumda olması onları sözün əsl mənasında, xoflandırır.

Əlbəttə ki, rəsmi Bakı konkret hədəfi və məqsədi olmayan heç bir hərbi-siyasi addım atmır. Yəni əgər, hər hansı hərbi-siyasi prosesə start verilibsə, deməli, səbəb var. Və tezliklə səbəb də, nəticə də mütləq ortaya çıxacaq.

Ötən ilin avqust ayında da Azərbaycan Türkiyə ilə ortaq genişmiqyaslı  hərbi təlimlər keçirtmişdi. Səbəb rəsmi İrəvanın hərbi-siyasi təxribatları idi. Həmin təlimlərdən çox qısa zaman sonra hədəf və nəticə ortaya çıxdı. Azərbaycan ordusu savaşa başladı və cəmisi 44 gün ərzində 30 illik problemi həll etdi.

İndi Azərbaycan ordusunun yeni hərbi təlimlərə başlaması da məhz bu səbəbdən Ermənistan cəmiyyətində narahatlıq yaradıb. Erməni hərbi ekspertlər bu dəfə rəsmi Bakının hədəfinin əsas istiqamətlərini təxmin etməyə çalışırlar. Hətta Azərbaycan ordusunun tezliklə Ermənistan sərhədlərini keçməyə hazırlaşdığını iddia edənlər də var.

930254273d1efe19646eb84e321ec334.jpg (132 KB) Əlbəttə, bu hərbi təlimlər qətiyyən boşuna deyil. Son vaxtlar rəsmi İrəvan 10 noyabr və 11 yanvar anlaşmalarının icrasından yayınmağa, bu, mümkün olmadıqdasa, prosesi ləngitməyə cəhd göstərir. Və bu, rəsmi Bakını haqlı olaraq, narazı salır.

Bəzi məlumatlara görə, rəsmi İrəvanın anlaşmaların sürətli və ya qrafik üzrə icrasından yayınmağa çalışması Rusiyada da narazılıq doğurub. Hətta prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov səviyyəsində rəsmi İrəvana bu barədə bir neçə dəfə xəbərdarlıq edildiyi də bildirilir.

Paşinyan hakimiyyəti isə xəbərdarlıqlara cavab olaraq, Ermənistanın üçtərəfli anlaşmalara sadiq olduğunu vurğulayıb. Ancaq hər iki sənədin icrası üçün bir qədər zaman verilməsini də xahiş edib. Ermənistan baş naziri Nikol Paşinyanın əsas bəhanəsi odur ki, onun ölkəsində siyasi böhran yaşanır. Və Ermənistanda sabitliyin təmin edilməsi baxımından, bir qədər zamana ehtiyacı var.

Ancaq erməni baş nazir Ermənistanda sabitliyin bərpası üçün vaxt istəsə də, buna paralel olaraq, Xankəndidəki separaçılar regionda sabitliyi poza biləcək davranışlarını davam etdirirlər. Və bu, istənilən halda, yolverilməzdir.

xerite-14-EkranAlıntısı.JPG (58 KB) Birincisi, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan bölgə Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsidir. Bunu Rusiya prezidenti Vladimir Putin də bir neçə dəfə "Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir" deməklə, birmənalı şəkildə təsdiqləyib. Yəni, həmin ərazilərdə "erməni xəyalları"nın boşa çıxdığı qətiləşib.

Rəsmi Bakı isə Azərbaycan ərazilərində Ermənistan ordusunun olmasını qəbul edə bilməz. Halbuki 10 noyabr anlaşmasından 5 aya yaxın zaman keçməsinə baxmayaraq, Ermənistan ordusunun tör-töküntüləri hələ də həmin bölgədə qalmaqdadır. Üstəlik, erməni separatçıları hələ də həmin silahlı hərbi tör-töküntüləri qondarma "dqr"in ordusu kimi təqdim edir.

Məsələn, erməni separatçılarının təmsilçisi Vitaliy Balasanyan qondarma "dqr"in müdafiə ordusunun mövcudluğundan danışıb. Onun fikrincə, Rusiya sülhməramlı qüvvələri qondarma "dqr"in müdafiə sistemini tam təmin edə bilməz. Və bu separaçı hələ də iddia edir ki, Dağlıq Qarabağ ermənilərin olacaq.

Erməni separaçının bu açıqlamaları 10 noyabr və 11 yanvar anlaşmalarına qarşı təxribat xarakteri daşıyır. Ötən ilin yayında Ermənistan baş naziri Nikol Paşinyan da eyni məzmunda təxribatçı açıqlamalar verirdi. Nəticəsi yəqin ki, V.Baladanyana da məlumdur. Ermənistan kapitulyasiya məcburiyyətində qaldı.

rus_sulh-tort.jpg (183 KB) Ola bilsin ki, erməni separatçılar hazırda Xankəndi və ətraf bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsindən bir qədər arxayınlaşıblar. Və bunun səbəblərini tamamilə yanlış məzmunda anlayırlar.

Ancaq Rusiya sülhməramlı qüvvələri Xankəndi və ətraf bölgədə erməni separatçılarına qondarma dövlət qurmaq missiyası daşımırlar. Onların missiyası sadəcə, yaxın 5 il ərzində ermənilərin Azərbaycan dövlətinin tərkibində yaşamasına şərait yaradacaq prosesə dəstək verməkdir. Və 10 noyabr anlaşmasına uyğun olaraq, rəsmi Bakının tələb edəcəyi təqdirdə, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazilərini tərk edəcəklər.

Ona görə də, erməni separatçıların Rusiya sülhməramlı qüvvələrinin onları müdafiə etdiyi barədə təsəvvürləri tamamilə yanlışdır. Bu aldadıcı təsəvvürlərə uyub, rəsmi Bakını qəzəbləndirə biləcək təxribat xarakterli açıqlamalar isə olduqca təhlükəli nəticələr verə bilər. Çünki, Azərbaycanın səbri tükəndiyi an həmin təxribatçı açıqlamaların sərt şəkildə cavabının veriləcəyi qətiyyən şübhə doğurmur.

Rəsmi Bakı bunu artıq bir dəfə edib, qətiyyətli davranma qabiliyyətini də təsdiqləyib. Heç şübhəsiz ki, erməni separatçıların təxribatçı davranışları davam edərsə, bir daha təkrarlana bilər.

esir-ermeni-52122-1608119596.jpg (216 KB) Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər mütləq Azərbaycan pasportu almalıdırlar və vətəndaşlığı qəbul etməlidirlər. Əks halda, Azərbaycan ərazilərində yaşamaq hüququna malik olmayacaqlar.

Bunun əksinə, separatizm fəaliyyətinin davam etdirilməsi, təxribatçı açıqlamaların verilməsi rəsmi Bakının səbrini doldura bilər. Üstəlik, silahlı erməni terror dəstələrinin hələ də özünümüdafiə ordusu adlandırılması ümumiyyətlə, Azərbaycan üçün qəbuledilməzdir. Bu, rəsmi Bakını ən radikal addımlara sövq edir. Və belə bir sərt addımlar atılacağı təqdirdə, erməni separatçıların Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənə biləcəyi qətiyyən inandırıcı deyil.

Ancaq görünən odur ki, erməni separatçılar hələ də bu sadə reallıqları anlamaqda çətinlik çəkirlər. Azərbaycan ərazilərində silahlı terrorçuluq fəaliyyətini davam etdirirlər.

Belə anlaşılır ki, erməni separatçılar əslində, rəsmi Bakının səbrini sınağa çəkməyə çalışırlar. Halbuki, bu, rəsmi Bakını bir qədər də tələsik davranmaq məcburiyyətində qoya bilər. Yəni, Azərbaycanın Xankəndi və ətraf bölgədə antiterror əməliyyatlarının vaxtını ehtimal olunandan daha yaxın zamana çəkə biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu






Fikirlər