“Mən heç bir dairədə YAP namizədlərinə real alternativ görmürəm”

 

 Ağalar Vəliyev: “97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində də YAP namizədi olaraq, böyük fərqlə qalib gələcəyimizə şübhəm yoxdur”

 

Müsahibimiz noyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər dairəsindən irəli sürülmüş hazırki millət vəkili Ağalar Vəliyevdir.

 

 DOSYE: Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci ilin iyulun 23-də Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. 1963-cü ildə Yevlax şəhər 2 saylı orta məktəbinin I sinifinə daxil olmuş və 1973-cü ildə həmin şəhərin 8 saylı orta məktəbinin X sinifini bitirmişdir. 1973-cü ildə Mingəçevir Politexnik Texnikumunun “Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1976-cı ildə həmin texnikumu bitirmişdir.

 A.İ.Vəliyev əmək fəaliyyətinə 1976-cı ilin martın 26-da Yevlax Dəmir-Beton Məmulatları zavodunda III dərəcəli fəhlə kimi başlamışdır. 1976-cı ilin may ayından 1978-ci ilin may ayınadək həqiqi hərbi xidmətdə olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra Yevlax Dəmir-Beton Məmulatları zavodunda texnik-laborant, laboratoriya mühəndisi, texniki-istehsalat şöbəsinin rəisi, baş mühəndis, direktor əvəzi və direktor vəzifələrində işləmişdir.

O, 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1989-cu ildə həmin institutu “İnşaatçı-mühəndis” ixtisası üzrə bitirmişdir.

1991-ci ildə “Azəravtoyol” İstehsalat Birliyinin Yevlax “Körpü Tikinti” Kombinatının baş direktoru vəzifəsinə, 1993-cü ildə isə Yevlax “2 saylı Yol Təmir Tikinti” Trestinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 19 iyun 1996-cı il tarixli sərəncamı ilə A. Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunmuşdur. “Tikinti kompleksinin inhisarlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 02 dekabr 1997-ci il tarixli 646 saylı Fərmanının icrasına uyğun olaraq A. Vəliyev 01 mart 1998-ci il tarixindən “Azəraqrartikinti” Dövlət Şirkətinin bazasında yaradılmış “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri-prezidenti vəzifəsinə seçilmişdir.

A. Vəliyev ölkənin inşaat-tikinti sektorunda özünəməxsus yeri və böyük nüfuzu olan “Azəraqrartikinti” ASC-yə rəhbərlik etdiyi illər ərzində Bakı şəhərində və respublikanın rayonlarında yüzlərlə müxtəlif təyinatlı tikililər, binalar, qurğular inşa edilmiş, bir sıra strateji əhəmiyyətli obyektlər və avtomobil yolları istismara verilmişdir. Bu obyektlərin bir çoxlarının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmiş və görülən işləri yüksək dəyərləndirmişdir.

2010-cu ilin noyabr ayında A. Vəliyev Yeni Azərbaycan Partiyasından irəli sürülmüş namizəd kimi 11 saylı Qaradağ Seçki Dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Hazırda A. Vəliyev Milli Məclisin deputatı kimi fəaliyyət göstərir, parlamentin İqtisadi siyasət komitəsinin, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür və Azərbaycan-Slovenya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli sərəncamı ilə A. Vəliyev “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş və 10 aprel 2012-ci il tarixli fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

A. Vəliyev evlidir, bir oğlu və bir nəvəsi var.

 

- Ağalar müəllim, artıq 1 noyabr seçkilərinə iki həftə qalır. Hazırda təbliğat-təşviqat dövrüdür. Bu seçki kampaniyası dövrünü necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, əvvəlki seçkilər kimi, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər də Azərbaycanda demokratiyanın növbəti təntənəsinə çevriləcək. Bunun üçün hər cür şərait yaradılmışdır ki, bütün namizədlər bərabər şərtlər altında sağlam seçki rəqabəti şəraitində mübarizə aparsınlar, öz platformalarını seçiciləri ilə paylaşsınlar. Sevindirici haldır ki, əhalinin də seçkiyə marağı böyükdür və onlar iki həftə sonra seçki məntəqlərinə üz tutaraq öz iradələrini azad şəkildə bəyan edəcəklər. Şübhə yoxdur ki, bu parlament seçkilərinin də açıq-aşkar favoriti Yeni Azərbaycan Partiyasıdır. Ölkədə aparılan uğurlu daxili və xarici siyasət, abadlıq-quruculuq işləri, əldə edilən analoqsuz iqtisadi inkişaf, əhalinin həyat səviyyəsinin yüksəlməsi və s. bu kimi amillər partiyamızın namizədlərinin xalqın mütləq əksəriyyətinin səsini və dəstəyini qazanacağını əminliklə söyləməyə əsas verir.

 - Siz hazırda da Milli Məclisin üzvüsünüz. Deputat kimi, ötən 5 ilki fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Şübhəsiz ki, bu suala mənim özümün cavab verməyim, ən azı etik cəhətdən doğru olmazdı. Bunu mənə səs verənlər, hazırda deputatı olduğum dairənin seçiciləri deyə bilərlər. Amma təvazökarlıqdan uzaq olsa da, bunu qeyd etməliyəm ki, millət vəkili kimi, arxada qalan 5 ildə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsipləri və hörmətli dövlət başçımız cənab İlham Əliyevin qarşıya qoyduğu proqram xarakterli vəzifələri rəhbər tutaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin dəstəklənməsi və onun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətlərində xeyli işlər görülüb. "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" və "Daxili Nizamnaməsi haqqında" Qanunların tələblərinə uyğun olaraq qanunvericilik, təmsilçilik, nümayəndəlik funksiyalarının icrası ilə yanaşı Qaradağ rayonunun ictimai-siyasi həyatında fəallıq göstərilməsi, hazırda deputatı olduğum 11 saylı Seçki Dairəsinə daxil olan 8 qəsəbənin sosial-iqtisadi problemlərinin həllinə köməklik edilməsi millət vəkilinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil etmişdir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olaraq ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strateqiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə yönələn bir sıra qanunların, o cümlədən 2011-2015-ci illərin "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" , "Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsi haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "Sığorta fəaliyyəti haqqında", "Patent haqqında" və digər önəmli iqtisadi qanunların hazırlanmasında fəal iştirak etmiş, qanunların qəbulunda nəzərə alınan təkliflər vermişəm. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olaraq, Avropanın müxtəlif ölkələrində keçirilən qış və yaz sessiyalarında, o cümlədən Assambleyanın cari ilin iyul ayında Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunan və ATƏT-in yaradılmasının 40 illik yubileyinə həsr olunmuş 24-cü illik sessiyasında iştirak etmişəm, müzakirə olunan məsələlərə dair ölkəmizin mənafeyinə uyğun prinsipial mövqeyini nümayış etdirmişəm. 11 saylı Qaradağ Seçki Dairəsindən Milli Məclisin deputatı olaraq Qaradağ rayonunun qəsəbələrinin seçiçiləri ilə keçirilən müntəzəm görüşlərimdə, aparılan mütəmadi qəbullarda, vətəndaşların fərdi və kollektiv müraciətlərində qaldırılan problemlərin həllinə köməklik göstərilməsi, məhəllədaxili yolların asfaltlanması, əhalinin enerji daşıyıcıları və komunal xidmətlərlə təminatının yaxşılaşdırılması məqsədi ilə tərəfindən son beş il ərzində xeyli işlər görülmüşdür. Belə ki, Sahil, Qobustan, Ələt, Müşfiqabad, Qızıldaş, Səngəçal, Ümid və Çeyildağ qəsəbələrinin müxtəlif küçələrinə ümumilikdə 61 000 kv.metr sahəyə yeni asfalt örtüyü döşənmişdir. Sakinlərin elektrik enerjisi ilə təhçizatının normallaşdırılması üçün Ələt qəsəbəsində 2 ədəd 400 kva-lıq, Qızıldaş qəsəbəsində 2 ədəd 630 kva-lıq, Səngəçal qəsəbəsində 1 ədəd 400 kva-lıq və 1 ədəd 600 kva-lıq müasir elektrik transformatoru quraşdırılmışdır. Ümid qəsəbəsində sel və lay sularının qarşısının alınmasını və ötürülməsini təmin edən müasir tipli qurğular tikilmişdir. Qaradağ rayonunun qəsəbələrinin ayrı-ayrı ünvanlarında su və kanalizasiya xətlərinin əsaslı təmirinə zəruri köməklik göstərilmiş, Ələt qəsəbəsində 2200 p/metr uzunluğunda, Qobustan qəsəbəsində 1100 p/metr uzunluğunda müxtəlif ölçülü yeni su boruları çəkilmişdir. Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində çoxmərtəbəli yaşayış binalarında istismara yararsız vəziyyətdə olan 172 ədəd liftin əsaslı təmirinə köməklik göstərilməsi üçün respublikanın aidiyyatı qurumları qarşısında məsələ qaldırılmış və hazırda həmin liftlərin yeniləri ilə əvəz olunması davam etməkdədir. Ölkə rəhbərliyinin insan kapitalının formalaşdırılması siyasətinin, təhsil sistemində aparılan islahatların dəstəklənməsi və təlimdə nailiyyətləri olanların stimullaşdırılması məqsədi ilə 2011-2015-ci tədris illəri ərzində millət vəkilinin tərəfindən Qaradağ rayonunun 8 qəsəbəsinin 19 ümumtəhsil məktəbinin I-XI siniflərinin 999 əlaçı şagirdə fərqlənmə təqaüdü verilmiş, 600-dan yuxarı balla ali məktəblərə daxil olmuş 61 tələbəyə pul mükafatları təqdim edilmiş, 3 aztəminatlı tələbənin təhsil haqqı ödənilmiş, bir sıra təhsil müəssisələrinə noutbuklar və kompüter dəstləri hədiyyə olunmuşdur.

Milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq deputatın maliyyə dəstəyi ilə rayonun imkansız mömin seçicilərinin ölkə xaricindəki müqəddəs ziyarətgahlarda olması ücün cari il də nəzərə alınmaqla 153 zəvvarın Məşhəd ziyarətinə, 26 zəvvarın isə Həcc ziyarətinə göndərilməsinə nail olmuşam. Bunlar görülən işlərin heç də hamısı deyil. Hesab edirəm, Qaradağ seçicilərinin yaddaşında ötən illər ərzində gördüyümüz işlərlə müsbəöt izlər qoymağı, onlarda xoş təəssürat yaratmağı bacarmışıq ki, partiyamızın növbəti 5 ildə onu Milli Məclisdə təmsil etmək üçün yenidən etimad göstərib. 1 noyabr seçkilərində xalqdan alacağımız səslə bu etimadı doğruldacağıma inanırıq.

 - Ağalar müəllim, hazırda namizəd olduğunuz dairədə təbliğat kampaniyası necə keçir?

- Namizəd olduğumuz dairəni əhatə edən kəndlərdə seçicilərlə görüşlərimiz davam edir. Bu görüşlərdə vətəndaşların cənab Prezidentimizə, dövlətimizə, partiyamıza dərin inam və etimadının, hədsiz rəğbətinin və böyük dəstəyinin şahidi oluruq. Biz də öz növbəmizdə seçicilər qarşısındakı çıxışlarımızda cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublikamızda, eləcə də respublikamızdan kənarda apardığı sosial iqtisadi işlərdən geniş danışır və seçiciləri 1 noyabrda YAP-ın namizədlərinə səs verməyə çağırırıq. Bu çağırışımızın cavabsız qalmayacağına inamımız tamdır. Mən heç bir dairədə YAP namizədlərinə real alternativ görmürəm. Elə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində də YAP namizədi olaraq, böyük fərqlə qalib gələcəyimizə şübhəm yoxdur.

 - Seçicilərlə görüşlərdə onların sizdən istəyini bilmək maraqlı olardı.

- Xalqın gözü tərəzidir və onlar hazırda ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğu və iqtisadi yüksəliş istiqamətində atılan addımları yüksək qiymətləndirir, cənab Prezidentin rəhbərliyi altında alternativi olmayan bu daxili və xarici siyasətin davam etdirilməsini istəyirlər. Bizdən də gələcəyin millət vəkillləri olaraq, Azərbaycanın qanunverici bazasının möhkəmləndirilməsi, xalqla hakimiyyət arasında birliyin və bərabərliyin daha da gücləndirilməsi istiqamətində səmərəli fəaliyyət gözləyirlər.

 - Ağalar müəllim, seçicilərinizə sözünüz varmı?

- Seçicilərimizə sözümüz çoxdur və biz onlarla görüşlərdə sözümüzü əyani şəkildə onlara çatdırmağa çalışırıq. Amma hər halda, sizin vasitənizlə də bəzi fikirlərimi çatdırmaq istəyirəm. Bu ilki seçkilərdə deputat seçilərəmsə, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin ərazisində yaşayan vətəndaşların problemlərinə də hazırda millət vəkili olduğum dairədə olduğu kimi, eyni həssaslığı göstərməyə, onları narahat edən məsələlərin yoluna qoyulmasına çalışacağam. Yəni dövlətimizə və xalqımıza xidmət mənasında mahiyyətcə dəyişən heç nə olmayacaq, dəyişən sadəcə, seçki dairəsidir. Azərbaycanın hər yeri, hər qarışı bizim üçün doğmadır, partiyamız və xalqımız bizə harada görəv imkanı verərsə, orada da cənab Prezidentimizin uğurlu daxili və xarici siyasətinin dəstəklənməsi, dünya birliyində öz layiqli yerini tutmuş ölkəmizin daha da güclənməsi, çiçəklənməsi istiqamətində əlimizdən gələni etməyə, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq.

 - Ağalar müəllim, maraqlı söhbət üçün sizə təşəkkür edir və 1 noyabr seçkilərində uğurlar arzulayırıq.

- Sağ olun. Əminəm ki, hər bir Azərbaycan seçicisi 1 noyabrda demokratiyanın növbəti təntənəsində yaxından iştirak edəcək, öz səsini inkişafa, sabitliyə, əmin-amanlığa, firavanlığa verəcəkdir.

 

Söhbətləşdi : A.Abdul

 

 






Fikirlər