ABŞ-Rusiya arasında “soyuq müharibə“: Sanksiyalar sərtləşdirilir...

ABŞ-Rusiya arasında “soyuq müharibə“: Sanksiyalar sərtləşdirilir

Bir neçə gün əvvəl ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Jeyk Sullivan Aleksey Navalnı ilə bağlı Rusiyaya yeni sanksiyalar hazırlandığını deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə öz növbəsində bu açıqlamaya cavabı gecikdirməyib. “ABŞ-ın qanunsuz hərəkətlərinə hər zaman məntiqi cavabımız olub”,-deyə diplomat bildirib.

Məsələni Yenisabah.az-a şərh edən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Co Baydenin Vladimir Putinlə görüşdən razı qalmadığını diqqətə çatdırıb:

“Navalnının azad edilməsi məsələsi ortaya qoyulanda Putin onun törətdiyi hansısa böyük cinayətlərdən, günahlardan danışır. Təbii ki, bu Baydeni tətmin edə bilməz, çünki Bayden Putindən birbaşa Navalnını azad etməsini tələb edir, o isə durmadan, “Bu adamı cəmiyyətə buraxmaq olmaz”,- deyir. Bayden görüşün nə qədər səmimi şəraitdə keçdiyini söyləsə də, reallıq belə deyil. Məsələn, "Washington Post" qəzeti yazır ki, Baydenin yaxın ətrafından olan bir şəxs bu adamın həmişə yalan danışdığını deyir. Bu səbəblə görüşün ciddi nəticə ilə bitmədiyini, hətta nəticəsiz bitdiyini düşünürəm”.

Siyasi şərhçinin sözlərinə görə, Baydenin Putinə yeganə güzəşti ondan ibarət oldu ki, Baltik dənizinin dibindən Avropaya çəkilən ikinci qaz kəmərinin inşasının davam etdirilməsinə etiraz etmədi:

“Amma Qərb şirkətlərinin yenidən Rusiyaya qayıtmasına qadağalar, sanksiyalar hələ də davam edir. Bu sanksiyaların sırasına yeniləri də əlavə olunub. Rusiya bir sıra məsələləri, məsələn, Ukraynanın, Gürcüstanın  NATO-ya qəbul olunmasını qırmızı xətt kimi Baydenə deyib. Bayden isə cavab olaraq yazılı hər hansı öhdəlik vermədiklərini bildirib. Nəticə etibarilə bir çox məsələlərdə Rusiya ilə ABŞ-ın fikir ayrılığı yaşadığını görürük”.

Qabil Hüseynli qeyd edib ki, sürətlə silahlanma davam edəcək, amma bu, Rusiyaya heç nə verməyəcək, onu iqtisadi cəhətdən daha da zəiflədəcək:

“Qarşıda Rusiyanın maliyyə imkanlarını ağırlaşdıran sanksiyaların tətbiq edilməsi gündəmdədir. Söhbət Rusiyanın beynəlxalq maliyyə bank sistemindən çıxarılmasından gedir ki, bu istiqamətdə hazırlıqlar var. ABŞ-Rusiya  münasibətlərinin gərginləşməsi davam edəcək. Baydenlə Putinin görüşündən əvvəl də Rusiyanı ciddi təhdid edən NATO-nun Zirvə Toplantısının bəyanatı dərc olunmuşdu. Bu bəyanat Rusiyaya qarşı ağır ittihamlar irəli sürür. Bir sözlə, soyuq müharibə dövrü başlamış hesab edilə bilər. Onun bütün ağırlıqlarını Rusiya çiyinlərində daşımalı olacaq”.

ABŞ-Rusiya arasında “soyuq müharibə“: Sanksiyalar sərtləşdirilir






Fikirlər