Üçüncü QARABAĞ SAVAŞI mümkündürmü?..

Üçüncü Qarabağ Savaşı mümkündürmü?..

Növbəti hərbi kampaniyanı başlamaq üçün rəqib resurslarını mobilizasiya etməlidir. Amma çətin ki, bu, yaxın gələcəkdə mümkün olsun, çünki onun hərbi birləşmələri darmadağın olunub, işğal altında olan torpaqlarda on illərlə yaratdığı hərbi infrastruktur sıradana çıxarılıb.

Hətta ən adi resurs belə - insan resursları ən aşağı səviyyədədir. Bir  tərəfdən, demoqrafik göstəricilər, digər tərəfdən də insanların ruhiyyəsi kritik vəziyyətdədir. Ona görə də dərhal belə bir sual yaranır: Bəs onda erməni hakimiyyətinin isterik ritorik hərbi tutmaları nə ilə bağlıdır?.. 

Birincisi, İrəvan sentyabr ərəfəsində Moskvaya təzyiqi artırmağı düşünür, belə ki, sentyabrda KTMT–də sədrlik Ermənistana keçəcək. Təsadüfi deyil ki, hərbi isterikanın əsl partlayışını biz məhz KTMT-nin Baş katibi Stanislav Zasın İrəvana səfəri zamanı müşahidə etdik.

KTMT–ni Azərbaycanla münaqişəyə cəlb etmək – bu, erməni siyasətçilərinin, diplomatlarının və hərbçilərinin arzusudur. Amma hələ ki bunun üçün ən azı predmet olmayıb. Ermənilər belə hesab edir ki, sərhəddə demarkasiya və delimitasiya işlərinin başlaması ilə belə bir predmet yarana bilər və yaxud da artıq yaranıb. Çünki onların fikrincə, Azərbaycan bu işləri güc vasitəsilə həyata keçirir. 

Məhz buna inandırmaq üçün İrəvan Azərbaycanla sərhəd boyunca müxtəlif təxribatlar yaradır. Amma çətin ki, onun bu istəyi Moskva və  müttəfiqləri üçün məqbul və cəlbedici ola bilsin. Ermənilər daim can atıblar ki, Rusiyanın bölgədəki maraqlarrını bütünlüklə öz maraqlarına tabe etsinlər. Fəqət bu vaxta qədər İrəvan buna nail olmayıb və bundan sonra da olmayacaq – ona görə ki, Rusiya regional supergücdür, onun Cənubi Qafqazda öz maraqları var və Ermənistan bu maraqlar üçün sadəcə, bir vasitədir. 

Amma Azərbaycanı da gərginlik içində saxlamaq Moskvanın maraqlarına daxildir. Kreml həmişə ehtiyat edib ki, Gürcüstanın ardınca Azərbaycan da özünün NATO siyasətini güclənidrəcək.

Bakı bunu bilirdi, ona görə də Moskvanın bu narahatlığına son qoymaq üçün Bloklara Qoşulmayanlar Hərəkatına üzv oldu.

Amma Kremli Bakının Ankara ilə yaxınlaşması da əndişələndirir – burada vəziyyət NATO-dan daha qəlizdir. Ona görə də Azərbaycanı gərginlik içində saxamaq, dediyimiz kimi, Moskvanın maraqlarına cavab verir.

İkincisi, Qarabağ hərbi-siyasi teatrında indiki vəziyyəti donmuş şəkildə saxlamaq – Ermənistan son vaxtlarda həm də buna can atır. 

Burada Yaxın Şərq ölkələrinin bəlli təcrübəsi var. Bu regionda qlobal qarşıdurmalar artıq yoxdur, amma lokal toqquşmalar hələ də qalır. Bir də baxıb görürsən ki, fələstinlilər və yaxud da livanlılar İsraili raket atəşinə tutur. Bu ən pis ssenaridir və biz belə vəziyyətə hazır olmalıyıq.

Yadımıza gəlir ki, İkinic Qarabağ Savaşının əvvəlində rus politoloqlar işarə edirdilər ki, Azərbaycan və Ermənistan əsl müharibənin nə olduğunu bilmir, raketlər Bakıya və İrəvana uçanda onlar biləcəklər ki, əsl müharibə necə olur. 

Demək lazımdır ki, biz qismən bunu bildik: bizim Gəncə raket atəşinə tutuldu, nəticədə dinc sakinlər, uşaqlar, qadınlar və qocalar həlak oldular.

Qeyd edək ki, erməni raketlərinin izi tez itirildi – hələ də məlum deyil ki, məsələn, "İsgəndər” raketləri ermənilərin əlinə necə keçmişdi – axı bu raketlər vaxtilə Ermənistana gətiriləndə ruslar demişdi ki, guya onlar Rusiya hərbi bazaları üçün nəzərdə tutulub. Amma təəccüblüdür ki, onlar məhz İkinci Savaş zamanı ermənilərin əlinə keçdilər.

Ona görə də Azərbaycanla Ermənistan arasındakı münasibətlər düyünü açılmaq əvəzinə bir az da dolaşır. Odur ki, arxayınlaşmamalıyıq. Hərbi ritorika hərbi təxribatlarla müşayiət oluna bilər. İndi Ermənistanın yeni müdafə naziri var, amma onun ritorikası keçmiş nazir D.Tonoyanın tonunu xatırladır.

İsrail hərbi terrorçulardan özünün "Dəmir qübbə”silə müdafiə olunur. Düşünürük ki, biz burada Yerusəlimdən nəsə öyərənə bilərik. Rusiyaya da sona qədər arxayın olmaq olmaz. Moskva donmuş, amma ara-bir atəşkəs pozuntuları ilə müşayiət olunan münaqişənin marağındadır, əks təqdirdə, rus "sülhməramlılar”ının bölgədə yerləşməsini əsaslandırmaq üçün "predmet” tapılmaz...

Hüseynbala Səlimov /Qaynarinfo






Fikirlər