MTN-çilərin şərlədiyi jurnalistin məhkəməsi başlayır – “İndi söz məhkəmənindir…”
Pərviz Həşimlinin ailəsi son MTN olaylarından sonra haqq-ədalətin bərqərar olacağına inanır MTN-də yaşanan məlum hadisələr “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin azadlığa çıxması ilə bağlı ehtimalları artırıb. Jurnalistin iki il öncəki həbsində birbaşa adı hallanan Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasından və P.Həşimlinin həbsi əməliyyatını həyata keçirən şəxslərin bir qisminin saxlanılmasından sonra cəmiyyətdə bu məsələ ilə bağlı müzakirələr də başlanıb. P.Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova musavat.com-a açıqlamasında bildirdi ki, Pərvizlə telefonla danışanda bu məsələ barədə də müzakirə aparıblar. Müsahibimizin sözlərinə görə, ailə olaraq növbəti məhkəmə instansiyasında obyektiv qərarın çıxarılacağına ümid edirlər: “Əgər obyektiv məhkəmə keçsə, Pərvizə bəraət verilər. Çünki İlqar Əliyevin Pərvizə şər atdığı açıq-aşkar görünür. Oktyabrın 27-dəki məhkəməyə ümid edirik”. P.Həşimlinin vəkili Bəhruz Bayramov isə daha öncə bizə açıqlamasında bildirib ki, jurnalistin həbsində MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Əliyev və onun müavini İlqar Əliyevin birbaşa əli var idi: “Pərviz deyirdi ki, həbs olunanda İlqar Əliyevin otağında ona işgəncə verə-verə Əli Nağıyevin və başqalarının əleyhinə olan saxta ifadəyə qol çəkdirmək istəyiblər. Hər 5 dəqiqədən bir İlqar Əliyev Hilal Əsədova məlumat verirmiş. Pərviz qol çəksəydi, müəyyən şəxslər həbs olunmalı idi. Xüsusi təyinatlılar hazır vəziyyətdə dayanıblar. Bu proses səhərə qədər davam edib. Görüblər ki, mümkün deyil, ondan sonra xüsusi təyinatlıları sərbəst buraxıblar. Bütün bunları Pərviz mənə dedi. Mənə onu da dedi ki, həmin saxta ifadəyə qol çəkməsi üçün İlqar Əliyev onu gah döyürmüş, gah da şirnikləndirici təkliflər edirmiş. Məsələn, deyirmiş ki, həmin məmurlar haqda yalandan ifadə versə, ona 1 milyon pul verəcəklər, həmçinin geniş imkanlar yaradacaqlar”. P.Həşimlinin vəkili Bəhruz Bayramov da “Yeni Müsavat”a açıqlamasında jurnalistin həbsi ilə bağlı faktları açıqlayıb: “Pərviz Həşimlinin həbsi qeyri-qanuni idi. İnsan ləyaqətinə yaraşmayan hərəkət etdilər. Təsəvvür edin ki, Pərviz bəy həbs olunur, onun evinə maskalı şəxslər göndərilir. Onlar da Pərvizin həyat yoldaşı və 5 yaşlı uşağı olan evə hücum edirlər. Həmin hadisələrin stressindən uşaq uzun müddət ayılmadı. Mətbuatda bu barədə sözümü dedim. Pərvizin ailəsi Biləcəridəki evi tərk edərək, Yasamala birotaqlı evə köçdü. Hətta orada da rahat buraxmadılar. Maskalı şəxslər yenə də gəlib qapını döymüşdülər. Jurnalistlərin iştirakı ilə bu məsələ təsdiqini tapdı. Bunlar yolverilməz idi. Pərviz həbs edilərkən, Bakı Ağır Cinayətlər Məhkəməsində MTN-in keçmiş müstəntiqi Novruz Kərimova işin həvalə edilməsi prosesin davamı idi. İşin qərəzliliyi bir daha sübut olundu. Hesab edirəm ki, onların törətdiyi cinayətlər öz təsdiqini tapıb. Onların həbs olunması nə qədər qanunsuz iş görmələrini təsdiq edir. Söz məhkəmənindir. Pərviz Həşimlinin oktyabrın 27-də Ali Məhkəmədə prosesi olacaq. Məhkəmənin qərarı ilə o, bəraət almalıdır. Həbsdə qalmasına heç bir əsas görmürəm”. Vəkil jurnalisti həbs etdirənlər barədə aidiyyəti orqanlara müraciətlər ünvanlayacaqlarını dedi: “Müraciət üçün məhkəmə qərarı olmalıdır. Məhkəmənin ədalətli olacağına əminəm. Bəraət qərarı olmalıdır ki, biz onların qanunsuz əməlləri barədə digər hüquq-mühafizə orqanlarına müraciət edək”. B.Bayramov “Bizim Yol”un əməkdaşının həbsində E.Mahmudovun adının keçməsinə münasibət bildirdi:“Dəqiq deyə bilmərəm ki, bu həbs birbaşa Eldar Mahmudovun tapşırığı əsasında həyata keçirilib. Amma qeyd edim ki, həbsdə MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Əliyev və onun müavini İlqar Əliyevin birbaşa əli var idi. MTN-in Gəncə şəhər şöbəsinin rəis müavini Elşən tərəfindən həbsin ssenarisi hazırlanmışdı. Pərvizin üzünə duran Təvəkkül adlı şəxs oradan tapılmışdı. Pərvizə verilən ağır işgəncələrə baxmayaraq, kimlərə qarşısa yalandan şər atılan kağıza qol çəkməkdən imtina etdi. Məhz buna görə də MTN-in Gəncə şöbəsinin rəis müavini Elşəni işdən çıxardılar. Çünki istədiklərini həyata keçirə bilməmişdi. Bu məsələlər məhkəmə prosesində aşkarlandı. Pərvizin özü indi dediklərimi məhkəmədə deyib. Həbsinin səbəblərini olduğu kimi açıqlayıb”. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin MTN-in sabiq müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini olan general-mayor Əli Nağıyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova şər atmaq üçün həbs olunması barədə sensasion faktlar açıqladı: “Pərvizə 1 milyon manat pul təklif etmişdilər. İstədikləri kağıza qol çəkməyin müqabilində. Onların Əli Nağıyev və Cavid Qurbanovla düşmənçilikləri var idi. Onlara qısqanclıqla yanaşırdılar. Hər iki məmuru ”vurmaq” üçün Pərviz Həşimlidən istifadə etmək istədilər. Amma Pərviz bütün işgəncələrə dözdü və onların istədiklərini etmədi. Cavid Qurbanovla Pərviz Həşimlinin münasibəti parlamentdən yaranmışdı. Pərviz parlament müxbiri idi. Başqa deputatlarla da yaxınlığı, salamı vardı. Əli Nağıyevin qardaşı ilə isə Həcc ziyarəti zamanı tanış olmuşdular. Bundan kənar o məmurlarla heç bir əlaqələri, münasibətləri olmayıb Pərvizin.” Pərviz Həşimlinin oktyabrın 27-də Ali Məhkəmədə prosesi olacaq. Qeyd edək ki, jurnalist 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Ona qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib.