“Qarabağla bağlı qətnamələr vaxtında icra edilsəydi, münaqişənin həllində qan tökülməzdi”
Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə söhbəti Azərbaycanın Vətən müharibəsi həqiqətlərinin izah və müdafiə edilməsi kontekstində mühüm təsirə malikdir. Prezident İlham Əliyev hələ müharibə günlərində beynəlxalq auditoriya ilə başlatdığı böyük tarixi, ideoloji-maarifçilik işini bu gün də davam etdirdi. Dövlət başçısı Qarabağ münaqişəsinin tarixi, həlli prosesi və Vətən müharibəsinin həqiqətləri ilə bağlı aylar, illər öncə hansı fikirdə idisə bu gün də həmin mövqelərdə olduğunu bir daha göstərdi. Yenisabah.az xəbər verir ki, bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti münaqişənin həlli və Vətən müharibəsinin həqiqətləri barədə dəyişməyən, sabit, həqiqi və ardıcıl baxışlar sisteminə malikdir: "Prezident İlham Əliyev 30 ildən çox müddətdə Azərbaycanın sülhyaratma siyasətinin anatomiyasını BMT nümayəndəsinə bir daha izah etdi. Azərbaycan Prezidenti münaqişənin həlli və 44 günlük müharibə barədə BMT rəsmisinə mütləq həqiqət olan fikirlərini söylədi. Prezident müharibəyə qədər Qarabağ danışıqlarının səmərəsizliyinin bütün səbəblərini çox əsaslı formada izah etdi. Heç kim Prezidentin bu fikri ilə mübahisə edə bilməz ki, Ermənistanla bərabər onun təcavüzünü zamanında dayandırmaq istəməyən beynəlxalq instansiyalar da ağır məsuliyyət daşıyır. Həqiqətən də BMT-nin məlum qətnamələri öz zamanında icra edilsəydi, müharibə qaçılmaz varianta çevrilməzdi.A zərbaycan Prezidenti münaqişənin qansız həlli imkanlarının əldən buraxılmasında beynəlxalq vasitəçilərin və təşkilatların şəksiz məsuliyyətini açıb göstərdi və sübut etdi ki, Ermənistana lazımı və layiq olduğu təzyiqi göstərməyənlər tarixin ittihamından qaça bilməyəcəklər. Dövlət başçısı Azərbaycan diplomatiyasının və şəxsən özünün təcavüz əleyhinə ciddi beynəlxalq sənədlərin qəbul edilməsi sahəsindəki səmərəli fəaliyyətini kifayət qədər əhatəli izah etdi. Eyni zamanda, Azərbaycan lideri ATƏT Minsk Qrupunun (MQ) işinin qətiyyən səmərəli olmadığını bir daha bəyan etdi: "Prezidentin tək bizim üçün yox, həm də bütün dünya praktikası üçün önəmli mülahizələrindən biri BMT-nin öz qərarları ilə bağlı etibarlı icraetmə mexanizminə malik olmaması ilə bağldır. BMT-nin rezident əlaqələndiricisi təmsil etdiyi təşkilatın ən zəif cəhətləri barədə Azərbaycan Prezidentindən çox obyektiv və cəsarətli mülahizələr eşitdi. Prezidentimiz sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsini müharibə yolu ilə həll etmək Azərbaycanın seçimi deyil, məcbur qaldığı variant idi. BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri olan böyük dövlətlər özlərinin qəbul etdikləri Qarabağ qətnamələrinə mübasibətdə astagəllik etdiklərinə görə müharibə variantı qaçılmaz oldu. Azərbaycan Prezidenti dəmir məntiqlə göstərdi ki, BMT TŞ -nin qətnamələrinin ikili standart prinsipi ilə icraçılığı Qarabağ münaqişəsinin həlli üçün minlərlə insanın qanının tökülməsinin əsas səbəblərindən oldu. Həqiqətən də TŞ-nin Liviya və başqa yerlərlə bağlı qərarları kimi Qarabağ qətnamələri də vaxtında, operativ icra edilsəydi, münaqişənin həllində qan tökülməzdi. Dünya bir daha Prezident İlham Əliyevdən eşitdi ki, həm BMT TŞ-nin daimi üzvləri, həm də Minsk Qrupunun həmsədrləri olan böyük dövlətlər münaqişənin dincliklə həllində maraqlı və ardıcıl olmadılar. Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə yönəlik fəal diplomatik - siyasi cəhdlərinin nəticəsiz qalmasının müstəsna səbəbi Minsk Qrupu həmsədlərinin səmərəsiz fəaliyyəti oldu. BMT-nin rezident əlaqələndiricisi Prezident İlham Əliyevdən münaqişənin həlli prosesi barədə əsl tarixi bilgilər aldı. Prezident belə bir tarixi həqiqəti də ifadə etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini özü həll etdi. İlham Əliyev tam haqlıdır ki, BMT TŞ və MQ -nin yerinə yetirə bilmədiyi 4 qətnamə və bir neçə bəyanatı Azərbaycan təklikdə icra etdi. İlham Əliyevin rezident əlaqələndirici ilə məzmunlu söhbəti onu da sübut etdi ki, Azərbaycan öz gücü ilə beynəkxalq təşkilatlardan və MQ-dən çox iş gördü. İlham Əliyev Minsk Qrupu kimi səmərəsiz qurumda 17 il 4 qüvvə ilə - Ermənistan, Fransa, Rusiya və ABŞ -dan olan lobbi ilə çox mürəkkəb, lakin qalibiyyətli mübarizə apardığını bir daha isbatladı". A.Quliyev əlavə edib ki, Azərbaycan Prezidenti 44 günlük müharibəyə qədərki və ondan sonrakı dövrün həqiqətlərinin real mənzərəsini yaratdı: "Prezident İlham Əliyev müharibəyə qədərki diplomatiyada da, müharibə dövründəki fəaliyyətində də, postmüharibə dövründə də düzgün yolda olduğunu göstərdi. Əgər müharibədən qabaq beynəlxalq qurumlar Əliyevin çağırış və tələblərini qəbul etsəydilər, Dağlıq Qarabağ münaqişəsini müharibəsiz də həll etmək olardı. Bu gün də dünya prezidentimizin BMT əlaqələndiricisinə dediklərini mübahisəsiz həqiqətlər kimi qəbul etsə, həqiqətən regionumuzun rifah və quruculuq dövrü daha tez başlayar və daha tez nəticə verər. Azərbaycan Prezidentinin rezident əlaqələndiriciyə söylədiyi ən böyük həqiqət odur ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub və biz birlikdə irəli getməliyik. Bununla bağlı da Azərbaycan Prezidenti bölgədə yeni reallıqları görmək istəməyən qevvələrə aydın mesajlar verdi"./Trend