“Azərbaycan-Türkiyə hərbi təlimlərindən narahat olan qüvvələr var” - Politoloq

“Azərbaycan-Türkiyə hərbi təlimlərindən narahat olan qüvvələr var” - Politoloq

“Azərbaycan mütəmadi olaraq Türkiyə ilə birgə hərbi təlimlər həyata keçirir. Bu təlimlərin video və foto görüntüləri yayılır. Sösüz ki, ermənilər Azərbaycan mediasına baxırlar və bu təlimləri görürlər. Bu həm də Ermənistanın daxili publikasında bir qədər narahatlıq yaradır. Erməni hökuməti də bu narahatlığı aradan qaldırmaq üçün hansısa tədbirlər həyata keçirməlidir. Bu tədbirlərdən biri də Ermənistan hökumətinin qərarı ilə ikinci dəfə ehtiyatda olan hərbi qulluqçuların üç ay ərzində təlimlərə dəvət edilməsi haqda qərardır. Bu yolla erməni hökuməti daxili publikanın narahatlığının qarşısını almağa çalışır”.

  Bu fikirləri politoloq Cümşüd Nuriyev Ermənistanın hökumətinin qərarına əsasən sentyabrın 15-dən dekabrın 15-dək ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçirilməsini şərh edərkən deyib.

Politoloq ehtimal edir ki, Ermənistan hökumətinin bu cür təlim-məşq toplantılarla bağlı qərar verməsi Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri ilə əlaqədardır:

“İrəvan bu yolla cəmiyyət daxilində olan narahatlığı guya aradan qaldırmağa çalışır.

İkincisi, bu cür təlim-məşq toplantısına səhv etmirəmsə 900-a qədər şəxs iştirak edəcək. Amma təsəvvür edin ki, hər bir təlimdə Azərbaycanın fərqli ordu birləşmələri iştirak edir. Eləcə də Azərbaycan digər ölkələrlə birlikdə təlimlərə qatılır. Yəni Ermənistan ortaya 900 nəfər çıxara bilirsə, Azərbaycan azı 9 min nəfər çıxarır. Yəni onların insan resursu yoxdur və bərbad vəziyyətdədir. Bu kimi qərarları daxildən cəmiyyəti sakitləşdirmək üçün verirlər”.

Cümşüd Nuriyev qeyd edib ki, Ermənistan ordusu son müharibədə faktiki yerə yıxılıb:

“Əlbəttə erməni ordusunu dizi üstə qaldırmaq istəyən ölkələr var, bu məqsədlə onlara yardım edirlər. Diz üstə olanı ayağa qaldırmaq mümkündür. Yıxılanı isə ən yaxşı halda diz üstə qaldırmaq mümkündür”.

Politoloq təklif edir ki, indi Azərbaycan əsas diqqətini məskunlaşdırmaya çevirməlidir: “Əsas fəaliyyət abadlıq-bərpa işləridir. Orada bu işlər görülməlidir ki, insanların məskunlaşdırılması asan olsun. Müəyyən işlər aparılıb, bərpa işləri gedir. Biz maksimum 3 il ərzində orada heç olmasa 50 faiz məskunlaşdırma həyata keçirməliyik”. /Teleqraf






Fikirlər