“Qazaxıstanı “ayının pəncəsi”ndən o qoruyurdu”

“Qazaxıstanı “ayının pəncəsi”ndən o qoruyurdu”

“Qazaxıstanda baş verənlər “Belarus ssenarisi”nin təkrarına bənzəyir. Gərginlik inkişaf etdikcə prosesdə kənar qüvvənin olduğu ehtimalı özünü gücləndirdi. Sosial etirazlar hakimiyyətin nəzarətindən çıxdıqdan sonra etirazların qarşısının alınması üçün KTMT-yə müraciət olunması mənzərəni tamamilə dəyişdi”.
 

 

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ramiyə Məmmədova deyib.
 
Onun sözlərinə görə, KTMT-yə müraciət Rusiyanın Belarusda olduğu kimi, ipləri öz əlinə alaraq vəziyyəti tam nəzarətə götürməsinə imkan yaradıb:
 
“İndi isə əsas sual Rusiyanın Qazaxıstana nəzarətini gücləndirməsi üçün burada işğala əl atıb-atmaması ilə bağlıdır. Rusiya burada öz anklavlarını yaratmağa calışsa, zamanında olduğu kimi rus çarına qarşı vuruşan basmaclar yenidən meydana çıxa bilər. Rusiya bunu çox gözəl anlayır. Yəni Qərbin bu bölgədəki maraqlarına göz yuma bilməyən Rusiya məsələni işğal olmadan həll etməliydi. Bunun da ən yaxşı yolu Tokayevin KTMT-yə müraciəti oldu.
 
Onu da nəzərə alaq ki, vaxtilə SSRİ-nin dağılmasında Qazaxstan və bu ölkədəki hadisələrin az rolu olmayıb. Hesab edirəm ki, Qazaxıstanın Qərbindəki gərginliyi azaltmaq çətin olacaq. Çünki ölkənin bütün qaz yataqları onun qərbində yerləşir. Vaxtilə ciddi dəyişikliklərlə yadda qalmış ictimai-siyasi proseslərin başlanğıc nöqtəsi bura olub. Qazaxıstan cəmiyyəti onsuz da iqtisadi durumun pisləşməsindən bezmişdi. Bu baxımdan, prosesin gərginləşəcəyi gözlənilən idi, qazın qiymətlərinin iki dəfə artırılması isə bunu tezləşdirdi”.
 
Ramiyə Məmmədova kənar qüvvələrin xalqın artan etirazından sui-istifadə etdiyini bildirib:
 
“Qiymətlərin artırılmasından dərhal sonra başlayan etirazlar göstərdi ki, cəmiyyət bunu bildirmək üçün fürsət gözləyirmiş. Əlbəttə, Qazaxıstanda öz istəyinə nail olmaq istəyən kənar oyunçular da bunu gözləyirdi. İndi Rusiyanın burada nə edəcəyi əsas məsələdir, artıq KTMT-yə rəsmən müraciət edilib. Rusiyanın vəziyyətə müdaxilə hazırlığında olduğu da nəzərdən qaçmır. Bunun üçün Rusiyanın əlində olan “ikinci silah” bu ölkədə yaşayan rusların təhlükəsizliyidir. Yəni əlində yetərincə rıçaq var. Baş verənlərin Rusiyanın ssenarisi olduğu artıq öz təsdiqini tapır.
 
Rusiya bununla Qərblə yanaşı, son zamanlarda Qazaxıstanla ciddi yaxınlıq içində olan Çinə o mesajı verir ki, bu bölgənin “ağa”sı odur. Eyni zamanda, Qazaxıstanda rus dilinin statusunu azaldan və türk dövlətləri ilə inteqrasiyanı gücləndirən qazax hökumətinə, daha doğrusu sabiq prezident Nursultan Nazarbayevə də ismarışdır. Bu baxımdan, mesajlardan biri də Türkiyəyə ünvanlanıb. Bu fonda Nursultan Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılması Qazaxıstana yaxşı heç nə vəd etmir. Qazaxıstanı “rus ayısının pəncəsi”ndən qoruyan əsas fiqur Nazarbayev idi. O, bu baxımdan Qazaxıstan və türk dünyasının birliyinə az töhfə verməyib”.






Fikirlər