Rusiya-Ukrayna müharibəsində ikinci mərhələ - "Nüvə silahından istifadə oluna bilər"

 Rusiya-Ukrayna müharibəsində ikinci mərhələ -

“Rusiyanın 9 Mayda Ukrayna üzərində qələbə qazanması yüksək ehtimal olunası fikirdir”.

Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O, müharibənin əvvəlində Rusiyanın əsas hədəflərinə qısa müddətdə nail olma istəyini xatırladıb:

"Fevralın 24-də hərbi əməliyyatlar başladığı zaman Rusiyanın hərbi dairələri müharibənin 9 Maya qədər uzanacağını ağıllarına belə gətirmirdi. Həm Ukraynanın güclü müqaviməti, həm Qərbin Ukraynanı silah-sursatla təmin etməsi, həm beynəlxalq sanksiyaların Rusiyaya vurduğu təsirlər, həm də logistika çətinlikləri və digər səbəblər müharibənin uzanmasına gətirib çıxardı”.

Ceyhun Əhmədli deyib ki, Rusiya 9 Mayda minimal zəfərini qeyd etmək üçün parad təşkil etmək haqqında düşünə bilər, amma bu haqda danışmaq hələ ki, tezdir:

“Nəzərə alaq, müharibə Rusiyanın arzulamadığı ssenari üzrə inkişaf edib. Amma Rusiyanın hazırkı hədəfi 9 Maya qədər hədəflərinə qismən çatmaqdır.

3 əsas hədəf var. Birincisi, Donbasın inzibati sərhədlərini bərpa etməyə çalışır. 

İkinci hədəf Krım ərazisinə quru yolu təmin etməkdir. Bunun üçün Rusiya Mariopul və Xerson şəhərlərini ələ keçirməlidir, amma həmin istiqamətlərdə ukraynalıların müqavimətini qırmaq mümkün olmayıb.

Üçüncü hədəf Ukraynanın bütövlükdə Qara dənizə çıxışını bağlamaqdır. Bunun üçün Qara dənizdə nə qədər şəhər və əyalət varsa, hamısını ələ keçirmək istəyirlər. Ruslar həm də bu ərazi vasitəsi ilə Moldovadakı Dnestryanı qondarma respublikası ilə birbaşa quru əlaqəni təmin etməyə çalışır.

Bununla da Rusiya NATO-nun Ukrayna vasitəsilə Qara dənizə çıxışını bağlamış olacaq”.

Hazırda Rusiya-Ukrayna müharibənin ikinci mərhələsinin başladığını deyən siyasi şərhçi yaxın iki həftənin həlledici olacağını bildirib: 

“Rusiya bəyan edib ki, kollektiv Qərbin Ukraynaya hərbi dəstəyi davam edərsə, dəstək verən ölkələr müharibənin iştirakçısı kimi qəbul ediləcək. Bu da dolayısı ilə həmin ölkələrin təhdid olunması mənası verir. Rusiya, bir növ, Qərbə çağırış edir: “Hədəflərimə çata bilməsəm, ən sərt addımlar ata bilərəm”. Yəni nüvə və digər kütləvi qırğın silahlarında istifadə istisna deyil".






Fikirlər