“Azərbaycanın çox görkəmli şairi olan Əhməd Cavad bizim tariximizdə, ədəbiyyatımızda dərin iz qoyub. Yəni Azərbaycan ədəbiyyatı tarixində, istiqlal şairi adını daşıyan yeganə şair Əhməd Cavaddır. O, təkcə himnimizin müəllifi kimi tanınmır, eyni zamanda dövlət bayrağımız haqqında ilk şeiri yazan, onu tərənnüm edən ziyalımız və şairimizdir”.
Bunu Moderator.az-a açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu Azərbaycan şairi Əhməd Cavad haqqında danışarkən deyib. O, Əhməd Cavadın Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb:
“Azərbaycanın istiqlal tarixiylə bağlı hansı məqamlarda bədii əsərlər yaranıbsa, onun ilk yaradıcı elə Əhməd Cavaddır. Ona görə də onun yaradıcılığı Azərbaycan xalqının mübarizə əzmini həm də özündə əks etdirir. Eyni zamanda, onun yaradıcılığı təkcə Azərbaycan türkləri üçün deyil, bütün dünyada yaşayan türklərin azadlıq mübarizəsinin çağırışıdır və onun tərənnümüdür. Məsələn, onun yazdığı “Çırpınırdı qara dəniz” şeiri görün nə gözəl səslənir. Bu təkcə Azərbaycan, Türkiyə türkləri üçün deyil, bütün dünyada yaşayan türklər üçünb bir çağırışdır.
Biz həm də ona görə Əhməd Cavadın yaradıcılığını dəyərləndiririk ki, bu yaradıcılığın musiqisi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəylinindir. Üzeyir Hacıbəyli həm “Çırpınırdı qara dəniz” şeirinə, həm də dövlət himnimizin sözlərinə mahnı bəstələyib. Yəni Əhməd Cavad və Üzeyir Hacıbəyli birliyi Azərbaycan dövlətçiliyinin, cümhuriyyətinin bir ümumi tərənnüm simvoluna çevrilib. Ona görə də biz Əhməd Cavad deyəndə həm də böyük bir şairin qoyub getdiyi zəngin bir bədii irsi, həm də bizim dövlətçilik irsimizi yada salırıq və xatırlayırıq. Ona görə də Əhməd Cavad bizim ədəbiyyatımızda digər şairlərimizdən fərqlənir. Yəni heç bir şair bu cür dövlətini, dövlətçiliyimizi, Azərbaycanın istiqlalını, bayrağını Əhməd Cavad kimi tərənnüm etməyib. Ona görə də Əhməd Cavad Sovetlər birliyi dövründə də ona görə təqib olunurdu ki, o yenə də bu ideyaları tərənnüm edib, davam etdirirdi. Onun həmin dövrdə yazdığı “Göygöl” şeiri və digər yazıları onu bəzən problem yaradırdı. Əhməd Cavad bayrağımızın həsrətini çəkirdi və ona da şeir yazırdı. Yəni bu illərdə də Əhməd Cavad öz yazılarıyla mübarizəsini davam etdirirdi. Nəticədə də onu həbs etdilər və güllələdilər. Bu gün onun doğum günüdür, o bizim tariximizdə, ədəbiyyatımızda əbədi yaşayan bir şəxsiyyətdir, ruhu şad olsun”.