Hakimiyyət və xalq çətin sınaq qarşısında: Seçkilərdən sonra bizi nə gözləyir?

 

Baki-1.jpg

 Azərbaycan ictimaiyyəti 2015-ci il seçkilərinin necə gəlib, necə keçdiyindən xəbər belə, tutmadı. Yarış havasından xeyli uzaq keçirilən seçkilərin necə nəticələnəcəyi əslində öncədən bəlliydi. Hər seçici öz dairəsindən kimin “seçiləcəyini” əvvəlcədən və dəqiq bildiyindən, səsvermədən sonra hər hansı sürprizlər də gözləmir. İndi bu tarixin tez ötüb keçməsini istəyənAzərbaycan insanı seçkinin nəticəsindən daha çox, ondan sonra nələrin yaşanacağıyla maraqlanır.

2015 seçkiləri Azərbaycanın beynəlxalq aləmlə əlaqələrinin əsl qırılma nöqtəsinə çevrilə bilər.MSK-nın açıqlayacağı nəticələrin Qərb ölkələri tərəfindən tanınmayacağı və yeni parlamentin qeyri-legitim elan ediləcəyi daha çox gözlənilir. Bu da nəticə etibarilə Azərbaycanla Qərb arasındakı gərgin münasibətləri daha da pisləşdirəcək və ölkə hakimiyyətini Rusiya ilə bir qədər də yaxınlaşdıracaq.  Sözsüz ki, Rusiyaya meyllənmə ölkəmizin daxili vəziyyətinə də təsirsiz ötüşməyəcək.

Seçkilərdən sonra gərginləşən beynəlxalq münasibətlər çərçivəsində Azərbaycana qarşı Qərbin müəyyən sanksiyalarının tətbiq olunacağı gözlənilir. Bu sanksiyalardan biri Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxslərinə qarşı "Maqnitski aktı"nın tətbiqidirsə, digər daha təsirli vasitə Bakı neftindən imtina olunma məsələsinin gündəliyə gətirilməsidir. Hakimiyyət indiyə qədər etiraf etməsə belə, bu ehtimalın onu ciddi narahat etdiyi açıqca sezilir. Xatırlayırsınızsa, bir müddət əvvəl ölkə başçısı İlham Əliyev çıxışında Azərbaycan xalqını neft gəlirlərindən gözünü çəkməyə çağırmışdı. Bu çıxışın ardından iş dünyasına qan udduran iri məmurların ağır şəkildə cəzalandırılması yeni iqtisadi mərhələyə keçidin başlanğıcı kimi qiymətləndirilə bilər. Aydın hiss olunur ki, rəhbərlik ölkəmizin perspektivini qeyri-neft sektorunun inkişafında görür və gələcəkdə bütün gücünü bu istiqamətə səfərbər edəcək. Amma yeni iqtisadi mərhələyə keçidin qarşısında da olduqca ciddi problemlər dayanır.

Başlıca problemlərdən biri bu sektorun inkişafı üçün ciddi investisyalar qoyulmasıdır. Neft qiymətlərinin enməsiylə yarıbayarı gəlirlərini itirən Azərbaycanın bu investisiyanı təmin etmək imkanları isə məhduddur. Əsas maliyyə mənbəyi olan Qərbdən uzaqlaşdıqca, ölkəmizin həmin kapitalı beynəlxalq banklardan alması da çətinləşəcək. Axı kim getdikcə marginallaşan və əks qütbdə yer alan ölkəyə kredit ayıra bilər? İxracatımızın  95%-ni təşkil edən neft gəlirlərimizin azalması, hətta tamamilə kəsilmə ehtimalı alacağımız krediti geri qaytarmağımızı sual altına qoyur. Hər an iflası gözlənilən ölkəmizin iqtisadi əlaqəsini qura biləcəyi ölkələr isə Qərb yox, Rusiya və MDB dövlətləridir. Əlbəttə ki, Qərb özünün ən böyük rəqibinin geopolitik mövqeyini gücləndirməyə investisiya qoymaz və biz də bunu gözləməməliyik.

Qeyri-neft sektorununun inkişafı üçün tələb olunan krediti Rusiya və İran kimi ölkələrdən almaq imkanımız da yoxdur. Nədən ki, bu ölkələr məlhəmləri olarsa, öz başlarına sürtəcək keçəl vəziyyətindədirlər. İstər Rusiya, istər İran həm beynəlxalq sanksiyalar səbəbindən xeyli zəifləyib, həm də Yaxın Şərqdə böyük vəsait tələb edən müharibələrə girib. İndi onların da bizim kimi “dost yardımına” ciddi ehtiyacları var.

Azərbaycanın öz daxili maliyyə potensialı isə bu mühüm siyasəti yerinə yetirmək iqtidarında deyil. Uzun illər boyu neft gəlirlərinin mənimsənilməsi və mənasız layihələrə sərf olunması, bir ovuc insanın varlanması hesabına milyonlarla vətəndaşın işgörmə qabiliyyətinin əllərindən alınması məmləkətimizi bu çətin sınaq qarşısında çarəsiz hala salıb. Ölkədə tuğyan edən inhisarçılıq qeyri-neft sektorunun inkişafını təmin edə biləcək əsasları tamamilə sıradan çıxarıb. İnhisarçıların nəzarətində olan müəssisələr isə qohum-qardaşdan təşkil olunan kadrlar sayəsində effektli işləklik qabiliyyətini itirib.

Hökumətin son zamanlar apardığı anti-inhisarçı tədbirlər də istənilən nəticəni vermir. Əksinə, onlara qarşı inzibati metodların tətbiqi bir ovuc adamın əlində toplanan vəsaitlərin ölkədən çıxmasına yol aça, sosial vəziyyəti daha da gərginləşdirə bilər.

Üstəlik, iqtisadi münasibətlərdə inzibatçılıq həm də xarici kapitalın Azərbaycana cəlbini də çətinləşdirəcək. Mülkiyyət hüququnun tam oturuşmaması, bu gün böyük sərvət sahibi olan insanların sabah rahatlıqla dilənçi vəziyyətinə salınması, hətta zindana atılma təcrübələri ağlı başında olan investorların Azərbaycana tərəf baxmamalarını şərtləndirir. Qeyri-neft sektorunun inkişafı üçün hakimiyyət ilk öncə investisiya mühitini yaxşılaşdırmaq siyasəti həyata keçirməli, insan hüquqlarının ən təməl dəyəri olan mülkiyyət toxunmazlığına əməli fəaliyyətilə təminat verməlidir.

Korrupsiyalaşmış rejimin yaratdığı zənginlər diyarına çevrilən ölkəmizdə isə bu, həm də qanunsuzluğa, indiyə qədər aparılan talançılığa göz yumulması deməkdir. Dərd burasındadır ki, zənginləşmənin yolunu talançılıqda görən və buna öyrəşən məmurların özünü cəzasız hiss etməsi tələb olunan islahatları aparmağın qarşısını kəsir. Qısacası, Azərbaycanın mövcud rejimi köhnəlikdən yırtılan kisəyə bənzəyir: bir tərəfinin yırtığını tikirsən, o biri tərəfdən deşilir, içindəki süzülüb tökülür...

Bu qədər böhranlı vəziyyətlə 2015 parlament seçkilərinə gedən ölkəmizin ən böyük problemlərindən biri də büdcəyə ağır yük olan həddindən artıq məmur ordusudur. İndiyə kimi neft gəlirlərindən faydalanma prinsipi üzərində qurulan iqtisadiyyatımız həm də vətəndaşlara “sus” payı vermək qayğısına qalır və lazım oldu-olmadı məmur heyətini artırırdı. Məqsəd sosial narazılığın qarşısını bu yolla almaq idi. İndisə, neft gəlirləri azalıb. Azalma ölkə büdcəsinin formalaşdırılmasına da mənfi təsir göstərib. Bu il 22 milyardlıq büdcəmizin gələn il 14 milyard olacağı proqnozlaşdırılıb.Büdcəmizdəki, təxminən, 7-8 milyardlıq azalma həm də hökumətin bir sıra islahatlara, o cümlədən kadr ixtisarlarına gedəcəyindən xəbər verir.

Hökumət böyük kapital tələb edən layihələri dayandıracağını bəyan etməklə əslində ixtisarlara hardan başlayacağına da eyham vurub. Böyük ehtimalla, ən böyük zərbəni tikinti sektorunda çalışan vətəndaşlarımız görəcək. Ölkə başçısnın müəssisələrdə yoxlamaları ən azı iki ilə qədər dayandırması, gömrük və digər sektorların fəaliyyətini “Asan Xidmət”ə tapşırması bu zamana qədər həmin orqanlarda işləyən məmurları da mənasızlaşdırır. İndiki zamanda, təbii ki, mənasız kadrlara pul vermək heç də məntiqli hərəkət sayıla bilməz. Deməli, ən ciddi kadr islahatlarının aparılacağı sahələrdən biri də bu orqanlar olacaq.

Mühüm problemlərdən biri də budur ki, ixtisara düşəcəyi gözlənilən bu kadrların böyük əksəriyyəti ağıl və kamallarına görə iş başına gətirilməyib, qanunsuz metodlarla işləməyə öyrəşib, özlərini qeyri-neft sektorunun tələblərinə uyğun yetişdirməyiblər. Sadəcə yuxarıdan gələn əmrləri zorba üsullarla həyata keçirməkdən başqa heç nə bilmirlər. Sözsüz ki, bu mənəvi xarakterləri və işgüzarlıq təcrübələri onların yeni cəmiyyətin tələblərinə uyğunlaşmasını çətinləşdirəcək. Bu da istər-istəməz, sosial narazılıqları artıracaq və hüquq-mühafizə orqanları təhlükəni sovuşdurmaq üçün xeyli tər tökməli olacaqlar.

Qeyri-neft sektorunun indiyə qədər inkişaf etdirilməməsi gəlirləri azalan ölkəmizin maliyyə durumuna da, istər-istəməz, mənfi təsir göstərəcək. Gündəlik ehtiyaclarının böyük qismini xaricdən alan, bunun əvəzinə yalnız neft və neft məhsulları satan Azərbaycanın ixracat gəlirləri ilə idxalat xərcləri arasında getdikcə artan boşluğu doldurması lazımdır. Bu isə o deməkdir ki, Azərbaycan manatının xarici valyuta qarşısında gücü azalacaq və hakimiyyət yeni devalvasiyalara getməli olacaq. Gündəlik tələbat mallarının böyük əksəriyyətinin xaricdən gətirilməsi devalvasiyanın infilyasiyaya çevrilməsinə yol açacaq.

Bir sözlə, seçkilərdən sonra həm Azərbaycan hakimiyyətini, həm də xalqı ciddi sınaq gözləyir.Seçkilərin yenə eyni qaydada keçirilməsi, ağıllı insanların ölkə məsələlərini ən yüksək kürsüdən müzakirəsinin qarşısı alınması isə hökumətin yeni dövrün tələblərinə o qədər də hazır olmadığından xəbər verir...

H.OĞUZ.

 






Fikirlər