“Erməni xüsusi xidmət orqanları Azərbaycanda bu şəxsləri hədəfə alıb” - “Həyəcan təbili çalınmalıdır”

“Erməni xüsusi xidmət orqanları Azərbaycanda bu şəxsləri hədəfə alıb” - “Həyəcan təbili çalınmalıdır”

Xəbər verdiyimiz kimi, bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. Belə ki, DTX-nin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmət orqanlarının planlaşdırdığı əməliyyatın mərkəzində şərti adı Fidan kimi göstərilən azərbaycanlı yeniyetmə qız durub. Məlumata görə, Fidan internet resurslarından istifadə edərkən, ermənilərin tələsinə düşüb. Ermənistanın revanşist qüvvələri, anti-Azərbaycan, anti-türk qrupunun üzvləri müxtəlif vədlərlə onu ələ almağa başlayıblar. Beləliklə, Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Nijde Qareginin təbliğatçısına çevrilib.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa qeyd edib ki, təəssüf ki, bu gün internet məkanına tam şəkildə nəzarət etmək mümkün deyil. Yeniyetmələrin çox hissəsi internetdən daim istifadə edir, müxtəlif saytlara daxil olur, müxtəlif insanlarla ünsiyyət qururlar. Bu insanlar arasında yeniyetmələri başqa istiqamətə, düzgün olmayan yola yönəltməyə çalışan insanlar da var:

“Bu gün uşaqların məktəb mühitində tərbiyəvi işləri lazımi səviyyədə deyil, hətta deyərdim ki, bərbad bir vəziyyətdədir. Uşağın tərbiyəsində təhsil, məktəb mühiti mühüm rol oynayır. Məktəb həm tədris, həm də təlim müəssisəsidir. Uşaqlar burada təhsil, təlim alırlar. Məktəb əlaqələri normal olmadığı üçün bu cür doğrunu yanlışdan ayırd edə bilməyən nəsil yetişir. Bu nəsil də öz dövlətinə, xalqına qarşı fəaliyyətlərə rahatlıqla cəlb edilə bilirlər”.

Millət vəkili qeyd edib ki, tərbiyəvi məktəb mühiti olmayan, valideyn nəzarətindən uzaq olan bəzi yeniyetmələr internet məkanında özünə əyləncə, macəra axtarır. Nəticədə də bu məkanda ona olunan hansısa bir “cəlbedici çağırışlara” dərhal cavab verir:

“Yeniyetmələr arasında narkomaniya, yaxud müəyyən cinsi azlıq qruplarına qoşulma və s. hallar müşahidə oluna bilər. Ancaq bu yeniyetmənin erməni kəşfiyyatı ilə əlaqədə olması, əməkdaşlıq etməsi olduqca düşündürücüdür, acınacaqlı bir vəziyyətdir. Məsələ ilə bağlı ciddi həyəcan təbili çalınmalıdır. Yeniyetmə və gənclər arasında güclü təbliğat işləri aparılmalı, onlar bu cür hadisələrin mümkünlüyü barədə maarifləndirilməlidirlər. Növbəti belə halın baş verməməsi üçün çox ciddi addımlar atılmalıdır”.

Millət vəkili Arzu Nağiyev isə bildirib ki, müharibənin bitməsinə baxmayaraq, post-müharibə dövrü davam edir:

“Müharibə bitib. Ancaq ermənilər bu gün də öz çirkin niyyətlərindən, məkrli əməllərindən əl çəkmirlər. Erməni xüsusi xidmət orqanları bəzi sosial şəbəkə istifadəçilərinin azyaşlı olmasından, məlumatlarının az, yetərsizliyindən istifadə edir. Onları öz məkrli niyyətləri üçün istifadə, şantaj edirlər. Onlar bunu əsasən sosial şəbəkələr üzərindən həyata keçirir. Bu səbəbdən də sosial şəbəkələrdə çox diqqətli olmaq lazımdır. Bu, əsasən yeniyetmələrə və gənclərə aiddir. Çünki onların əsas hədəfi yeniyetmə və gənclərdir. Gənclər, yeniyetmələr sosial şəbəkələrdə onlarla ünsiyyət yaratmağa çalışan tanımadıqları şəxslərə qarşı çox diqqətli olmalıdırlar. Xüsusi xidmət orqanları əsl kimliklərini gizlədir, kim olduqlarını bildirmirlər. Sosial şəbəkələrdə erməni xüsusi xidmət orqanlarının öz qrupları var və onlar daim iş başındadır. Revaşist qüvvələrə, öz hökumətlərinə qulluq edirlər. Yeniyetmə və gəncləri öz məkrli əməllərinə alət etməyə, onlardan öz mənfəətləri üçün istifadə etməyə çalışırlar. Bunu dərk etmək, anlamaq və belə insanların toruna düşməmək lazımdır. Unutmaq lazım deyil ki, müharibə bitsə də, postmüharibə dövrü davam edir. Bu kimi halların qarşısını almaq üçün ayıq-sayıq olmaq, vəziyyət ciddiləşərsə, dərhal, vaxt itirmədən bu haqda xüsusi xidmət və ya hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır”.

Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, vəziyyətdən çıxış yolu yeniyetmə və gənclər arasında təbliğat işinin gücləndirilməsidir. Valideynlər övladlarının 16 yaşlı Fidan kimi Ermənistanın xüsusi xidmət orqanlarının, anti-Azərbaycan qrupunun üzvlərinin şəbəkəsinə düşməsinə imkan verməmək üçün ayıq-sayıq olmalıdırlar:

“Məlum hadisə göstərdi ki, erməni xüsusi xidmət orqanlarının əsas hədəfləri azyaşlılardır və buna görə də valideynlər diqqətli olmalıdırlar. İlk növbədə valideynlər övladlarının hansı saytlara daxil olduğuna, sosial şəbəkələrdə kimlərlə danışdığına nəzarət etməlidirlər. Xüsusən də yeniyetmələrə ciddi şəkildə nəzarət olunmalıdır. Valideyn övladını nəzarətdə saxlasa sosial şəbəkələrdən gələ biləcək hər hansı təhlükənin qarşısını da dərhal ala bilər. İndiki məqamda övladlarını internetdən gələn təhlükədən qorumaq hər bir valideynin borcu və əsas vəzifəsidir. Əgər valideynlər bu vəzifənin öhdəsindən layiqincə gələ bilsələr, övladları da sosial şəbəkələrdən gələn təhlükənin qurbanına çevrilməz. Bu gün yeniyetmələri, gəncləri internetdən, sosial şəbəkələrdən uzaq tutmaq bir qədər çətindir. Deyərdim, hətta mümkün deyil. Ancaq onları nəzarətdə saxlamaqla gündəlik yaşam tərzinə çevrilən sosial şəbəkələrdən gələ biləcək hər hansı təhlükədən qorumaq mümkündür”. /Bakupost.az






Fikirlər