Bakıda daha bir casus qalmaqalı: “Bakı projesi” kimə xidmət edib? - RƏYLƏR

Azərbaycan ordusunda Ermənistana işləyən casus şəbəkəsinin aşkarlanmasından sonra, bir neçə gün əvvəl Azərbaycan növbəti xoşagəlməz hadisə yaşadı.

2015-ci ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gələn Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyanın əslində Ermənistan kəşfiyyatına "işlədiyi” məlum oldu. Azərbaycanda xeyli yaxşı qarşılanan, Eynulla Fətullayevin haqqin.az saytında xüsusi müxbir kimi işə başlayan, daha sonra "ədəb-ərkanla” üçüncü ölkəyə yola salınan erməni hüquq müdafiəçisi və jurnalisti bir video paylaşaraq, bütün erməni xalqından üzr istədi və Azərbaycan haqqında ağır ittihamlar irəli sürdü.

Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bidirib ki, bu proseslərdə istifadə olunan adamlar arasında uğursuz birilərinin olması təbiidir: "O, Azərbaycanda olduğu müddətdə bizim xüsusi xidmət orqanlarının nəzarətində olub. Hansısa bir yazışması, harasa nəsə göndərmək imkanlarının elə də geniş olduğunu zənn etmirəm. Amma ümumilikdə erməni məsələsindən müəyyən epizodlarda istifadə edilməsi anlaşılandır. Hətta bəzən sabah bizə qarşı çevrilməsi halları olsa belə, onların Azərbyaycanın maraqlarını tanıması, bu istiqamətdə bəyanatlar verməsi bir məqamda bizim də marağımıza uyğun olur.
 
Təbii ki, adamın müəyyən dərəcədə müdafiə məsələsinə diqqət yetirmək lazımdır. Əgər Azərbaycandan kənardadırsa, hansısa bir ölüm təhlükəsi, qəbul edilməmə riski də kifayət qədər böyükdür. Belə məsələlərdə bu kimi adamların böyük əksəriyyəti həmin  ölkənin xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilir ki, bu ideya genişlənməsin. Bizə isə  adamların yox, ideyanın genişlənməsi lazmdır. O baxımdan burada istifadə olunan adamların içində uğurlusu da olacaq, uğursuzu da. Amma bu prosesdən tam imtina etmək imkanımız yoxdur. Çünki bizə ermənilərin adından Azərbaycanın maraqlarının tanınması ideyası lazımdır. Sadəcə kifayət qədər diqqətli olmaq lazımdır. Ən azı gələcək riskləri də nəzərə alaraq 100 dəfə ölçüb, bir dəfə biçib addım atmaq lazımdır. Görünür bu məsələdə diqqətsizlik də bir qədər rol oynayıb. Çünki əgər adam hər hansı şəkildə bizə lazım olan ideyaları dilə gətirib, dəstəkləyirsə, demək onu nəzarətimizdən buraxmaq olmaz. Bunu həmişə düşünməliyik. Bizim nəzarətimizdə olduğu müddətdə belə problem olmur. Ammma bizim nəzarətimizdən  çıxanda, artıq başqa addımlar atması ehtimalını da nəzərə almalıyıq”.
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı isə Fazil Mustafa kimi düşünmür. O, ermənilərin Azərbaycana gəlməsini düzgün hesab etmir:
 
 
 "Vahan Martirosyanın Eynulla Fətullayevin saytında işə başlamasına o vaxt da etiraz etmişdik. Getdik Fətulayevin zəngin yerdə tutduğu ofisin qarşısında aksiya keçirdik, onda hüquq-mühafizə orqanları əməkdaşlarımızı, tutdu, sürüdü, təhqir etdi. Amma indi məlum olur ki, adam Ermənistan kəşfiyyatına işləyirmiş. 
Eynulla Fətullayev bu millətin əleyhinə işləyən, qanına susamış bir adamdır. Həmişə də bu millətin əleyhinə işləyib. O vaxt gedib Qarabağdan "Qarabağ gündəliyi” yazırdı, reportajlar edirdi. O, erməni xüsusi xidmət orqanlarına işləyən bir adamdır. Yəni o, Azərbaycana xidmət etmir. Əksinə, bizim əleyhimizədir. Mən hesab edirəm ki, Eynulla Fətullayev Ermənistan xüsusi xidmət orqanlarının əlində bir alətdir. Eynulla Fətullayev bu gün yanında Suzan Çaginyan adlı ermənini işçi kimi saxlayır. Bir də görəcəyik ki, Çaginyan da oturdu təyyarəyə, getdi Moskvaya və ya Avropanın hansısa şəhərinə və başladı Azərbaycanın əleyhinə biabırçı sözlər deməyə. Bunların mahiyyətidir. Ona görə də bu proses kökündən yalnışdır. Kimlərsə buna dəstək verməyə çalışırsa, bizim əleyhimizə işləyirlər”.
A.Nağı Sülh Platformasının Vahan Martirosyanla bağlı dünənki bəyanatına da toxunub: "Dünən Sülh Platformasının bu məsələ ilə bağlı bəyanatını gördüm. Guya Martirosyanın bu hərəkətindən təəssüfləniblər. Amma həm də Martirosyanın hərəkətinə bəraət qazandırıblar ki, guya gedəndən sonra təzyiqlərə  məruz qalıb. Utanmırlar hələ onun hərəkətlərinə bəraət qazandırırlar. İşlərini guya davam etdirəcəklər. Bu, xəyanət xəttidir. Biz QAT olaraq dünən Azərbaycan prezidentinə müraciət ünvanladıq ki, bu xəyanətkar prosesin qarşısı alınsın”. 
QAT rəhbəri Sülh Platformasının ideyasının ermənilərin maraqlarına xidmət etdiyini düşünür: "Sülh Platforması ermənilər tərəfindən ortaya atılmış bir məsələdir. Təəsüüf edirəm ki, Azərbaycanda müəyyən rəsmi dairələri, müəyyən təbəqəni bu ideya ilə aldada biliblər. Guya Azərbaycanın xeyrinə olacaq. Heç bir xeyri olmayacaq. 
Sülh Platformasıyla bağlı bir eyforiya var idi ki, guya gəlib burada Ermənistanı söyməklə nəsə olacaqdı. Bunu müdafiə edənlər arasında millət vəkilləri də var. Bu nə biabırçılıqdır? Bizim torpağımız işğalda ola-ola biz sülhdən danışırıq. Sülh ermənilərin siyasətinə xidmət edir, özü də hərtərəfli. Bu gün kim sülh deyirsə, ermənilərə xidmət edir. Azərbaycanda da kim bunu deyirsə, onlara xidmət edir. Bu yaxınlarda geniş dəyirmi masa oldu. Sülh Platformasının nümayəndələrinin hamısı ordaydı, Orxan Nəbiyev də həmçinin. Hamısını yıxdım, sürüdüm, bir kəlmə də deyə bilmədilər. Rizvan Hüseynov da ordaydı. Orxan Nəbiyev, Rizvan Hüseynov, Eynulla Fətullayev ermənilərlə birlikdə beynəlxalq dələduzlar şəbəkəsi yaradıblar. Məqsədləri milyonlarla pul qazanmaqdır.
Bu məsələ ilə bağlı ortaya dövlət səviyyəsində konkret mövqe qoyulmalıdır. Çünki bu beynəlxalq dələduzlar Azərbaycanın müəyyən orqanlarını aldadıblar”. 

 






Fikirlər