“Ermənilər indi şokdadır, vahiməyə düşüblər” - Politoloq

“Ermənilər indi şokdadır, vahiməyə düşüblər” - politoloq

Qabil Hüseynli: “Bu dünya ictimai rəyində bomba effekti yarada biləcək bir hadisədir” 

 

Son zamanlar erməni ziyalılarının Bakıya səfəri intensivləşib. Əvvəlcə erməni hüquq müdafiəçisi Vahe Avetyan, ardınca hüquq müdafiəçiləri Syuzan Caginyan, Vahan Martirosyanın paytaxta səfəri, Xocalı soyqırımı abidəsini ziyarət etmələri, Azərbaycanın mövqeyini dəstəkləmələri, ermənilərin törətdiyi faciələrə qarşı üzr istəmələri xalq diplomatiyasının bir elementi sayılmaqla yanaşı, Ermənistan ictimaiyyətinə də böyük bir zərbə kimi qiymətləndirilir. 
Ekspertlər hesab edir ki, bu, Azərbaycan iqtidarının Dağlıq Qarabağ problemi, elə də xalq diplomatiyası sahəsində atdığı ən böyük addımdır. Kiçik bir xəyali müqayisə aparaq və hesab edək ki, Azərbaycanın istər hökumətyönlü, istərsə də, müxalifyönlü, hətta mühacirətdə olan hansısa hüquq müdafiəçisi Ermənistana gedib, onların mövqeyini dəstəkləyən açıqlamalar verib. Bu, bizim cəmiyyət üçün necə böyük bir zərbə və psixoloji məğlubiyyət olardı? İndi Azərbaycan hökuməti  erməni hüquq müdafiəçilərini ölkəyə qəbul etməklə və Xocalı abidəsi önündə baş əydirib, üzr istətməklə Ermənistana eyni zərbəni vurur. 
Politoloqlar da hesab edir ki, bu ardıcıl səfərlər erməni xalqını və hakimiyyətini vahiməyə salıb. Politoloq Qabil Hüseynli musavat.com-a açıqlamasında bildirdi ki, bu, təcavüzkar erməni siyasətinin iflasıdır:“Erməni xalqının nümayəndələrinin dilindən əgər Xocalı soyqırımı etiraf edilirsə və Xocalıq soyqırımı abidəsinin önündə onlar baş əyib, gül dəstəsi ilə anırlarsa, bütün Azərbaycan xalqından üzr istənilirsə, məncə bu, dünya ictimai rəyində bomba effekti yarada biləcək bir hadisədir. Bu, elə bir etirafdır ki, bir neçə qəzetin illərlə yaza biləcəyi materiallardan daha çox erməni ictimai şüuruna təsir edən amildir. Mənim zənnimcə, ermənilərin içərisində millətçilik əhval-ruhiyyəsi nə qədər yüksək olsa da, artıq bu milləti qandallayan stereotiplərin bir çoxu dağılmağa başlayıb. Vahe Avetyanın və digərlərinin Azərbaycana gəlişi və etdikləri hərəkətlərlə Ermənistanın təcavüzkar olması bütün dünyada bir daha canlandırılmış oldu. Bundan təkcə təcavüzkarlar deyil, həm də soyqırımı törədən bir millətdən danışmaq üçün əlimizə kifayət qədər faktlar verildi”. 
Qabil Hüseynlinin fikrincə, bu hadisə Azərbaycanın həm danışıqlar prosesində, həm də beynəlxalq təbliğatda mövqeyini xeyli gücləndirdi: “Bundan başqa, Azərbaycan əlindəki xeyli təsirli faktlar və arqumentlərin köməyi ilə Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin bir neçəsinin anatomiyasını aça biləcək. Ermənilər indi şokdadır, vahiməyə düşüblər. Onlar artıq uropatriotik şüarların təsiri altında deyillər. Bu adamların gəlişindən və etdikləri hərəkətlərdən sonra indi insanların, xüsusilə də ziyalıların içərisində bu məsələ ilə bağlı düşünənlərin sayı artacaq. Onlar başa düşəcəklər ki, qonşular arasında bu cür ədavət və bu cür düşmənçilik olmamalıdır. Qonşuya qarşı bu cür amansız mübarizə, həm də başqa bir dövlətin təsiri ilə atılan  aparılan müharibə sonda bumeranq effekti yaradır və həmin xalqın özünün üzərinə qayıdır. Bu xalq diplomatiyası çərçivəsində atılmış addım olsa da, hələ ki, əsl xalq diplomatiyasının baş tutmasına xeyli var. Çünki bu prosesdə hələlik 3 tanınmış erməni iştirak edib. Bir tərəfdən biz təcavüzə məruz qalmış ölkəyik və nə gedibsə bizdən gedib. Ona görə də, Azərbaycan tərəfi yalnız bu ermənilərin səmimi etirafları fonunda, ərazi bütövlüyümüzün təmin edilməsi fonunda ermənilərlə normal münasibətlərə razılıq verə bilər”.
Hərbi ekspert Azad İsazadə isə musavat.com-a bildirdi ki, Ermənistan cəmiyyətində Vahe Avetyan kimi düşünənlər az deyil, sadəcə, təzyiqlərdən qorxduqları üçün susurlar: “Ermənistan cəmiyyətinin içində artıq bəzi qüvvələr yetişib ki, onlar Azərbaycan-Ermənistan münasibətlərinin müsbət istiqamətdə dəyişməsinin tərəfdarıdırlar. Azərbaycanda da belə fikirləşən insanlar var ki, Ermənistanla danışıqlar aparmaq lazımdır. Xalq diplomatiyasının tərəfdarları var ki, müharibəni çıxış yolu hesab etmirlər. Belə insanlar var, ancaq o insanların arasında heç kim  çıxıb çıxış eləmir ki, Qarabağ ermənilərin torpaqlarıdır və onlara verilməlidir. Sözsüz  ki, bu məsələdə Azərbaycan və Ermənistan cəmiyyətlərinin arasında böyük bir fərqlər var. Azərbaycanın hansısa qüvvələri iqtidardan narazı da ola bilər, hansısa tənqidlər səsləndirilə bilər. Amma Qarabağ məsələsində biz hamımız eyni fikirdəyik. Sadəcə münaqişənin həlli yollarında fikir ayrılığı var. İndi erməni hüquq müdafiəçilərinin Azərbaycana gəlib, Xocalı soyqırımı abidəsinin önündə baş əyməsi, üzr istəməsi Ermənistan cəmiyyətində aqressiya yaradacaq. Ancaq onu da nəzərə almalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin içində bu hüquq müdafiəçiləri kimi düşünənlər də var. Onlar Ermənistanda yaşadıqlarına görə belə addımı açıq şəkildə ata bilmirlər. Çünki istər kilsə tərəfindən, istərsə də cəmiyyət tərəfindən təzyiqlərlə razılaşırlar. Sözsüz ki, erməni hüquq müdafiəçilərinin burada keçirdiyi tədbirlər Ermənistan üçün mənfi bir haldır”. 

 






Fikirlər