"Bu ermənilər xalqlarının onlara yaxşılıq etmiş qonşularına qarşı nankorluqlarını etiraf etdilər" — Politoloq

"Bu ermənilər xalqlarının onlara yaxşılıq etmiş qonşularına qarşı nankorluqlarını etiraf etdilər" — Politoloq

Erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Azərbaycanda səfərdədir.

Erməni yazıçı Bakı səfəri zamanı Xocalı soyqırımı abidəsini ziyarət edib. Bundan sonra erməni yazıçı xalqının etdiklərinə görə Azərbaycan xalqından üzr istəyib.

Avetyanın Bakıya gəlişi birmənalı qarşılanmayıb. Bəzi ekspertlər iddia edir ki, bu, xalqların barışığına hesablanıb və xalq diplomatiyasıdır.

Bu məsələ ilə bağlı ploitoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"Ermənistan Azərbaycana qarşı istənilən təxribatdan istifadə edir. Ermənilər ləzgi, talış və digər kartlardan istifadə edir. İrəvanda talış dilində TV kanal açılıb. Tez-tez talış konfransları keçirirlər. Bunlar hamısı təbliğat xarakteri daşıyır və dünya ictimai rəyini Azərbaycanın əleyhinə yönəltmək üçün istifadə edilir.

İndi Azərbaycana bir neçə erməni gəlib. Bu ermənilərin hamısı Ermənistanın Azərbaycana təcavüz faktını, Xocalıda ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiyini təsdiq edir. Bu gün isə onlar Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular. Həmin ermənilər mətbuat konfransı keçirərək, Ermənistanın Azərbaycana təcavüz etdiyinə və törətdikləri soyqırıma görə Azərbaycan xalqından üzr istəyiblər. Zənnimcə, bundan yaxşı təbliğat ola bilməz. Bunlar erməninin içərisindən çıxmış, Ermənistanın qaymağı sayılan ziyalılarıdır və onlar Bakıda Sarkisyan rejimini amansız tənqid etdilər.

Bu çox böyük bir hadisədir. Ermənilər öz xalqlarının vəhşiliyini, barbarlığını, daim onlara yaxşılıq etmiş qonşularına təcavüz etdiklərini etiraf etdilər və bu da bütün dünyaya yayılır. Bu, misli görünməmiş hadisədir. Biz bunun əhəmiyyətini sonra hiss edəcəyik. Bu günə qədər bir dənə də olsun azərbaycanlı İravanda mətbuat konfransı keçirib qondarma erməni soyqırımını tanımayıb. Bütün bunlar onu göstərir ki, ermənilər həqiqətən də düz yolda deyillər. Əgər erməni xalqının ziyalıları, seçilmişləri gəlib Azərbaycanın paytaxtı Bakı şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə baş əyib erməniləri lənətləyirlərsə, bu, Azərbaycanın böyük mənəvi qələbəsidir. Bu həm də gələcək sülh danışıqlarında tutarlı arqumentlərdən biridir. Ermənilər Dağlıq Qarabağın adını dəyişdirib Arsak qoymaq istəyirlər. Bu həm də Arsak termininə cavabdır.

Son baş verənləri xalq diplomatiyası adlandırmaq olar, ancaq bunun xalq diplomatiyası olması üçün bu daha geniş bir hərəkata çevrilməli, tərkibində daha çox adamları birləşdirməli, hər iki xalqın nümayəndələri bir-biri ilə tez-tez görüşməlidir. İndiki şəraitdə bu mümkün deyil, çünki torpaqlarımız işğal altında, əllər tətikdə, hamı həyacanla yeni müharibənin başlayacağını gözləyir. Bütün bunlara baxmayaraq ermənilərin Azərbaycana gəlişi yüksək qiymətləndirilməlidir. Onların burada etdikləri etiraflar, Azərbaycan xalqından üzr istəmələri alicənablıq nümunəsidir. Belə hərəkətlər nümunəvidir və bu hərəkətlərin ardıcılları olur. Erməni cəmiyyətində buna bənzər proseslər, etiraflar daha da çoxalacaq".






Fikirlər