Azar, bazar bilmədən böyüdükcə böyüdülər...
Uşaq vaxtı nehrə yağı, Kəlbəcər balı yediyim üçün yaddaşıma güvənirəm... 1998-ci ilin yayı idi. Hətta günlərdən cümə olduğunu da dəqiq xatırlayıram. Çünki götürdüyümüz müsahibə şənbə günü qəzetdə getməliydi. Bazar günüylə bağlı da planımız vardı. Bir neçə dost, həmkar bir araya gəlib dənizə gedəcəkdik. Bəlkə də həmin gün dənizdən danışmasaydıq, bu söhbət mənim yaddaşıma ən xırda detallarına qədər yazılmayacaqdı. Rauf Arifoğlu iki işi çox yaxşı bacarır: Yazmağı və danışmağı. Həmin gün əla danışdı. Müsahibənin yaxşı olacağına, səs-küy doğuracağına, yaxşı yazıları yüksək qiymətləndirən baş redaktorumuz Nəsib İsmayılovun bizi tərifləyəcəyinə şübhəmiz yox idi. İmzasını yenicə tanıtmağa başlayan iki jurnalistin - mənim və həmkarım Nadir Azərinin buna çox ehtiyacı vardı. Müsahibədən sonra danışdıq, dartışdıq. O vaxt “Bu gün” ölkədə ən çox satılan qəzet idi. Tirajımız 28 minə çatmışdı. “Yeni Müsavat”, “Şərq” bizimlə rəqabət aparırdı. Amma heç kim başqasına badalaq vurmurdu. Sağlam rəqabət sayəsində hamımız gündə bir arpa boyu böyüyürdük... Çay süfrəsində Rauf bəy bizdən bazar günü nə işlə məğul olduğumuzu soruşdu. İkimiz də bir ağızdan dilləndik: “Dənizə gedəcəyik”. Təəccüblə üzümüzə baxdı. Bu dəfə biz soruşduq: “Siz dənizə getmirsiniz?” Şirin Tovuz ləhcəsində suala sualla cavab verdi: “Dənizə getməyə vaxtmı var?” Bazar gününün qeyri-iş günü olduğunu xatırladanda dedi ki, istirahət günü də işləyirlər. Sonradan “Yeni Müsavat” dövriliyini artıraraq, şənbə və bazar günləri də işıq üzü görməyə başladı. Başda Rauf bəy olmaqla “Yeni Müsavat”dakı dostlarımız şənbə-bazar bilmədən gecə-gündüz işlədilər. Onlar təkcə bazar deyil, heç azar da bilmədilər. Dərdi, azarı özlərinə yaxın buraxmadılar. Beləcə, Cənubi Qafqazın ən böyük qəzeti, ən böyük media qruluşu oldular. Həmişə, hər yerdə yerdə birinci oldular... Biz yuxularımızı dənizə, suya danışanda onlar yuxularını gerçək etdilər... Azar, bazar bilmədən böyüdükcə böyüdülər... Bu gün “Yeni Müsavat” qəzetinin 33 yaşı tamam olur. 33 il bir igidin ömrüdür. Əminəm ki, irəlidə hələ çox 33-lər var. Çünki ortada peşəkar kollektiv, iradə, əzm var. Ən əsası isə məktəb var. Ad gününüz mübarək, dostlar! 3-ləriniz tezliklə 5 olsun. Yolunuz açıq, işiniz avand oslun! Seymur VERDİZADƏ