GÜNEY AZƏRBAYCANDA XALQ MİLLİ MÜBARİZƏYƏ QALXIR - Küçələrə İlham Əliyevin şəkilləri asıldı + VİDEO
Güney Azərbaycanda ziyalılar və aydınların millətə milli haqlarının əldə edilməsi ilə bağlı etiraza çıxmaları üçün etdikləri çağırış nəticə verməkdədir. Musavat.com xəbər verir ki, hazırda Güney Azərbaycanın hər yerində etiraz dalğasına qoşulanların sayı artmaqdadır. Dünya azərbaycanlılarının, aydınlarının əsas məqsədi Tehranda rejimi çökdürməkdir. Lakin hazırda əsas mesajlar yalnız Tehran rejiminə deyil, Qərb dövlətlərinə, Fransaya ünvanlanıb. Bu barədə məlumat verən Azərbaycan Starateji Araşdırmalar Mərkəzinin Kanada bölümünün rəhbəri, siyasi təhlilçi Aslan İsabəyli bildirib ki, bu gün Təbriz küçələrində Ali Baş Komandan, Prezident İlham Əliyevin şəkilləri asılıb: "Öndə gedən Azərbaycan, Türk gəncliyidir. Hər zaman Avropa və bəzi Qərb dövlətləri İrandakı hakimiyyəti kontrol ediblər. Onlar istədiklərini hakimiyyətə gətirib, istədiklərini deviriblər. 40 ildir ki, bu rejimin bölgə, dünya üçün təhlükəyə çevrildiyini nəzərə alsaq, artıq rejimin dəyişmə vaxtı çatıb. Yenə də Qərb dövlətləri özlərinin istədikləri hakimiyyəti rəhbər gətirmək istəyirdilər. Yenə də Güney Azərbaycan Türk millətinin milli haqlarını görməzdən gəlib, fars rejimini saxlamağı düşünürdülər. Ancaq bu kimi məsələlərin mahiyyətini çox yaxşı bilən İlham Əliyev cənabları diplomatik və siyasi mesajlarla çıxış etdi. Bu mesajları Güney Azərbaycan gəncliyi, aydınları dərhal aldılar. Ona görə də cənab prezidentin şəkillərini Güney Azərbaycanda yaymağa başladılar. Bu şəkillər artıq ikinci dəfədir ki, yayılır. Bunun mahiyyəti var. Azərbaycan prezidenti son çıxışlarında müəyyən dövlətlərə və xüsusilə də Fransaya lazımı mesajı verdi. Bu mesaj ondan ibarət idi ki, Azərbaycan öz tarixi torpaqlarına sahib çıxmaqdadır. Hansısa dövlət və ya dövlətlər İranda hakimiyyət dəyişikliyi barədə düşünmək istəsələr, ağıllarından keçəni artıq düşünməsinlər. Çünki millət öz tarixi keçmişinə sahib çıxmaqdadır. Son zamanlar təbii ki, Fransanın və radikal xristianların səyi nəticəsində farsla ermənini birləşdirib, Azərbaycanın əleyhinə qaldırmaq istəyirdilər. Bunun əsasında Zəngəzur dəhlizi layihəsini dondurmaq, Türk iqdisadi inkişafını, Türk dünyasının birləşdirilməsinin qarşısını almaq dayanır. Bütün bunları öncədən görən Azərbaycan prezidenti Tehrana hər hansı mesaj vermədi. Çünki artıq Tehran yıxılmaq ərəfəsindədir və ona hansısa mesajı verməyin mənası yoxdur. Tehran çox kiçikdir. Bu mesaj başda Fransa olmaqla, digər dövlətlərədir. Küçələrə vurulan İlham Əliyevin şəkillərində bir mesaj da yazılıb: "Qarabağın fatehi, Ata Turan, Böyük Azərbaycanın FATEHİDİR. And olsun Azərbaycana". Qarabağın azadlığından sonra ikinci mərhələ Zəngəzur koridoru, üçüncü Güney Azərbaycanın azadlığıdır. Zəngəzur dəhlizi mütləq açılacaq və bununla da Turan reallaşmağa doğru gedəcək. Bunu isə cənab Prezident İlham Əliyev edir. Ona görə də onu "Ata Turan" deyə xarakterizə edirlər. Güney Azərbaycanda bu işlər aydınlar, gənclər, xanımlar tərəfindən sistemli şəkildə həyata keçirilir və bu, davam edəcək".