KREMLİN QARABAĞDA YENİ MƏKİRLİ PLANLARI... – Vardanyan üzərindən hansı oyun HAZIRLANIR?
"Rusiyadan, Fransadan aldığı dəstəkdən sonra Nikol Paşinyanın daha ürəkli danışması göstərir ki, sülh məsələsi arxa plandadır. Paşinyan artıq müqavilədən yox, Rusiya variantı olan “çərçivə sazişi”ndən danışır. Çərçivə sazişi isə sülh müqaviləsi deyil, bu istiqamətdə əməkdaşlığın necə baş tutacağına dair tərəflərin razılığını müəyyən edən sənəddir. Çərçivə sazişinin şərtləri yekun və detallı deyil...” “AzPolitika.info” xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Qarabağ ətrafında yaranmış son durumu şərh edərkən bildirib. Xatırladaq ki, Prezident İlham Əliyev dünən Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistanın ikili mövqeyindən ciddi narazılığını ifadə edib. Prezident Rusiyanın prosesə neqativ müdaxiləsindən də danışıb:“Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”. Prezident bəyan edib ki, Ermənistan və onların havadarları Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib", - İlham Əliyev vurğulayıb. İlham İsmayıl da separatçı rejimin Rusiyanın dəstəyi ilə Qarabağda yeni addımlar atmaq niyyətindən bəhs edib: “Məlum olur ki, separatçı rejim nəzarət etdikləri ərazidə saxta“referendum” keçirib “idarəetmə sistemini” dəyişməyi planlaşdırırlar. “Referendumun” gələn ilin yazında keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, qərara alınıb ki, bu ilin dekabrın 20-22-də bu iş həyata keçirilsin. Məqsəd, qondarma “prezident idarəetmə sistemini” ləğv edib, “fövqəladə şura” yaratmaq və Rusiya tərəfindən göndərilmiş, öyrədilmiş ünsür Ruben Vardanyanı da “fövqəladə şuranın”“sədri” təyin etməkdir. Belə olan halda qondarma rejimin “parlamenti” də fəaliyyətini dayandırır və bütün “hakimiyyət” Ruben Vardanyanın, yəni Rusiyanın tam əlinə keçir. Rusiya da iki ildir yerləşdiyi Qarabağ ərazisində nə siyasəti aparıbsa, onu daha da dərinləşdirəcək. Yəni, münaqişəyə yekun nöqtənin qoyulması uzanacaq. Müəyyən mənada proses və mövcud səhnə bizim üçün aydındır. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə mövcud status-kvonun “seçki”, “referendum” yolu ilə dəyişdirilməsinin 10 noyabr razılaşmasına zidd olduğunu öncədən qarşı tərəfə bildirməliyik”. Xatırladaq ki, Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndəsi ilə görüşdə Ermənistana açıq xəbərdarlıq edib. “Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır", - Prezident vurğulayıb.