Vəkili Tofiq Yaqublu ilə görüşüb ...

Vəkili Tofiq Yaqublu ilə görüşüb

Dekabrın 27-də vəkil Nemət Kərimli inzibati həbs cəzası çəkən siyasətçi Tofiq Yaqublunu ziyarət edib.

Reyting.az xəbər verir ki, Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. Siyasətçi Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanır.


Dekabrın 27-də Tofiq Yaqubluya baş çəkən vəkil Nemət Kərimli Novator.az-a deyib ki, məntəqədə ərzaq və geyim qəbuluna ümumi bir məhdudiyyət tətbiq olunur, bu da narahatlıq yaradır: “Həmçinin qanuna zidd olaraq Tofiq Yaqubluya ailə üzvləri ilə görüş icazəsi verilmir”.

Vəkil əlavə edib ki, inzibati həbsdən apellyasiya şikayəti hazırlanır: “Tofiq Yaqublunun həbsi əsassızdır. Bakı Apellyasiya Məhkəməsinə müraciətdə onun azadlığa buraxılması istənəcək”.

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.






Fikirlər