“MƏNİMLƏ ÜZ-ÜZƏ GƏLMƏYƏ KİŞİLİKLƏRİ, CƏSARƏTLƏRİ ÇATMADI...” (VİDEO)

10 il əvvəl bu gün – 4 fevral 2013-cü ildə Vasif Talıbov Naxçıvan hakimiyyətində təmsil olunan bəlkə də sonuncu avtoriteti - əhali arasında hörmət-izzət sahibi, təmiz və əqidəli bir şəxs kimi tanınan Məmməd Abbasovu işindən uzaqlaşdırdı.

M.Abbasov 1991-ci ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, 2003-cü ildən isə Baş nazirin müavini-kənd təsərrüfatı naziri vəzifəsində çalışırdı. O, bu vəzifəyə Heydər Əliyev tərəfindən təyin olunmuşdu. M.Abbasovun Heydər Əliyevlə yaxşı münasibətləri, eyni zamanda da onun Naxçıvan camaatı arasındakı nüfuzu savadsız, paxıl və mahiyyətçə nadan bir insan olan V.Talıbovu heç zaman rahat buraxmamışdı. Ətrafına özü “çəkidə” olanları yığmağa üstünlük verən Talıbov, M.Abbasovun Naxçıvanda yüksək vəzifə tutması ilə barışa bilməzdi. Lakin Heydər Əliyevin yaxın silahdaşını, Prezident İlham Əliyevin şəxsən tanıdığı bir şəxsi, naxçıvanlıların böyük hörmət bəslədiyi bir şəxsiyyəti “vurmaq” da asan deyildi. Bunun üçün çox ciddi əsaslar tapılmalı idi. 2013-cü ilin əvvəllərində daha əsəbləri tab gətirməyən Talıbov belə “ciddi əsası” tapmağa nail oldu – rəsmən məzuniyyətə buraxılmış M.Abbasovu Ali Məclisin iclasında iştirak etmədiyinə görə vəzifəsindən uzaqlaşdırdı. Ardınca isə onun camaatın və siyasi hakimiyyətin nəzərindəki etibarını sarsıtmaq üçün müxtəlif şayiələr yaydırmağa başladı.

M.Abbasovun vəzifədən uzaqlaşdırılmasının 10 illiyinin tamamına az qalmış Vasif Talıbovun özünü hakimiyyətdən uzaqlaşdırdılar...

Belə bir ərəfədə M.Abbasovla söhbət yerinə düşərdi. Biz də bu fürsəti qaçırmadıq.

 

 

M.Abbasovun “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Məmməd müəllim, düz 10 il əvvəl Vasif Talıbov Sizi vəzifənizdən uzaqlaşdırdı. Bu haqda bir dəfə sizinlə danışmışdıq, amma indi vəziyyət bir qədər fərqlidir – Talıbovun özü də hakimiyyətdən uzaqlaşdırılıb və çox ciddi ittihamlarla üz-üzədir. Talıbov Sizinlə niyə işləmək istəmədi? 

- Mən, 2013-cü il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - kənd təsərrüfatı naziri vəzifəsindən azad olunmuşam. Artıq 10 ildir ki, təqaüddəyəm. Ötən bu müddət ərzində mənim vəzifədən azad olunmağımla bağlı hələ də bir sıra qaranlıq məqamlar, müəmmalar qalmaqdadır. Muxtar Respublika Ali Məclisinin sədri səbəb kimi bildirmişdi ki, guya mən saymazlıq edərək Ali Məclisin yığıncağına getməmişəm. Bir neçə gündən sonra isə sosial şəbəkələrdə mənə qarşı uydurma, böhtan və şər xarakteri məlumatlar yaydılar ki, guya mən Moskva şəhərində respublikanın Baş nazirinin sabiq müavini Abbas Abbasovla görüşmüşəm və bundan xəbər tutan Ali Məclisin sədri qəzəblənərək, məni vəzifəmdən azad edib. Bir müddət sonra şər kampaniyası yenə davam etdi, bu dəfə sosial şəbəkələrdə məlumat yaydılar ki, mən gizlin şəkildə Sədərək gömrük məntəqəsindən kiminsə müşayiəti ilə keçərək, İstanbul şəhərinə gedib, orada “Çıraqban” otelində Cəmil Həsənli və Abbas Abbasovla görüşmüşəm.

Bəli, sizin də xatırlatdığınız kimi, bu şayiə və böhtanlara mən bir neçə il bundan əvvəl sizin saytınız vasitəsilə cavab vermişəm. Amma o cavab tam dolğun deyildi. İndi məlum hadisələrin cərəyan etdiyi bir zamanda yenidən məsələyə aydınlıq gətirmək zərurəti yaranıb. Qaranlıq heç nə qalmamalıdır! Mənə qarşı edilən bu haqsızlığın səbəbkarı, icraçıları hal-hazırda yaşayırlar, onlar bilməlidirlər ki, pislik heç vaxt unudulmur, yaddan çıxmır. Gec-tez hər şey üzə çıxır, aydınlaşır. Digər tərəfdən, baş verənlər dövlət məmurlarına ibrət olmalıdır ki, gərək vəzifə sahibləri xəyanətkar, satqın olmasınlar. Yəni tarixdən ibrət dərsi alınmalıdır...

2012-ci ilin avqust ayının 10-da mənə yaşa görə pensiya təyin edildi. Məqsədim vəzifədən gedib, dövlət qulluqçusu kimi təqaüd almaq, qalan ömrümü sakit yaşamaq idi. Çünki artıq xeyli müddət idi (47 il) işləyirdim. Dövlət qulluğunda 32 il stajım var idi. Digər tərəfdən, son illər Ali Məclisin sədri ilə münasibətlərimizdə soyuqluq, gərgin vəziyyət yaranmışdı. İş o yerə çatmışdı ki, məni son aylar Ali Məclisdə keçirilən tədbirlərə belə dəvət etmirdilər. Hətta 2012-ci ilin dekabr ayında Ulu Öndərin anım günü ərəfəsində mənə Ali Məclisdən bildirmişdilər ki, “anım günü sən rəhbərliklə birlikdə mərasimdə iştirak etməməlisən”. Səbəbini soruşduqda Aparat rəhbəri Əli Həsənov bildirmişdi ki, “belə məsləhətdir”. Məlum oldu ki, sədrin göstərişidir. Əli Həsənova dedim, sənə göstəriş verən adama çatdır ki, mən tədbirdə iştirak edəcəm, heç kəs mənə bunu qadağan edə bilməz... 

- Həqiqətənmi V.Talıbov belə göstəriş vermişdi?...

- Bu hadisədən sonra xidməti işimlə bağlı Türkiyədən qayıtdıqdan sonra Ali Məclisin sədrinin qəbulunda oldum. Səfərin yekunları haqqında məlumat verdikdən sonra xahiş etdim ki, məni pensiyaya buraxın. Razı olmadı, çox xoş münasibətlərdən, keçmişdən söz açdı. Anım mərasimiylə bağlı məsələnin səbəbini soruşduqda isə “xəbərim yoxdur” cavabını verdi. Mən isə dedim ki, sizin xəbəriniz olmadan heç kəs cəsarət edib mənə o sözü deyə bilməzdi. Ə. Həsənova da mən sözümü demişəm və gəlib mərasimdə iştirak etmişəm. Çox pis vəziyyətə düşdü. Ondan xoş münasibətlə ayrılmağımızı xahiş etdim. Xatırlatdım ki, qardaşımla münasibətiniz yaxşıdır, siz işləyin, mən də artıq yaşlaşmışam, gedim istirahət edim. Lakin yenə də razı olmadı. Çünki onun niyyəti pislik etmək idi...

 

 

- Belə də etdi...

- 2013 - cü il yanvarın sonu məzuniyyətə getmək üçün sədrdən icazə aldım. Baş nazir Əlövsət Baxşıyevə ərizə ilə müraciət etdim. Ərizəmin üsütünü yazıb, mənim yanımda göstəriş verdi ki, “sərəncam hazırlansın”. Fevral ayının 1-də gecə yarısı Ali Məclisin sədr müavini Mirhəşim Seyidov evə zəng vurub, məni nazirliyə dəvət etdi. Səbəbini soruşduqda dedi ki, “sədr mənə tapşırıq verib ki, müalicəyə getdiyin üçün sənə maddi köməklik göstərək. Təşəkkür edib, məzuniyyətdən qayıtdıqdan sonra baxarıq dedim. İsrar etdi ki, “əgər indi qəbul etməsən, sənin məzuniyyətin dayandırılacaq”.

Fevralın 2-də, şənbə günü hava limanında olan zaman Ali Məclisin Aparat rəhbəri Əli Həsənov zəng edib, fevralın 4-də, birinci gün yığıncaqda olmağımı istədi. Bildirdim ki, mən məzuniyyətdəyəm, bundan sədrin də, Baş nazirin də xəbəri var. Üzr istəyib, hara getdiyimi soruşdu və xoş istirahətlər arzu etdi. Ancaq mən yenə də hər ehtimala qarşı, Mirhəşim Seyidova zəng edib bildirdim ki, səfərimi 2 gün təxirə salaraq yığıncaqda iştirak edə bilərəm. O, “ehtiyac yoxdur” deyə cavab verdi. Hətta yarızarafatla bildirdi ki, nə istəyirsən, sərəncamın verilib, rəhbərliyin xəbəri var, maddi tərəfdən də köməklik olub, çıx get...

Bütün bunlara baxmayaraq, fevralın 4-də, həftənin birinci günü Ali Məclisin sədri yığıncağın keçirilidyi zala daxil olan kimi əsəbi halda deyib ki, “Məmməd Abbasov məni saymır, yığıncaqlara gəlmir, mən də onu vəzifədən azad edirəm”. Həmin vaxt Əlövsət Baxşıyev və Mirhəşim Seyidov heç nə demirlər, mənim məzuniyyətdə olmağımdan xəbərsizmiş insanlar kimi davranırlar...

- Demək hər şey əvvəlcədən planlaşdırılıb, elə deyilmi?...

- Bəli, mən Bakıdan qayıdıb, Baş nazir Ə.Baxşıyevdən bu maskaradın səbəbini soruşdum. Dedim ki, ərizə verdim, vəzifədən çıxmağıma razı olmadınız, indi bu nə hərəkətdir? Sən mənim məzuniyyətə çıxmağıma sərəncam vermisən axı. Ərizəmi göstərib dedi ki, “Xeyr, sərəncam verməmişəm, olub, keçdi, sən səbrli ol, gələcəkdə sənin Azərbaycana deputatlığa namizədliyini verəcəyik”. “Sizin kimi insanların parlamentdə ruporuna çevrilməyi mən özümə təhqir hesab edərəm” dedim.

Sonra Əmək kitabçamı alıb, pensiya fonduna göndərdim. Açığı, ehtiyat edirdim ki, pensiya da verməzlər, Əmək kitabçamı korlayarlar. Çünki bunların nə simada olduqlarını bilirdim...

Hə, Baxşıyev biləndə ki, mən işlədiyim nazirliyə gedəcəm, dedi ki, getmə, onsuz da icazə verməyəcəklər. Dedim ki, artıq o sənlik deyil. Nazir müavini Sahib İbrahimliyə zəng edib dedim ki, işçiləri yığsın, gəlib onlarla vidalaşacam. O, Ali Məclisin tapşırığı əsasında bunun qadağan edildiyini dedi. Mən ona bildirdim ki, sən işçiləri topla, deyərsən ki, özü gəlib yığdı...

Nəhayət, nazirliyin işçiləri ilə vidalaşdım, onlardan halallıq istədim. Kiməsə qarşı ədalətsizliyim olubsa, bağışlamalarını xahiş etdim. Vəzifədən getməyimin səbəbini isə belə izah etdim ki, bu qurama bir oyunbazlıq idi, məni məzuniyyətə buraxıb, hətta maddi köməklik göstərdilər. Sonra da dedilər ki, “heç nədən xəbərimiz yoxdur”. Bunların cəsarətləri, kişilikləri çatmadı ki, mənimlə üz-üzə gələrək, işdən azad etsinlər. Barəmdə müxtəlif şayiələr yayır, Cəmil Həsənlinin və Abbas Abbasovun adlarını hallandırırlar. Görünür, bir nöqsan tapa bilmədiklərindən keçiblər şərbazlığa.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by 
5
Reklamınızı SmartBee ilə effektiv edin.

 

- Məmməd müəllim, Sizin bu adamlarla əlaqələndirilməyinizin səbəbi nə idi, onlarla hər hansı münasibətiniz əvvəllər olmuşdumu?

- Abbas Abbasov prezidentlər Mütəllibov, Əbülfəz Əliyev, Heydər və İlham Əliyevlərin rəhbərlikləri dövründə Baş nazirin müavini vəzifəsində 17 ilə yaxın bir müddətdə işlədi. Vəzifədən 2006-cı ildə ərizə yazaraq istefa verdi. Azərbaycanın müasir dövlətçiliyi tarixində pensiya yaşına çatmadan, sivil qaydada istefa verən ilk məmur idi. Prezident onun xidmətlərini nəzər alıb, “İsitqlal” ordeni ilə təltif edərək, hörmətlə yola salmışdı. A.Abbasov Azərbaycan Aqrar İslahat Komissiyasının, mən isə Naxçıvan MR Aqrar İslahat Komissiyasının sədri idim. Biz həmişə onunla qarşılıqlı hörmət şəratində əməkdaşlıq etmişdik və islahatların həyata keçirilməsində az da olsa əməyimiz olub.

Cəmil Həsənliyə gəlincə, bu günə qədər mənim onunla heç bir şəxsi tanışlığım olmayıb. Onu televizyadan, parlamentdən tarixçi-alim kimi tanıyıram. Bizim cəmiyyətdə belə bir səhv praktika istifadə olunur: Birini vəzifədən uzaqlaşdıranda dərhal şayiə yayırlar ki, “mütəllibovçu”dur, “cəbhəçi”dir, “fetoçu”dur və s. AXC-Müsavat dövründə də deyirdilər ki, “kommunist”dir, “əliyevçi”dir...

Bu cür siyasət cəmiyyəti parçalaya bilər. Naqis adamlar bu “ənənədən” şəxsi məqsədləri üçün istifadə edirlər. Düşünürəm ki, mənin də fəaliyyətimdə nöqsan tapa bilmədiklərindən, Vasif Talıbov belə vasitəyə əl atdı. Cəmiyyətdə nüfuzuma xələl gətirmək istədi. Lakin fitnəsi baş tutmadı və bu əməli fiaskoya uğradı. Vəzifədən getdikdən sonra da məndən əl çəkmədilər. Telefonuma qulaq asmaq, güdmək, otur-dur etdiyim insanları hədələmək kimi iyrənc vasitələrə əl atdılar. 2021-ci ildə isə pensiyamı da dayandırdılar. 40 min manat “borc” hesablayıb, yeni təyin etdikləri pensiyamın 50 faizini tutmağa başladılar. Lakin bir il gərgin mübarizədən sonra haqqımı bərpa etdim.

- Biz bilən Sizdən sonra adlarını çəkdiyiniz, yəni belə demək mümkünsə, Sizə qarşı “əməliyyatda” iştirak edənləri də vəzifələrindən uzaqlaşdırdılar...

- Mən səbrli insanam, həyatım mübarizələrdə keçib. Vəzifələrə təsadüfən, proteksiya ilə yox, zəhmətlə, xeyirxah insanların köməyi ilə gəlmişəm. İnanclı adamam. Bilirdim ki, bu anarxiyanın bir sonu olacaq. Və oldu da. Baş nazir (Əlövsət Baxşıyev), Ali Məclisin sədr muavini (Mirhəşim Seyidov), Aparat rəhbəri (Əli Həsənov) eyni ssenari ilə işdən uzaqlaşdırıldılar.

Ümumiyyətlə, son illər vəzifədən gedənlərin hamısı, işərində nöqsanlar olsa da, şər-böhtanla yola salındılar. Bəziləri hətta həbs edildilər. Onların mülkləri əllərindən alındı, özü də dövlət nəfinə yox, özləri ələ keçirdilər. Bu hərəkətlər haqqında rəhbərliyə yalan məlumatlar verib, özünü mələk kimi göstərməyə cəhd edirdi. Halbuki, vəzifə sahibləri ona itaətkar qul kimi xidmət edirdilər. Törətdikləri cinayət və nöqsanları məhz onun rəhbərliyi altında həyata keçirirdilər. Beləcə, vilayətin kadr potensialı məhv edildi.

Muxtar Respublikaya dəyən ən böyük zərbə isə o oldu ki, məmurların, bir sıra alimlərin, hətta sadə vətəndaşların, gənclərin mənəviyyatı pozuldu. Kadrların seçilib yerləşdirilməsində satqınlıq, yaltaqlıq, korrupsiya əsas meyara çevrildi. Muxtar Respublika əhalisi təzyiqlərdən, təqiblərdən yaxa qurtarmaq, ailələrini dollandırmaq üçün başqa bölgələrə - İstanbula, Bakıya köç etməli oldular.

Əlbəttə, mənim də fəaliyyətimdə nöqsanlar, səhvlər olubdur. İş olan yerdə nöqsan olar. Amma cinayət, qərəzçilik, insanları təqib olmayıb!

 

 

Bu gün Muxtar Respublikada Prezidentin fərmanıyla yaradılmış yeni struktura minlərlə insan müraciət edir, qəbula gəlir, həm də ümidlə gəlirlər ki, onlara qarşı olunan haqsızlıqlar aradan qaldırılsın. Zorla müsadirə edilmiş əmlakları geri qaytarılsın. Amma heç kim kolxoz-sovxoz torpaqlarının bölgüsündən narazılıq etmir! Qeyd edim ki, 1992-2000-ci illərdə İslahat Komissiyası 72 min ailəyə 57 min hektar torpaq payladı. Bu proses kənd əhalisinin iştirakı ilə kənd meydanlarında, klublarında püşkatma vasitəsilə tam şəffaf və rüşvətsiz həyata keçirilmişdi. Bu islahatlar Ulu öndərin Naxçıvanda işlədiyi dövrdən başlamışdı. Ona (H. Əliyevə-red.) xəyanət etmək olmazdı. Ancaq çox təəssüf ki, onun etimad göstərdiyi şəxs (V.Talıbov-red.) nəinki etimadı doğrultmadı, hətta etimad edənlərin nüfuzuna xələl gətirməyə cəhd etdi. Alınmadı və çoxdan gözlənilən qərar qəbul edildi - rejim ləğv edildi!

 

 

Gözləmək olardı ki, Ali Məclisin sədri heç olmasa son sessiyada 45 deputatın qarşısında səhvini etiraf edəcək, insanlardan halallıq istəyəcək. Lakin ona da cəsarəti çatmadı. Bəkə də üzü olmadı.

Bu gün hər kəsdə sual yaranır ki, axı bu insan niyə belə hərəkətlərə yol verib? Onun atası Yusif kişi, bibisi Bahar xanım sadə, əməksevər, xeyirxah adamlar idi. Bibisi Bahar xanım Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı olmuşdu. Hər ikisi ilə mən birlikdə çalışmışam. Onlar dünyalarını dəyişəndən sonra bu insan (Vasif Talıbov-red.) tamamilə özbaşına oldu.

Muxtar Respublika əhalisini parlamentdə təmsil edən deputatlar da bu özbaşınalıqlara rəvac verdilər. Onlar bundan sonra öz seçicilərinin gözlərinə necə baxacaqlar? Ancaq yenə də gec deyil, etiraf etsinlər, Allah bağışlayandır...

- Deyirlər ki, Vasif Talıbovun bu yaramaz idarəçiliyi bütövlükdə Naxçıvanın adına ləkə gətirib...

- Ölkəmizin ayrılmaz hissəsi olan o torpaq heç vaxt ləkələnməz! Bu torpaq Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Məmməd Araz kimi böyük yazıçılar, Həsən Abdullayev, Yusif Məmmədəliyev kimi alimlər, Ramiz Mirişli kimi bəstəkar, Heydər Əliyev, Əbülfəz Elçibəy, İlham Əliyev kimi dövlət-siyasi xadimlər, Hacı Əliyev kimi şempionlar yetirib. Torpaqlarımızın qorunmasında və azad edilməsində qəhrəmanlıq edən igidlər yetirib, şəhidlər verib.

İnşallah, Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan Türk dünyasının mərkəzi olacaq.

 

Vəzifədən uzaqlaşdırılandan az sonra – 2014-cü ildə Məmməd Abbasovun həyatından bəhs edən film çəkilib. Həmin filmi təqdim edirik:

 


 






Fikirlər