Ermənistan böyük müharibəyə hazırlaşır - Sübutlar
Bu gün Azərbaycan Sərhəd Xidmətinin Laçın yolunun girişində, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi yaratması və yolu nəzarətə götürməsinin səbəbləri göründüyündən daha dərindədir. ''AzerTaym.az'' Axar.az-a istinadən xəbər verir ki, əsas fakt Ermənistanın ciddi şəkildə hərbi imkanlarını genişləndirməsidir. Yalnız bu il Ermənistanın hərbi büdcəsi 1,3 milyard dollara qaldırılıb, eyni zamanda, müdafiə sənayesinin qurulması, zəruri hərbi sursatların istehsalı ilə bağlı ilkin vəsait ayrılıb. Ermənistan Baş naziri Nikol Paşinyan hətta hərbi büdcəni iki dəfə artırmaq üçün Ermənistanın maddi resursları olduğunu, ancaq həmin vəsaiti xərcləməyə Müdafiə Nazirliyinin imkanı olmadığını da 3 gün öncə elan etdi. Paşinyanın maddi baxımdan kifayət qədər ciddi resursların olduğunu deməsi iddia və yaxud lovğalıq deyil, reallığa əsaslanır. Ermənistanın 2021-ci ildən başlayaraq iqtisadi baxımdan ciddi inkişafı müşahidə olunur və burada Avropa Birliyinin əhəmiyyətli dəstəyini görmək mümkündür. AB-nin ayırdığı 2,6 milyard avro vəsaitin ilkin tranşı, həmçinin Ermənistanda “sivil cəmiyyətlərin inkişafı üçün” yüz milyonları aşan qrantlar, dəstək layihələri üzdə görünəndir. Görünməyən isə Rusiyaya tətbiq edilən sanksiyalardan Ermənistanın milyardlarla dollar qazanmasıdır. Artıq bir neçə dəfə qeyd etdiyimiz kimi: Ermənistanın AB-dən idxalı və Rusiyaya ixracında kəskin artımlar 2022-ci ildə qeydə alınıb. Ermənistan 2022-ci ildə Rusiyaya ixracı tam 4 dəfə artıraraq, 2,5 milyardın üzərinə qaldırıb. 2022-ci ildə Ermənistan iqtisadiyyatına bir il əvvəlki ilə müqayisədə tam 3 dəfə artıq birbaşa investisiya yatırılıb və ümumilikdə 1 milyard dolları keçib. Əlbəttə ki, bu birbaşa investisiyalar rusiyalı iş adamlarının Ermənistanda yaratdığı şirkətlərdir. 2022-ci ildə Vyetnam, Meksika, Yaponiya, Qazaxıstan, Hindistan, Filippin, Tailand, Malayziya, Cənubi Koreya kimi ölkələrdən Ermənistana ixrac 102-380% (!) artıb. Avropa ölkələrindən bu artım isə 70%-dir. Bir ildə 2 milyon əhalisi olan Ermənistanda nə baş verdi ki, bu qədər irihəcmli idxala ehtiyacı yarandı? Hansı iqtisadi möcüzə baş verdi ki, Rusiyaya ixrac 4 dəfə artdı? Ermənistandan Rusiyaya xüsusilə elektronika mallarının və maşın ehtiyat hissələrinin 10 dəfədən çox artması təsdiqləyir ki, əslində Ermənistan Rusiyaya göndərilən malların “tranzitinə” çevrilib. Ermənistana 2022-ci ildə Rusiyadan birbaşa pul köçürmələri də faktastik səviyyədə çoxalıb. Bütün bunlar Ermənistan iqtisadiyyatına külli miqdarda qazanc gətirir, yeni iş yerləri açılır, ölkənin büdcəsi artıq 6,4 milyard dolları keçib. Ərazi və əhali baxımından müqayisədə, bu, 18 milyardlıq Azərbaycan büdcəsini üstələməsi deməkdir. Paşinyanın “minlərlə yeni şirkətin” yaradıldığı ilə bağlı “qürurlu” hesabatının da səbəbi budur. Ermənistanda yalnız 2022-ci ildən başlayaraq, yol infrstrukturuna külli miqdarda yatırım qoyulur. Dünənə qədər yol çəkə bilməyən Ermənistan artıq regionların inkişafına ciddi məbləğlər ayıra bilir. İqtisadi gəlir Ermənistanın iddialarını da artırır və bu iddialara İran xüsusi töhfə verir: Ermənistan yalnız Hindistandan silah-sursat alınmasına 300 milyon dollar yaxın vəsait ayırıb, İran isə kamizadze dronlar da daxil olmaqla, Ermənistan ordusuna misilsiz “hədiyyələr” verir – onlardan bəzilərini açıq şəkildə elan da edib. Ordunun gücləndirilməsi, qadınların orduya cəlbi ilə bərabər, Ermənistan Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən rus sülhməramlı kontingentinin məsuliyyət zonasındakı separatçı-terrorçu ünsürlərin torpaqlanması üçün də külli miqdarda vəsait ayırır. 2023-cü il üçün Qarabağ separatçılarının “büdcəsinə” göstərilən birbaşa yardım 370 milyon dollardır. Xankəndi və ətrafında 40 minə yaxın erməninin məskunlaşdığını nəzərə alsaq, bu vəsaitin həddən artıq çox olduğu şübhəsizdir. Bura separatçıların əlavə qazanc və diaspordan aldıqları yardımları da əlavə edəndə, ciddi bir rəqəm yaranır. Müqayisə üçün bildirək ki, 470 min civarında əhalisi olan Naxçıvan Muxtar Respublikasının büdcəsi 2023-cü il üçün 361 milyon dollardır. Bu baxımdan Qarabağ separatçılarına ayrılan vəsaitin əhəmiyyətli hissəsinin silah-sursat və buradakı silahlı dəstələrə xərcləndiyi ehtimalı həddən artıq yüksəkdir. Hələ 2022-ci ilin ortalarında Qarabağdakı qanunsuz erməni dəstələri və Ermənistan ordusundan qalanların sayının 4-6 min civarında olduğu haqda məlumat vardı. Ancaq Prezident İlham Əliyev 21 mart 2023-cü ildə ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında Qarabağdakı erməni silahlıların sayının 10 minə çatdığını bildirmişdi. Əlbəttə, Azərbaycan xüsusi xidmət orqanlarında bu haqda səhih məlumatlar var. Eyni zamanda, erməni separatçıların son bir ildə rus sülhməramlıların məsuliyyət zonasında əlavə “hərbi hissələr” yaratdığı da koordinatlarına və fotolarına qədər mediada tirajlanıb. Ermənistan ordusunun yalnız son bir həftədə keçirdiyi təlimlərə baxaq: Zəngəzur mahalında “döyüş şəraitinə yaxın”, “canlı” atışma məşqi, İrəvanın qərbində yerləşən poliqonda İsrailin “Harop” pilotsuz uçuş aparatının bazasında yaradılmış yeni “AURS DEV-3” kamikadze pilotsuz təyyarəsinin sınaqdan keçirilməsi, Hindistan, İran və Ermənistan XİN rəsmilərinin İrəvanda bu formatda ilk görüşü və müzakirələri və s. Bura Ermənistan müdafiə və xarici işlər nazirlərinin Hindistana və İrana ardıcıl bir neçə səfərini və hərbi sazişlərlə bağlı müzakirələrini əlavə etmək olar. Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin sayı son bir ildə az qala iki dəfə niyə və necə artırılıb? Ermənistan külli miqdarda silah-sursata niyə bu qədər vəsait ayırır? Azərbaycanla sülh sazişi üzərində müzakirələrin getdiyi bir vaxtda Ermənistanın sürətlə silahlanmasının səbəbi nədir? 11 apreldə ermənilərin Dağ/Dığ kəndi yaxınlığında Azərbaycan Ordusunun hərbi bölmələrinə qarşı silah tətbiqinə qədər cəsarətlənməsi, bir müddət əvvəl Ermənistana gəlib Paşinyanla görüşən, daha sonra isə qeyri-rəsmi Paşinyanın müşavirinə çevrilən NATO-nun sabiq baş katibi Rasmussenin mövqeyi (xatırlayın ki, Rasmussen Ukraynanın sabiq prezidenti Poroşenkonun müşaviri olmuşdu) və s. Ermənistanın müharibəyə hazırlandığını düşünməyə ciddi əsaslar verir. Bu savaşda Rusiyaya qarşı ikinci cəbhə açılması istəyi mümkündür, İranın isə öz maraqları var. İran Ermənistanın arxasında olduğunu zatən gizlətmir də. Məhz bu ərəfədə Azərbaycanın “görən gözü” – peykinin sıradan çıxması və yaxud çıxarılması da diqqətdən yayınmamalıdır. Beləliklə, ciddi bir hazırlığın görüldüyü, Azərbaycanın xəbərdarlığına baxmayaraq, Xankəndiyə silah-sursat və şəxsi heyət daşınmasının davam etdiyi bir məqamda Azərbaycan Laçın yolunun girişinə nəzarəti mütləq nəzarətə götürməli idi. Azərbaycan işğal siyasətindən əl çəkməyən düşmənin ciddi hazırlıqlar görməsinə və yenidən işğala başlamasına imkan verə bilməzdi.