"Rusiya üçün yaxşı sonluq görmürəm” - Zərdüşt Əlizadə

Rusiyada son zamanlar hərbləşdirilmiş "Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinlə müdafiə naziri Sergey Şoyqu arasında münasibətlər daha da kəskinləşib. Priqojin Rusiyanın Baxmut ətrafındakı döyüşlərdə ciddi nəticələr əldə etməməsinin əsas günahını Şoyqunun üstünə ataraq, yaranmış vəziyyətdə onu təqsirkar sayıb. 
Belə ki, Priqojin Şoyqunu "Vaqner” qrupuna silah-sursat verməməkdə ittiham edərək, mövcud vəziyyətdə cəbhə xəttindəki mövqelərini tərk edəcəklərilə hədələyib. Bu müstəvidə Rusiya Müdafiə Nazirliyi hərbləşdirilmiş qrupu silahla təmin edəcəyinə söz verib. 
Bununla belə, yaranmış vəziyyət onu deməyə əsas verir ki, Ukraynada vuruşan rus ordusunda vahid mövqe yoxdur. Bu da Rusiyadakı hərbi elita ilə siyasi elita arasında birliyin olmamasından xəbər verir. Tərəflərdən biri digərinin prosesdə irəli çıxmasına imkan verməmək üçün hər fürsətdən öz mənafeləri naminə yararlanmağa çalışır. Ukrayna müharibəsi isə bu mənada tərəflərin bir-birini uğursuzluqda, bacarıqsızlıqda ittiham etməsi üçün əlverişli fürsətdir. 
"AzerTaym.az" bildirir ki,mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın indiki vəziyyətini çar II Nikolayın hakimiyyətinin son illərilə əlaqələndirib:
"Rusiyada hazırda hərc-mərclik, qarşılıqlı ittihamlar, xain, casus axtarışı, əbləh insanların dövlət işlərinə qarışması kimi hallar baş verir. Priqojinlə Qriqori Rasputin arasında böyük oxşarlıq görürəm. Rasputin də çar hakimiyyətinə yaxın olmaqla dövlət işlərinə qarışır, nazirləri çıxarır, təyin edirdi. İndi də Rusiyada eyni oxşar hadisələr baş verir.
Mövcud vəziyyətdə bir-birilə savaşda siyasi, yoxsa hərbi elitadan hansının üstünlük qazanmasından asılı olmayaraq, Rusiya adlı dövlət tədricən süquta doğru gedir. Priqojin, yaxud Şoyqu kimdir ki, daxili çəkişmədə qalib gəlməklə vəziyyəti düzəldə bilsin? Hətta Putinin özü indiki halda Rusiyadakı vəziyyətə tam nəzarət edə bilmir. Bu ölkə addım-addım dağılmağa doğru gedir. Rusiya üçün yaxşı sonluq görmürəm”. 






Fikirlər