Sinan Oğana Bahçeli badalağı ...

Sinan Oğana Bahçeli badalağı 

Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində qalibi müəyyənləşdirmək mümkün olmadığı üçün gələn bazar günü tərəflər yenidən “kozlarını paylaşacaq”. 

Mayın 28-də mübarizə hakimiyyətin namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla müxalifət koalisiyasının namizədi, CHP sədri Kemal Kılıçdaroğlu arasında gedəcək. İlk turda rəqibini təxminən 5% qabaqlamağı bacaran iqtidar namizədinin ikinci mərhələdə marafonu qələbə ilə başa vurması daha real görünür. Mayın 28-də gülən tərəfin hazırkı Prezident R.T.Ərdoğanın rəhbərlik etdiyi ittifaqın olacağına inananların sayı sürətlə artır. 

Siyasi analitiklər ötən bazar 5%-dən artıq səs toplayaraq, siyasi çəkisini və iddiasını qat-qat artırmağa müvəffəq olmuş “ATA İttifaqı”nın namizədi Sinan Oğanın mövqeyinin prosesdə mühüm rol oynayacağını inkar etmirlər. Ümumi qənaət bundan ibarətdir ki, S.Oğanın dəstəkləyəcəyi namizədin rəqibi ilə müqayisədə qələbə şansı daha yüksək olacaq. Əgər həmin namizəd dövlət başçısı R.T.Ərdoğan olarsa, bu qənaətin özünü doğrultmaq ehtimalı daha artacaq. 

S.Oğan növbəti mərhələdə kimi dəstəkləyəcək?

“ATA İttifaqı”nın namizədi “Cümhur İttifaqı”, yoxsa “Millət İttifaqı”nın yanında alacaq?

“Yeni Sabah” xatırladır ki, S.Oğan dəstəkləyəcəyi namizədlə bağlı ötən gün şərtlərini açıqlayıb. S.Oğanın irəli sürdüyü şərtlər onun həm Ərdoğan, həm də Kılıçdaroğlu ilə uzlaşmasını bir qədər mümkünsüz edir. “ATA İttifaqı” namizədinin şərtləri ilə namizədlərdən heç birinin razılaşmayacağı daha real görünür.

Türkiyənin siyasi tarixi ən müxtəlif qütblərdə dayanan qüvvələrin seçkidən sonra bir araya gəlməsinə dəfələrlə şahidlik edib. Ən qatı sağ və sol qüvvələr seçki marafonundan sonra aradakı umu-küsü unudaraq, bir-birlərini “süddən çıxmış ağ qaşıq” kimi qəbul ediblər. Bu isə o deməkdir ki, S.Oğan yuxarıdakı ehtimalları alt-üst edərək hər iki tərəflə razılığa gələ bilər.

Türkiyənin siyasi mühitinə yaxından bələd olan analitiklərdən biri saytımıza S.Oğanın hazırkı Prezident R.T.Ərdoğanı dəstəkləməsini çətinləşdirən amilləri açıqlayıb. Onun sözlərinə görə, “Cümhur İttifaqı”nın ən böyük ortaqlarından biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) bu əməkdaşlığa soyuq yanaşacağı şübhə doğurmur. Buna səbəb S.Oğanın vaxtilə MHP üzvü olması və 2014-cü ildə keçirilən prezident seçkiləri zamanı partiyanın siyasi mövqeyinə uyğun olmayan açıqlamalar verməsidir. S.Oğan məhz bu açıqlamaların üzündən 2015-ci ilin avqustunda MHP sıralarından xaric edilmişdi. 

Həmsöhbətimizin fikrincə, MHP-nin “Cümhur İttifaqı”nın S.Oğanla əməkdaşlığına soyuq yanaşılmasının, digər, həm də əsas səbəbi onun milliyyətçi-ülkücü cameə üzərində təsir imkanlarını getdikcə artırmasıdır. Hazırda siyasi kuluarlarda S.Oğanın adı 75 yaşlı Devlet Bahçelinin postuna ən şanslı namizəd kimi hallanır. Başda D.Bahçeli olmaqla MHP elitası “ipə-sapa yatmayan adam”, “dönük” kimi xarakterizə etdikləri Oğanı yanlarında görmək istəmirlər. MHP cameəsində Oğanın partiyanı ələ keçirəcəyi əndişəsi ilə yaşayan xeyli adam var. Ağır ritorikası və sərt qərarları ilə tanınan D.Bahçelinin “Cümhur İttifaqı” ilə yaxınlaşıb hakimiyyətdən pay almağı düşünən Oğan və yaxın ətrafına badalaq vurması inandırıcı görünür. Elə bu gün D.Bahçelinin sözçüsü Yıldıray Çiçekin Oğan haqqında “cavanlığında marksist-leninist, sonra FETÖ-çu, daha sonra isə milliyyətçi olub” deməsi bunu sübut edir. 

Hadisələrin inkişafı mayın 14-də seçkini uduzan S.Oğanı heç də sakit günlərin gözləmədiyini düşünməyə əsas verir. Görünür, dünənə kimi prezidentlik uğrunda mübarizə aparan Oğan bundan sonra MHP cameəsi ilə mübarizə aparmalı olacaq.  *Yenisabah.az 






Fikirlər