“Azərbaycan ərazini dronlarla vuracaq: Ordu hərəkətə keçəcək...” - AÇIQLAMA

“Azərbaycan ərazini dronlarla vuracaq: Ordu hərəkətə keçəcək...” - Açıqlama Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ardınca Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada mayın 25-də gözlənilən görüşlə bağlı fərqli fikirlər var. Bu görüşdə Rusiya prezidentinin yenidən köhnə variantla çıxış edəcəyi gözlənilir. Bu da Qarabağ ermənilərinin hansısa bir "status"unun gələcəyə saxlanması ilə bağlıdır. Məhz həmin dövrə qədər də rus sülhməramlılarının Azərbaycan ərazisində saxlanması niyyəti var.

"AzerTaym.az" bildirir ki, bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, Paşinyan Rusiyanın bu təklifinə razı olacaq:

“Çünki o gözəl bilir ki, Azərbaycan buna razı olmayacaq. Daha sonra tərəflərin Kişinyov görüşü nəzərdə tutulur. İyulda isə Avropa İttifaqının təşəbbüsü ilə yenidən Brüsseldə liderlərin görüşü nəzərdə tutulub”.

Politoloqa görə, iyul ayına qədər sülh müqaviləsinin mətni razılaşdırılmasa və imzalanmasa, Azərbaycan qəti şəkildə tələblərlə çıxış edəcək:

“Bu da hələ də Azərbaycan ərazisində qalmaqda olan qanunsuz erməni silahlıları ilə bağlıdır. Ermənistan buna razı olmasa, Azərbaycan hərbi güc tətbiq etməklə qanunsuz hərbi birləşmələri zərərsizləşdirəcək. Bəziləri düşünür ki, orada siravi ermənilər yaşayır, bu mümkün deyil. Amma dəqiq vuran silahlarla, dronlarla Azərbaycan Ordusu mümkün hərbi obyektləri vurub sıradan çıxaracaq. Çünki həmin hərbi obyeklərin yeri ilə bağlı Azərbaycan tərəfində dəqiq məlumatlar var”.

Zərdüşt Əlizadənin fikrincə, Ermənistan bu zərbələrdən sonra da hərbi birləşmələrini ərazidən çıxarmasa, Azərbaycan daha geniş əməliyyatlar icra etməli olacaq:

“Sözsüz ki, burada Azərbaycan Ordusu nə dinc ermənilərə, nə də ki, sülhməramlılara toxunmayacaq. Ona görə də, erməni tərəfi bunları dəqiq bildiyinə görə, öz qoşunlarını Azərbaycan ərazisindən tez bir zamanda çıxarmalıdır. Fakt odur ki, hazırda Azərbaycanla Ermənistan arasında ən ciddi müzakirə olunan məsələlərdən bir həmin qanunsuz hərbi birləşmələrin mövcudluğudur”.






Fikirlər