Ermənistanın təxribatlarında Fransa xeyir-duası - Müstəmləkəçi dövlətdən dünyaya yeni təhlükə
Fransanın Ermənistanı himayə etməsi, onu silahlandırması prosesi davam edir. Bu isə birbaşa olaraq Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına zərbə vurur.
Gülməli məqamlardan biri də budur ki, Moldovada beştərəfli qeyri-rəsmi söhbət formatında biz Fransanın “vasitəçi” rolunda özünü göstərməsinin də şahidi olduq. Bir yandan silah daşıyır, Ermənistanın təxribatlarına dəstək verir, digər tərəfdən isə “vasitəçi” missiyasında çıxış edir. Fransa 30 illik işğal dövründə də eyni mövqeyi nümayiş elətdirib. Müstəmləkəçi dövlətin siyasətində dəyişən bir nüans yoxdur. Fransa öz hərəkətləri ilə regionu yeni hərbi eskalasiyaya sövq edir. Təbii ki, belə məqamda Azərbaycan əl-qolunu bağlayıb gözləməyəcək. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Elə uzun illər də Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışıb. Lakin sülh danışıqları fonunda torpaqlarımızın işğalı ilə barışmağa, Qarabağı unutmağa məcbur edildiyimizi gördüyümüzdə silaha sarıldıq. Yəni biz heç zaman Ermənistan, Fransa kimi digər dövlətlərin ərazisini işğal, talan etmək barədə düşünməyib, əzəli, haqqımız olan torpağımızın geri qaytarılması üçün çalışmışıq. İndi də dəyişən bir şey yoxdur.
Ötən həftə məlumat yayıldı ki, yaxın vaxtlarda Parisin köməyi və rəsmi icazəsi ilə Hindistanın “Trayan” özüyeriyən silahlarının Ermənistana çatdırılmasına başlanılacaq.
Söhbət "Nexter Systems" və yerli Hindistan tərəfdaş şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan "Sezar" özüyeriyən silahların hind analoqundan gedir.
"Caliber" yazır ki, sifariş verilən artilleriya qurğularının sayı ilə bağlı onlarda ətraflı məlumat yoxdur, lakin məlumdur ki, Fransanın erməni diasporu ölkənin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Emmanuel Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın həyata keçirilməsini gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İrana, daha sonra isə quru yolu ilə Ermənistana çatdırılması planlaşdırılır.
Məsələ bununla da bitmir. Ötən gün Paris Şəhər Şurası yekdilliklə Qarabağda yaşayan ermənilərə təcili yardımın göstərilməsi haqqında qətnamə qəbul edib. Qətnamənin məqsədi Qarabağda yaşayan ermənilərə "humanitar yardım" göstərilməsidir.
Guya ermənilər orada çətin vəziyyətdə qalıblar və humanitar yardıma ehtiyacları var.
Halbuki Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunda qurduğu nəzarət-buraxılış məntəqəsindən ermənilərin rahat keçidi üçün hər bir şərait yaradılıb. Bununla bağlı video-materiallar da var. Ancaq Fransa yenə də təxribatlara əl atır. Ermənilərin “humanitar böhran” deyib car çəkdikləri yalanlarına dəstək çıxır.
Görünür, özünün Afrikada etdiyi talanları, günahsız insanlara qarşı qətliamlarını unudub. Ya da hər kəsi özü kimi bilir... Dünya isə doğrunu və yanlışı yaxşı dərk edir. Bir çox hallarda sussalar belə...
Belə məqamda Fransa lap başını kolda gizlədən dəvəquşunu xatırladır. Sanki elə zənn edir ki, onun əməllərini heç kim görmür.
Onu Ermənistana yaxınlaşdıran həm də elə müstəmləkəçilik xislətidir. Müstəmləkəçi dövlət işğalçı, talançı dövlətlə dostluq edir. Necə deyərlər, taylı tayını ağlına görə tapar...
Fransanın ikiüzlü siyasəti təkcə bizimlə bağlı deyil. Bu dövlət son zamanlar Rusiyanı da aldadır. Bir tərəfdən Ukraynaya dəstək ifadə edir, digər tərəfdən də Parisin Moskva ilə gizli danışıqlar apardığına dair məlumatlar yayılır.
Görünür, Fransanın bu kimi siyasəti onun özünün başında çatlayacaq və bunun sonu həm Ermənistan, həm də Fransa üçün yaxşı nəticə verməyəcək.
Artıq Fransanın daxilində Makronun siyasətinə qarşı çıxanlar kifayət qədərdir. Hər həftə böyük, həbslərlə, qanla bitən mitinqlər, etiraz aksiyaları barədə xəbərləri oxuyuruq.
Bu gün Makron Avropa siyasətində ən çox korrupsiyaya məruz qalmış hakimiyyəti təmsil edir.
Fransada vətəndaş itaətsizliyi hökm sürür.
Artıq siyasətdə dəyişiklik etməyin, haqlının yanında yer almağın zamanıdır. Əksi davam edəcəksə, bundan itirən Ermənistan və Fransa olacaq.