Oqtay Əsədov bağışlandımı? – Eldar Mahmudovun “kölgə kabineti”nin üzvləri təşvişdə

oqtay-eldar-1.jpg

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən alınması, ardınca MTN-də və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) kütləvi həbslərin aparılmasıyla başlanan "hakim komandanı içdən təmizləmə əməliyyatı” cəmiyyətdə əməlli-başlı silkələnmə yaradıb.

Həbslərin və işdənçıxarmaların miqyasına, istintaqa cəlb edilənlərin əhatə etdiyi çevrəyə diqqət yetirdikdə, göz önündə maraqlı bir tablo yaranır: sanki, hakimiyyət müəyyən müddətdən sonra dövlət çevrilişinə hazırlaşan böyük bir şəbəkənin üstünü açıb və indi bircə-bircə bu şəbəkənin təmsilçilərini zərərsizləşdirməklə məşğuldur; ancaq proses elə aparılır ki, bu, kütləvi ajiotaja və hakimiyyət içərisində qəfil parçalanmaya çevrilməsin, maraqlı xarici güclər üçün hər hansı fürsət saxlanmasın…

Bəlkə də, bu səbəbdəndir ki, hər gün mediada daha bir nazirin işdən alındığı və ya yaxın vaxtlarda alınacağı xəbəri yayılır, cəmiyyət də bunu dərhal ciddi məlumat və gerçəklik kimi qəbul edir.

Etməyə də bilməz. Çünki Eldar Mahmudovun “dövlət içərisində dövlət” yaratdığı, rəhbərlik etdiyi strukturun nəhayətsiz imkanları hesabına, faktiki olaraq, Prezidentdən sonra hakim komandada ikinci şəxsə çevrildiyi göz önündəydi. İndi cəmiyyətin də gözlədiyi odur ki, əgər komanda içərisində komanda yaradan sabiq MTN başçısının özü vurulubsa, təsirsiz hala gətirilibsə, bəs, onun qiyama hazırlaşan əsgərləri - qalan komanda üzvlərinin taleyi necə olacaq?! Zorla və ya xoşluqla Mahmudova beyət edənlər hansı aqibəti yaşayacaqlar – onlar da vurulacaq, yoxsa əfv ediləcəklər? Axı bu, ta qədimdən saraylarda möhkəm və dəyişilməz bir qaydaya çevrilib ki, səhvi düzəltməyə şans tanınsa da, xəyanət heç vaxt bağışlana bilməz - xəyanətin bağışlanması daha böyük xəyanətlərə rəvac vermək deməkdir!

Hələlik MTN-də və RYTN-də aparılan həbslər, elan olunan rəsmi ittihamlar göstərir ki, Mahmudovun MTN-dəki komandasına aman verilməyəcək - bu struktur, gec-tez, bu dəstədən tamamilə təmizlənəcək.

Bəs, şəbəkənin digər hakimiyyət qurumlarındakı dayaqları necə, zərərsizləşdiriləcəkmi?

Strateq.az-ın əldə etdiyi məlumatlara görə, Eldar Mahmudovun özünün hakimiyyət içərisində nazir, nazir müavinləri, komitə rəhbərləri və müavinləri, məhkəmə sədrləri və hakimlər, prokurorlar və müstəntiqlər, idarə və şöbə müdirləri, rəislər, deputatlar, partiya sədrləri, qəzet, sayt redaktorları, jurnalistlər və QHT rəhbərləri, hətta müğənni və artistlərdən ibarət çox böyük bir komandası - “kölgə kabineti” olub. Hazırda Mahmudovun vəzifəsindən alınması, onun sağ və sol qolları sayılan – Akif Çovdarovun və İlqar Əliyevin, eləcə də onların dəstəsinin həbsə atılması MTN-dən kənardakı bu “kabinet üzvləri”ni də ciddi təşvişə salıb. Onlar aqibətlərinin necə olacağını, həqiqətən, bilmirlər və tikan üstə oturublarmış kimi, hər gün ya vəzifədən alınacaqları, ya da həbs ediləcəkləri anı gözləyirlər.

Təsadüfi deyil ki, media “deyirlər, naziriniz çıxarılıb” sualıyla müraciət etdikləri mətbuat xidmətləri duruxa-duruxa “axı nazir hələ kabinetindədir” deyə, ürkək cavablar verir, bu cavablarında belə, nazirlərinin hər an işdən atıla biləcəklərinin xofunu yaşadıqlarını açıqca büruzə verirlər…

Qısaca deyək ki, medianın ürkək cavablar aldığı və cəmiyyətin də hər an dəyişiklik gözlədiyi nazirliklər sırasında indi Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Komitəsi... ön sırada gəlir.

Adı Eldar Mahmudovun “kölgə kabineti”nin önəmli isimlərdindən biri kimi hallanan Milli Məclis sədri Oqtay Əsədovun başının üstünü alan qara buludlar isə, deyəsən, artıq dağılıb və çox yaxın günlərdə - Konstitusiya Məhkəməsinin qərarını elan etməsindən az sonra bu məsələ də ictimaiyyətə aydınlaşacaq...

Hələliksə, Strateq.az-a çatan məlumata görə, ötən həftənin sonunda Konstitusiya ilə hakimiyyət iyerarxiyasında üçüncü pilləni tutan şəxsin - Milli Məclis sədri Oqtay Əsədovun yaxın qohumları Bakıdakı məşhur restoranlardan birində spikerin ölkə rəhbərliyi tərəfindən bağışlandığı və növbəti dəfə spiker olacağı xəbərini əməlli-başlı şadyanalıqla, böyük sevinc hissiylə qeyd ediblər.

Həmin mərasimdə iştirak edən mənbələrdən biri deyib ki, Oqtay Əsədov Eldar Mahmudovun vəzifəsindən çıxarılmasından xeyli pəjmürdə olubmuş və bu hadisədən sonra nəinki hakimiyyət dəhlizlərində, elə onun özündə də yenidən spiker seçilməyəcəyi rəyi hakim imiş. Hətta bu məsələ mətbuata da sızdırlmış, Oqtay Əsədovun yerinə 3 şəxsin – Əli Hüseynli, Ziyafət Əsgərov və Əhliman Əmiraslanovun adının halanması ciddi qarşılanmşıdı.

Ancaq ötən həftə sonundan etibarən, Oqtay Əsədovun rahatlandığı və təhlükənin ondan sovuşduğu xəbəri gəlib, spikerin qohumları da çox dar çərçivədə bu şad xəbəri qeyd etmək qərarı veriblər…

Buna baxmayaraq, hakimiyyət içərisində Oqtay Əsədova daha əvvəlki ilıq münasibətin göstərilməyəcəyi, nüfuzuna böyük zərbə dəydiyi, hətta konfliktdə olduğu deputatların belə qarşıdakı sessiyalarda ona qarşı əməlli-başlı geniş cəbhə açacağı artıq gizlədilməsi mümkün olmayan həqiqətlərdəndir...  

Strateq.az






Fikirlər