“ALDANAN” PUTİN VƏ ABŞ-in RUSİYA PLANI - Kreml Qərblə gizli danışıqlarda nəyə nail olmaq istəyir?

Ukraynaya təcavüzün ilk günlərində özündən müştəbeh Kreml isteblişmenti qələbənin çox yaxın olduğunu zənn edərək bütün dünya ilə ultimativ dildə danışırdı, hətta onların təbliğat ruporu İqor Korotçenko mərkəzi televiziyada gedən verilişlərin birində xəritə önündə dayanıb rus ordusunun sonrakı mərhələdə Baltikyanı dövlətləri və digər Avropa ölkələrini necə tutacağını izah edirdi. Amma indi Rusiya elitasının başı daşa dəyəndən sonra nisbətən ayılıb və cəmiyyət yavaş-yavaş Putinin yürütdüyü siyasətin real acı nəticələrini dərk etməyə başlayır.

Rusiya hakimiyyət yetkililəri Ukraynadakı müharibəni təhlil edərkən onun sonunun necə bitəcəyi barədə doğru-dürüst nəticəyə gələ bilmirlər, boyunlarına almasalar da dalana dirəndiklərini anlayılrlar və yalnız inersiya ilə hərəkət edirlər. Hələ ABŞ və eləcə də “Ramştayn” qrupuna daxil olan ölkələr Ukraynaya tam gücləri ilə kömək etmirlər. Bəlkə də, qəribə səslənəcək, ancaq Kreml bu müharibə ilə əlaqədar Amerikanın əsas məqsədinin nədən ibarət olduğunu öyrənmək istəyir. Onlar bilmək istəyirlər ki, görəsən, ABŞ müharibənin uzanmasıyla Rusiyanı əldən salıb məğlubiyyətə uğratmaq və Putin rejimini tarixin arxivinə göndərməyə çalışır, yoxsa ortada başqa planlar da var.

Bunu təsdiqləyən fakt kimi beynəlxalq mətbuatda ABŞ məmurları ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu ilin aprelində keçirilmiş gizli görüşü barədə yayılan məlumatı önə çəkmək olar.

 

 

Deməli, burada söhbət ABŞ-ın düşüncə quruluşlarından olan “Xarici Əlaqələr Şurası”nın (Council on Foreign Relations) nümayəndələri ilə görüşdən gedir. Qeyd olunur ki, bu görüşdə sülh planı ilə bağlı müzakirələr aparılıb. Analitiklərin fikrinə görə, belə bir görüşü Henri Kissincer təşkil edə bilər.

Ağ ev administrasiyası belə bir görüş barədə tapşırıq vermədiyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi isə bu məlumatı “feyk” adlandırsa da, onların təkzib mətnindən aydın olur ki, rusların görüş keçirmək üçün hər halda hansısa cəhdləri olub. Sözügedən düşüncə quruluşu ABŞ xarici siyasətinin strateji planlamasında iştirak edən güclü beyin mərkəzlərindəndir.

Rusiyanın belə bir məsələ ətrafında müzakirə etməsinə nə səbəb ola bilər?

Ümumi mənzərəyə əsasən söyləyə bilərik ki, ruslar müəmma içərisindədirlər və onlar Amerikanı idarə edənlərin nə fikirdə olduqlarını öyrənmək məqsədilə bir növ kəşfiyyat aparırlar.

ABŞ-da elə siyasətşilər var ki, onlar həmişə müəyyən güclü dairələrin təmsilçiləri rolunda çıxış edirlər və bu səbəbdən də beynəlxalq siyasi ekspertlər həmin şəxslərin davaranışlarına və fikirlərinə xüsusi önəm verirlər. Məsələn,Henri Kissincer belə siyasətçilərdən sayılır. Yüz yaşını adlayan və böyük strateq kimi tanınan, super güclər arasında geostrateji mübarizə və həmçinin də yeni dünya düzəni barəsində çoxsaylı kitabların müəllifi olan Kissincer Rusiyanın Avropa qitəsindəki tarixi yeri və roluna xüsusi diqqət ayırır. O, Ukraynadakı müharibəyə Rusiyanın maraqlarının tapdanılmaması konteksindən yanaşmağa çağırır.

 

 

 

Düzdür, sonradan, o, öz ifadələrində bir neçə düzəliş apardı. Lakin siyasi icmalçılara aydındır ki, Putinə həmişə rəğbətlə yanaşan və Krımın ilhaqına göz yuman Kissincerin niyyəti nədir. Amma iş ondadır ki, köhnə siyasi konyukturadan çıxış edən Kissincer və onun kimi düşünənlər yeni tarixi çağırışlara köhnə, şablon xarakterli cavablar verirlər. Bundan sonra ABŞ super güc kimi yeni reallıqlar üzərində siyasət aparmaq məcburiyyətindədir, əks halda bu, onun özünə böyük ziyan vura bilər. Bu mənada Rusiyanın gələcəyi ilə bağlı strategiya köhnə müstəvi üzərində deyil, yeni gerçəklər kontekstindən hazırlana bilər. Və elə bu səbəbdən də Kreml bərk narahatdır.

Putini qorxudan başlıca məsələlərdən biri də Çinin Rusiyaya biganə yanaşmasıdır. Digər tərəfdən, NATO-nun son sammiti göstərir ki, dünya nizamına yeni format verməyə hazırlaşırlar və bu prosesə təzəcə başlayırlar. Yeni dünyada Rusiyanin mövqeyi artıq Kremlin istəklərindən və çılğın hərəkətlərindən asılı olmayacaq.

NATO sammitindən çıxan nəticələr

NATO-nun Vilnyusda keçirilən sammitindən çıxan nəticəyə görə, iqtisadi və texnoloji cəhətdən Avropanın qabaqcıl ölkələrindən sayılan İsveç də yaxın zamanlarda alyansa qoşulacaq. Qərb dünyası hərbi cəhətdən daha da güclənmış vəziyyətə gətiriləcək. NATO-nun lokomtivi ABŞ neçə illərdir ki, Avropa ölkələrinin hərbi büdcəyə ayırdığı maliyyə resurslarının azlığından, texnikanın yenilənməməsindən və orduların hazırlıq səviyyəsinin xoşagəlməz səviyyədə olmasından şikayətlənirdi. Rusiyanın Ukraynaya müdaxiləsinə qədər NATO ölkələri sanki letargiya yuxusuna getmişdilər və təhlükəsizlik barəsində narahatlıq hiss etmirdilər. Vaxtı ilə NATO -nun qarşısında güclü SSRİ və onun Şərqi Avropa peykləri dayanmışdı. SSRİ dağılandan sonra NATO şərqə doğru genişlənsə də intensiv hərbləşmə prosesi getməyib.

 

 

NATO-nun genişlənməsi və hərbi hazırlıq baxımından daha da güclənməsi üçün onun qarşısında mütələq hanısısa ciddi bir qüvvə, təhlükə dayanmalıydı. Hazırda Rusiya məhz bu rolu oynayır. Putinin məntiqini anlamaq olmur, onun apardığı siyasət alyansı Rusiya sərhədlərindən uzaq tutmaq əvəzinə onu ölkə sərhədinə bir az da yaxınlaşdırıb. Rusiyanın ikicni böyük şəhəri Sankt-Peterburq ilə NATO sərhədi arasında cəmi 150 kilometrlik məsafə var.

Putinin 2022-ci ilin dekabrında NATO-ya 1997-ci ilin sərhədlərinə geri çəkilməsni tələb edən ultimatum göndərməsi alyans tərəfindən kinayə ilə qarşılandı. Əslində, Putinə Ukraynaya hücum etmək üçün bəhanə lazımıydı. İl yarımdır davam edən müharibənin xronologiyasını nəql etməyə ehtiyac yoxdur, nəticəyə baxmaq lazımdır. Rusiyanın təcavüzkar davranışı NATO-nun aktuallığını soyuq müharibədən sonra yeni və aktiv müstəviyə gətirdi.

Məsələyə geostrateji nöqteyi-nəzərdən yanaşaq, heç də zənn etməməliyik ki, Rusiya ilə ABŞ arasında hansısa sövdələşmə olmayıb. Böyük ehtimalla olub və sonradan Vaşinqton bunu yerinə yetirməkdən boyun qaçırıb. Putin özü dəfələrlə müsahibələrində deyib ki, “Amerika bizi aldadıb”. Ancaq hər halda Rusiya düşünürdü ki, müharibədə tezliklə qalib gələcək və Qərb onunla razılaşmağa məcbur olacaq.

ABŞ Rusiya təhlükəsini qabartmaqla Avropa ölkələrinin demək olar ki, hamısını NATO çətiri altına sala bildi. Əgər diqqət etsək, görərik ki, NATO -nun böyüməsi prosesi Avropa Birliyinin genişlənməsinə paralel gedib. Bəzən Avropa Birliyinə “Dördüncü reyx” də deyilir. Bunun səbəbi Almaniyanın ittifaqdakı iqtisadi gücü ilə bağlıdır.

 

 

Tarix boyu Almaniya ilə Fransa arasında çoxsaylı müharibələr baş verib, elə son iki dünya müharibəsini buna əyani misal çəkə bilərik. Avropanın birləşdirilməsi ideyası yeni deyil, bunu orta əsrlər boyunca Roma İmperiyası, 19-cu əsrin əvvəllərində Napoleon Bonapart həyata keçirmək istəyib, amma heç bir nəticə alınmayıb. Ancaq son iyirmi ildir ki, Avropa Birliyinin əsas gücləri olaraq istər Almaniya, istərsə də Fransa köhnə qitəni təkcə iqtisadi və siyasi cəhətdən deyil, həm də hərbi baxımdan vahid birlik halına gətirməyə çalışrlar. Onlar yaxşı başa düşürlər ki, müstəqil hərbi qüdrətə yiyələnmədən ciddi strateji birlik əldə etmək müşükül olacaq. Almaniya və Fransanın bu təşəbbüsü dəfələrlə müzakirə olunsa da, hələ ki, gözlənilən razılaşma əldə edilməyib.

Almaniyanın İkinci Dünya Müharibəsindən sonra yenidən hərbi qüdrət əldə etməsi və üstəlik Avropa Birliyinə daxil olan ölkələri də öz ətrafına yığması Amerika Birləşmiş Ştatlarını qane edə bilməz, çünki belə bir güc Amerikanın dünya hegemonluğuna təhlükə törədər və Qərb dünyasının indiki birliyinə xələl gətirə bilər. Amerika heç zaman istəməyib ki, Rusiya ilə Avropa, xüsusilə də Almaniya arasında isti münasibətlər qurulsun. İndi görünən odur ki, deyəsən, Amerika buna tam nail olmaq üzrədir.

Bəs, əgər Rusiya müharibədə məğlub olarsa və ya parçalanarsa, o zaman nələr baş verər? NATO öz aktuallığını itirməzmi?

Elə məhz buna görə də Henri Kissincer ABŞ-ın maraqları kontekstindən çıxış edərək demək istəyir ki, əgər Rusiya məğlub olarsa, sonrakı mərhələdə onu növbəti uğursuzluqlar gözləyir. Yəni, məlum geostrateji məkanı bir neçə yüz ildir ki, dolduran Rusiyanın yerində boşluq yaranacaq. Bir tərəfdən baxanda təcrübəli diplomat doğru söyləyir. Tarix ərzində Qərblə Rusiya imperiyası, Sovet İttifaqı, indi isə Rusiya Federasiyası arasındakı münasibətləri tənzimləmək üçün həmişə müəyyən kompromis variantlar tapılıb. Amma münasibətlərin gərginləşməsinin ilk rüşeymi 2007-ci ildə Vladimir Putinin Münhen Təhlükəsizlik Sammitindəki çıxışnıda qoyuldu. Sonra isə Ukrayna uğrunda nüfuz savaşına start verildi.

 

 

 

Qərb dünyası ilə Rusiya arasındakı gərginlik ocağının episentri olan Ukraynadakı müharibə Rusiyanın bir dövlət kimi müqəddəratını həll edəcək. Rusiya strateji təşəbbüsü əldən verib, artıq müharibəyə nəzarət Qərbin əlindədir.

Bəs, ABŞ nəyi planlayıb? Rusiyanın zəifləməsi və ya parçalanması kimi ssenarilər böyük geostrateji məkanda vakkum yaranmasına gətirib çıxarmazmı? Təbii ki, ABŞ buna qətiyyən imkan verməz. Amerikanın məqəsədi Çinə tərəf sürüşüb qaçan Rusiyanı yerində oturtmaq və onun cilovunu çəkib tam öz ixtiyarına almaqdır. Onun bunu hansı üsullarla həyata keçirəcəyini zaman göstərəcək. Ukraynada müharibəyə girişən Vladimir Putinin üzdə görünən niyyəti Qərbi post-sovet məkanından sıxışdırıb çıxarmaq olsa da, belə görünür ki, o, bilərəkdən və ya bilməyərəkdən ABŞ-ın istədiyi siyasəti yürüdür.  "Azpolitika.info"

 

 






Fikirlər