“Nə Ukrayna, nə Rusiya, nə də Ermənistan Azərbaycan kimi müdrik siyasət apara bilməyib” (VİDEO)
Arestoviçdən ermənipərəst Latıninaya tutarlı cavablar Qatı ermənipərəst mövqeyi və Azərbaycanla Türkiyəyə qarşı qərəzli münasibətilə tanınan, Rusiya liberallarının “parlaq” simalarından biri olan jurnalist Yuliya Latıninanın son verilişində maraqlı anlar yaşanıb. Latıninanın qonağı olan Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi ekspert Aleksey Arestoviç aparıcının gözləmədiyi halda, Azərbaycanın haqlı mövqeyini çox məntiqli və dürüst şəkildə müdafiə edib. Azərbaycanın keçirdiyi uğurlu anti-terror əməliyyatı ilə bağlı təxribat xarakterli sual verən Latınina rəsmi Bakının guya Qarabağda etnik təmizləmələr aparmaq fikrində olduğunu və ermənilərin üzərində belə bir təhlükənin yarandığını bildirib. Arestoviç isə cavabında bu cür yanaşma və ittihamların cəfəngiyyat olduğunu söyləyib: “Çox sadə cavab verəcəyəm. Mən heç bir etnik təmizləməyə inanmıram. Azərbaycan böyük yol keçib. Bilirsiniz, Azərbaycanda məni nə heyran edir? Heç də onların tətbiq etdikləri yüksək dəqiqli silahların çoxluğu yox. Bu, məlumdur... Məni Azərbaycan Ordusunun, onun dövlət xadimlərinin bu müharibədə necə fəaliyyət göstərməsi heyran edir. Çünki hərbi peşəkarlıq və dövlət müdrikliyi özünü olduqca dəqiq riyazi ölçülmüş, soyuqqanlı fəaliyyətdə əks etdirir... Yəni, hətta fəlakətli görünən vəziyyətdə belə, soyuqqanlı fəaliyyət göstərmək bacarığı. Bax, bu vacibdir”. Latınina yenə “etnik təmizləmə” mövzusuna qayıtmaq istəyərkən Arestoviç onun sözünü kəsib: “3 il öncəki sentyabr-noyabr müharibəsi(44 günlük müharibə-red.) yadınızdadırmı? Azərbaycan çox ağır şəraitdə müharibə aparırdı. Cəbhənin elə istiqamətləri olmuşdu ki, Azərbaycan iki ay ərzində irəliləyə bilməmişdi. Onlara məğlubiyyət proqnozlaşdıranlar var idi, onlar sərhəd boyunca (İranla sərhəd nəzərdə tutulur-red.) uzun zaman çətinliklə irəlilədilər, İran onlara hədə-qorxu gəldi və sair. Çox ağır müharibə idi. Ancaq buna baxmayaraq, onlar riyazi cəhətdən hər şeyi hesablayaraq, metodiki şəkildə hərəkət edirdilər. Hətta Şuşaya hücum, hansı ki, rasionallığın sərhədlərindən kənarda hesab edilirdi, bunun özü də ali dərəcədə rasional hazırlanmışdı. O vaxt ki, xüsusi təyinatlılar azlıqda olmalarına baxmayaraq, avtomatlarla, əl qumbaraları ilə Şuşanı götürdülər. Yadımdadır ki, müharibəni dayandırmağa və Rusiya “sülhməramlılar”ının müdaxiləsinə razılıq verməyə məcbur olanda azərbaycanlılar necə ümidsizlik içərisində idilər. Onlar mənə deyirdilər ki, bizə hər şeyi başa çatdırmağa imkan vermədilər, uduzduq və sair. Mən isə onlara dedim ki, sakit olun, hakimiyyət və komandanlıq nə etdiklərini bilirlər. Bir müddət sonra siz bu məsələni bağlayacaqsınız. Yeri gəlmişkən, mən 5 ilə qədər demişdim... Beləliklə, Azərbaycanda olduqca ağır şəraitdə bu müharibəyə hazırlaşdılar, orduda, cəmiyyətdə islahat apardılar və bu müharibəni həyata keçirdilər. Bütün bunlardan sonra Azərbaycanın etnik təmizləməyə gedəcəyini düşünmək bizim tərəfimizdən tamamilə qeyri-rasional olardı. Əgər onlar bundan daha ağır şəraitdə soyuqqanlılıq göstərə biliblərsə, hər şeyi dəqiq hesablayıblarsa, niyə etnik təmizləməyə getsinlər ki? Orada heç bir etnik təmizləmə olmayacaq. Məsələ ondadır ki, Azərbaycanda indiyə qədər 40 min erməni yaşayıb və heç kim onlara toxunmayıb. Hətta yadımdadır ki, Azərbaycanın şəhərlərinin birini “İskəndər”-lə bombalayarkən (Gəncə nəzərdə tutulur-red.) səhv etmirəmsə, bir erməni əsilli müəllimənin həlak olduğu məlum olmuşdu. Bakıda 127 rusdilli məktəb var (Azərbaycanda belə məktəblərin sayı 340-dır). Bu insanlar müdrik, hərtərəfli ölçülmüş siyasət aparırlar. Hansını ki, məsələn, Ukrayna apara bilmir. Rusiya və Ermənistan da apara bilmir. Və bütün bu nailiyyətlərdən sonra etnik təmizləməyə getmək? Mən buna qətiyyən inanmıram!” Bundan sonra erməni aşiqi Latınina yenə ermənilərin Qarabağdan getmək təhlükəsilə üz-üzə qaldığını demək istəyəndə, Arestoviç məntiqli cavab verib: “İnsanların qaçacağı barədə deyilənə gəlincə, biz o kadrları görmüşük. Ermənilər harada yaşamaq istəyəcəklər? Çətin iqtisadi, sosial, siyasi vəziyyət, 30 il davam edən fəaliyyət nəticəsində yaranmış çoxlu təhlükəli, minalanmış sahə olan Qarabağdamı qalacaqlar, yoxsa Ermənistana, evlərinə qayıdacaqlar? Bu, təbiidir. Mən düşünmürəm ki, onları qovurlar. Əliyev dəfələrlə deyib ki, qala bilərsiniz, sizə hər cür şərait yaradacağıq və heç kim sizə toxunmayacaq. Vəssalam. Əgər istəyirsinizsə, qalın. Sadəcə, onlar özləri qalmaq istəməyəcəklər. Ancaq bu, etnik təmizləmə demək deyil. Əgər insan könüllü olaraq çıxıb gedirsə, bu, etnik təmizləmə mənası daşımır. Əgər kimisə getməyə məcbur edirlərsə, qoy fakt göstərsinlər...” Daha sonra Latınina Azərbaycanın və Türkiyənin uğurlarını etiraf edərək, bunu taktiki və strateji cəhətdən böyük qələbə hesab etdiyini deyib. Həmçinin, Cənubi Qafqazda baş verənləri “Osmanlı İmperiyasının parlaq qələbəsi” adlandırıb: “Putin Rusiya İmperiyasını Ukraynanı məhv etmək yolu ilə bərpa etmək barədə qərar verərkən, hər şey Osmanlı İmperiyasının böyük oyunçu kimi qayıtması ilə nəticələndi...”