“Moskva demək istəyir ki, Qarabağda bir erməni qalsa belə, Rusiya qoşunu orada qalmalıdır...”

“Moskva demək istəyir ki, Qarabağda bir erməni qalsa belə, Rusiya qoşunu orada qalmalıdır...”

“Rusiya ordusunun 2025-ci ildə ərazimizdən çıxması üçün artıq ən geci bu gün Moskva qarşısında məsələ qaldırmalıdır ki, 2025-ci ildə biz buna nail ola bilək...”
 
Azərbaycan ordusunun Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçulara qarşı son uğurlu təmizləmə əməliyyatından, erməni əhalinin əksəriyyətinin də könüllü şəkildə ərazini tərk etməsindən sonra da Rusiya hər vəchlə öz “sülhməramlı”larının müstəqil(!), suveren(!) Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun dağlıq hissəsində qalma müddətini uzatmağa çalışır. İddia edirlər ki, guya ermənilərlə inteqrasiya prosesində bizə lazım olacaqlar. Halbuki, orada uzağı bir neçə yüz erməni qalıb. Gedənlərin də geri qayıtmaq ehtimalı azdır... Hələlik isə “sülhməramlı”lar bəhanə edirlər ki, azərbaycanlılarla bərabər ermənilərdən yığdığımız silah-sursat, texnika anbarlarına 25 postda keşik çəkirik... Halbuki, həmin silah-sursatın da çox hissəsinin də daşınmasını son 3 ilə yaxın müddətdə özləri təşkil edib... Bütün bunları son baş verən olaylar fonunda nəzərdən keçirəndə, sizcə, heç olmazsa, 2025-ci ildə Rusiya hərbi qüvvələrinin torpaqlarımızı tərk etməsinə nail ola biləcəyikmi?..
 
Moderator.az-a açıqlamasında  siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
 
“Real görünən budur ki, Rusiyanın ermənilərin Qarabağda qalıb-qalmamasından asılı olmayaraq Azərbaycan torpaqlarını tərk etmək istəyi yoxdur. Biz gördük ki, ermənilərin Qarabağı tərk etməsindən sonra ruslar müqavilənin müddətinin uzadılmasından danışdılar. Bu barədə prezident Putinin sözçüsü Peskov da, Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova da danışdı. Və belə çıxır ki, bu, konkret olaraq Rusiya dövlətinin mövqeyidir. Beləliklə, Moskva demək istəyir ki, Qarabağda erməni qaldı-qalmadı, yüz erməni qalsa, hətta bir erməni qalsa belə, Rusiyanın hərbi qüvvələri orada qalmalıdır. Halbuki, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin Qarabağın dağlıq hissəsində qalmasının heç bir əsası yoxdur. Azərbaycan həmin kontingentin heç olmasa, 2025-ci ildə ərazimizdən çıxması üçün artıq bu gün Moskva qarşısında məsələ qaldırmalıdır ki, sülhməramlı əməliyyatının predmeti, obyekti artıq mövcud olmadığı üçün Rusiya qoşunları Azərbaycan ərazilərini tərk etməlidir. Və o məsələ ən geci bu gün qaldırılmalıdır ki, 2025-ci ildə biz buna nail ola bilək...”
 
Sultan Laçın






Fikirlər