Qərbi Azərbaycan Xronikası: “Ermənilər evimizi partlatdılar, dörd yaşlı öğlum qucağımda öldü” - VİDEO

Qərbi Azərbaycan Xronikası: “Ermənilər evimizi partlatdılar, dörd yaşlı öğlum qucağımda öldü” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Göyçədə evimizi tərk edəndə kömür sobası yanılı qaldı” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Aşağı Şorca kənd sakini Minayə Abbasovanın həyat hekayəsinə həsr olunub.

O, kəndin dağlarını, bulaqlarını, dəyirmanlarını, yaylaqlarını xatırlayıb, ailədə 11 uşaq olduqlarını, 1988-ci ildə qarlı bir gündə Göyçəni tərk etdiklərini bildirib.

Onun sözlərinə görə, doğma evindən ağlaya-ağalaya çıxıb:

“Biz ilk olaraq Göygöl rayonunun Balçılı kəndinə, sonra Quşçu kəndinə getdik. 1988-ci il noyabrın ortalarında Quşçu kəndindən ermənilər çıxanda yoldaşım buraya mühasib gəldi. Gecə saat 12 radələri olardı. Anam, xalam, qızlarım da bizdə idi. Rəhmətlikləri kəndə qonaq çağırmışdım. Yoldaşımla oğlum o biri otaqda yatmışdı. Dörd yaşlı balaca oğlum da bu biri evdə divanın üstündə yatmışdı. Əlimdə nəsə toxuyurdum. Elə bir onu gördüm ki, pəncərədən evə nəsə atıldı. Qışqırdım və uşağı götürdüm. Qucağımda hiss etdim ki, nə isə açıldı. Uşaq artıq qucağımda deyildi. Anam, qızım yaralandı, özümün də bədənimə qəlpələr doldu. Bunu mənfur ermənilər etmişdilər. O günlər getsin gəlməsin. Dekabrın 28-dən 29-na keçən gecə qış günü idi, çölə çıxa bilmədik. Hava işıqlananda bizi Gəncəyə 5 nömrəli xəstəxanaya apardılar. Göyçədəki evimizi Gəncə ilə dəyişdik. Ondan sonra dövlətimiz uşağımın şəhidliyinə görə bizə ev verdi”. 

M.Abbasova çox keşməkeşli həyat yaşadığını, elindən-obasından ayrı düşdüyünü və Vətən həsrəti ilə yaşadığını söyləyib:

“Həyatda bircə arzum var ki, gedəm, Göyçədə evimizi görəm, ondan sonra yaşamağın mənim üçün heç bir mənası yoxdur. Mən gözümü açıb orada anadan olmuşam, 3 yaşından sonra nə var hamısı yadımdadır. Bu saat kəndimizin daşı, divarı, bütün xatirələr bir-bir gözümün qabağından lent kimi gəlib gedir. Onu arzulayıram ki,  gedim heç olmasa kəndi uzaqdan görüm və ölüm. Orada cavan qardaşımın, atamın qəbirləri qalıb”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 






Fikirlər