“Onlara işgəncə verilmir, vəziyyətləri normaldır...” - Şahramanyan Bakıda həbsdə olan "dostları" ilə nədən danışır?

Samvel Şahramanyan Bakıda həbsdə saxlanılan Qarabağdakı keçmiş qondarma qurumun başçıları ilə əlaqədədir. 

“AzPolitika.infoxəbər verir ki, bunu “özünü buraxaraq” Ermənistana qaçan keçmiş qondarma qurumun sabiq “deputatı” David Qalstyan yerli mətbuata açıqlamasında deyib: “Onlar təkcə ailələri ilə deyil, həm də Şahramanyanla əlaqə saxlayırlar. Onlar səhhətlərinin vəziyyətindən danışırlar, dedilər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”.

Qalstyan ləğv edilmiş qondarma rejim başçılarının həbsdən azad edilməsi perspektivinin qaranlıq olduğuna da eyham vurub: “Məhbusların qaytarılması ilə bağlı danışıqlar aparılmalıdır. Danışıqlar aparılmadan geri qaytarılmayacaqlar”.

O, “özünü buraxmış” separatçı rejimin sabiq “təhlükəsizlik şurası katibi” Samvel Babayanın Şahramanyanın Azərbaycan tərəfi ilə əlaqə saxlamasına dair bəyanatına da toxunub: “Samvel Babayan Şahramanyanla hansısa əlaqələrdə ittiham etməkdənsə, öz əlaqələrini üzə çıxarsa daha yaxşı olardı”.

Xatırladaq ki, ləğv olunmuş qondarma qurumun zaman-zaman Azərbaycanın üzərinə “xoruzlanan” keçmiş “dövlət naziri” Ruben Vardanyan, separatçı rejimin sabiq “prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və digərləri hazırda Bakı təcridxanasındadırlar.






Fikirlər