Azərbaycan və Ermənistan arasında bu günə yaranmış vəziyyətin perspektivindən nə gözlənilir? Yəqin, bu suala əksəriyyət- “perspektivdə sülh müqaviləsi imzalanacaq” cavabını verər. Hətta Ermənistan parlamentinin sədri Simonyana görə: “15 günə imzalana bilər” nikbinliyi də var, baxmayaraq ki, artıq bu bəyanatdan 5 gün keçib və bu gedişlə hələ çox beş günlərin keçəcəyini söyləmək mümkündür. Niyə gecikir sülh?..
Hazırda iki ölkə arasında sülhün sənəd üzərində təsdiqinə nail olmaq ətrafında müzakirələrin getdiyi bir vaxtda, bölgədə maraqları olan qlobal güclərin, maraqlı tərəflərin siyasi gedişləri və Ermənistanın da bu gedişlərə alət olması sülhün gecikməsinin əsas səbəblərindəndir. Bu gedişlər tərəflərə təzyiq və dəstək formasındadır. Antiterror əməliyyatından sonra Avropa İttifaqının, ABŞ -nin Azərbaycana qarşı məlum siyasi təzyiqləri Ermənistana diplomatik dəstək deməkdir. Yalnız siyasi dəstəklə kifayətlənilmir, Fransa Ermənistanı aktiv şəkildə silahlandırır. 24 “Bastion” zirehli maşınların çatdırılmasından sonra, Parlament komitəsi hökümətə daha 26 zirehli maşının verilməsini və ümumiyyətlə hərbi dəstəyi genişləndirməyi tövsiyə edir. Artilleriya, zenit-raket kompleksləri və digər silahların da veriləcəyi buna əlavə olunur. Üstəlik, bunların uzunmüddətli kreditlər hesabına başa gəlməsi nəzərdə tutulur. İqtisadi dəstək də unudulmur. Fransa tərəfindən Vedidə 75 milyon avroya başa gələn su anbarı tikilir ki, 3 min hektar sahəni suvarmağa və elektrik enerjisinə qənaət etməyə kömək edəcək. Fransa bu gedişlərlə həm hərbi, həm iqtisadi cəhətdən Ermənistanda Rusiyanı əvəz etməyi hədəfləyib.
Ermənistana təzyiq nisbətən Rusiyadan gəlir, məlum Lars yolunda manelər yaratmaqla, amma bu keçici və xəbərdarlıq səviyyəsində olan təzyiqdir. Ermənistan hakimiyyətinə təzyiq bir də daxildə, hakimiyyət uğrunda mübarizə aparan qüvvələrdən gəlir. Bu təzyiq üç ildən çox çəksə də, cəmiyyətdən kifayət qədər dəstək qazanmadığı səbəbindən uğursuzluğa düçür olub.
Ermənistanın silahlandırılması birbaşa Azərbaycana təzyiq formasıdır və Ermənistanda revanşist qüvvələrin baş qaldırmasına hesablanıb.
Azərbaycanın dəstəyi indiki vəziyyətdə özüdür. Qalib ölkə statusu Ermənistana edilən dəstəklərin üstündədir.
İlin sonuna yaxın bir sıra görüşlərin baş tuması gözlənilir və ola bilsin bu görüşlər ciddi nəticələr versin. Dekabrda MDB dövlət başçılarının Sankt Peterburqda görüşü və Ermənistanın baş naziri Paşinyanın da bu tədbirdə iştirak edəcəyi barədə məlumatlar yayılıb. Paşinyanın ardıcıl boykot addımlarından sonra bu görüşdə iştirakı tam təsdiqlənməsə də, böyük ehtimalla səfər baş tutacaq. Versiya olaraq Paşinyanın görüşə getməməsini fikirləşsək, Rusiya ilə münasibətlər daha da kəskinləşə bilər və V.Putinin hansı reaksiya verəcəyini təxmin etmək çətindir. Hər halda yumşaq olası deyil. İkinci versiya: Paşinyan gedir, amma Putinlə təkbətək görüşmür, çünki Kremlin sözçüsü V. Peskov belə bir görüşün razılaşdırılmadığı barədə açıqlama verib. Belə olduqda da münasibətlərdə gərginlik davam edəcək. Üçüncüsü, Paşinyan gedir və Putinlə görüşür, hətta Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirilməsi də istisna deyil. Putinin hədəfi Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsini imzalatdırmaqdır və çox ehtimal ki, prezident seçkiləri öncəsi reallaşa bilər. Qeyd olunanlar mümkün variantlardan hesab oluna bilər. Amma, nəzərə alaq ki, Qərbin Paşinyan üzərində ciddi təsiri var və az ehtimalla olsa da, mümkündür ki, Rusiya səfəri öncəsi Qərbə səfər etmiş olsun və ya Qərbin vacib fiquru İrəvana gəlsin. Sankt Petrburq görüşündən əvvəl Moskvaya ayrıca səfər də mümkündür və Peskov bu barədə ehtimal kimi fikir bildirib.
Bu arada, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi О'Brayen sabah-dekabrın 6-da Azərbaycana gəlir. О'Brayenin səfərinə icazə almaq üçün şəxsən E.Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdiyini nəzərə alsaq, bu gəlişin də prosesə təsiri ola biləcəyini deyə bilərik. Maraqlıdır ki, ABŞ məmurunun Ermənistana səfəri nəzərdə tutulmayıb...
İlham İsmayıl