Ermənilər yeni müharibəyə hazırlaşır?

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması ilə bağlı çeşidli təxminlər səslənir. Siyasətçilər, avropalı "vasitəçilər", ekspertlər və xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın ətrafı sülh anlaşmasının ilin sonunadək imzalanacağını istisna etmədiklərini deyirlər.

Fəqət, sülh sənədlə və ya anlaşma ilə yox, sazişi reallaşdıran dövlətlərin rəsmi ərkanı ilə cəmiyyətinin öhdəliklərə tam əməl etməsi ilə bərqərar olur.

Ermənistan sülhə hazırdırmı və ya imzalayacağı sənədin şərtlərinə əməl edəcəkmi?

İkinci Qarabağ Müharibəsində kapitulyasiya edən, Xankəndindəki separatçı xuntanın mövcudluğuna son qoyulması faktı ilə razılaşmaq məcburiyyətində qalan Ermənistan bütün bunlara rəğmən, sürətlə silahlanmağa başlayıb.

Erməni cəmiyyətində revanşizm və qisasçılıq meylləri zəifləmək əvəzinə, daha da artır.

İrəvanda çıxan "Fakt" qəzekti isə yazır ki, Nikol Paşinyan hakimiyyəti "revanş" kəlməsinin cəmiyyətin lüğətindən çıxarılmasına çalışır.

Hakimiyyətdəki "Mülki Müqavilə" Partiyasının funksionerlərindən biri isə deyib: "Azərbaycanla imzalanacaq sülh müqaviləsi biz tərəfdən revanşın, qisasın olmayacağını ehtiva edir. Əgər revanş olacaqsa, hansı sülh müqaviləsindən danışa bilərik. Əgər Ermənistan revanşa hazırlaşdığını bəyan edərsə, bu, ölkəmizin sonuna aparacaq yol olacaq".

Ermənilərin dediklərinə görə, rəsmi Bakı İrəvandan tələb edib ki, revanşizmlə bağlı çağırışlara son qoyulsun, qisasçılığı təbliğ edərək yeni müharibə istəyənlərin "cavabı verilsin".

Rəsmi İrəvan bütün bunlarla bağlı dövlət səviyyəsində addımlar atmalıdır.

Paşinyan iqtidarı sülh istəyirsə, Ermənistandakı konkret adamlarla konkret qüvvələrin davranışları ilə çağırışlarına daha ciddi fikir verməlidir.

Orxan Hun






Fikirlər